7 bal gücündə zəlzələ: vətəndaşlar təşvişə düşdü » Memur.az

7 bal gücündə zəlzələ: vətəndaşlar təşvişə düşdü

7 bal gücündə zəlzələ: vətəndaşlar təşvişə düşdü

Ölkənin aran zonasında zəlzələ olub.

Bunu Trend-ə Yevlax sakinləri məlumat veriblər. Verilən məlumata görə, zəlzələ hiss olunub. Yerli sakinlər təşvişə düşüb.

Gələn məlumatlara görə, zəlzələnin təkanları Mingəçevirdə, İsmayıllıda, Ağcabədidə, Şirvanda, Şamaxıda, Göyçayda, Ağdaşda və başqa yaxın rayonlarda da hiss edilib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşı Tahir Məmmədov Oxu.Az-a bildirib ki, zəlzələnin olması ilə bağlı hazırda araşdırma aparılır.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ bu gün saat 09.49-da Şəki arazisində qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində 7 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 13 km olub. Dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Xatırladaq ki, bir neçə gün əvvəl də Şəkidə də zəlzələ olmuşdu.

***

“Report”un xəbərinə görə, Bakı, Gəncə, Mingəçevir şəhərlərində, Ağdam, Sabirabad rayonlarında, habelə ölkənin bir sıra rayonlarında təkanlar qeydə alınıb.
Təkanlarla bağlı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi məlumat yayacağı gözlənilir.

***

"Azərbaycan sesymik zonada yerləşir, ona görə bu cür zəlzələlərin baş verməsi təbii haldır". Bunu Trend-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib: “Buna güclü zəlzələ demək olar. Zəlzələnin episentri olan Şəki ərazisində zəlzələ 7 bala yaxın olub. Mingəçevir, Yevlax, Gəncə, Göyçay və digər bölgələrdə isə 5-6 bala yaxın hiss olunub. Dağıntılar barədə hələlik məlumat yoxdur”.

***

"Zəlzələ nəticəsində ölkə ərazisində hər hansı dağıntı və tələfatın olması haqqında hazırda heç bir məlumat yoxdur".
Bunu "Report"a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti şöbəsinin rəisi Oktay Bayramov bildirib.
O bildirib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi zəlzələdən sonra yaranmış durumu izləyir və vəziyyət nəzarətdədir.