Sülh küçəsi sakinlərinin yaşam davası - Onlar müasir həyatdan təcrid olunublar » Memur.az

Sülh küçəsi sakinlərinin yaşam davası - Onlar müasir həyatdan təcrid olunublar

Sülh küçəsi sakinlərinin yaşam davası - Onlar müasir həyatdan təcrid olunublar

Sumqayıtda Sülh küçəsində yaşayan 77 nəfər redaksiyamıza şikayət məktubu göndərib. Sakinlər yaşadıqları məhəllədəki dözülməz vəziyyətdən gileylənirlər. Onlar real durumu yerindəcə göstərmək üçün səlahiyyətli şəxsləri, eləcə də jurnalistləri məhəlləyə dəvət edirlər.

Sülh küçəsinin sakinləri yazır:

"Sumqayıtda hər yerdə tikinti işləri getdiyi halda, hər yer çiçəkləndiyi bir vaxtda bu məhəllə sakinləri ilə bərabər unudulub. Sanki nə Sumqayıta, nədə Sumqayıt İcra Hakimiyyətinə bir aidiyyatları var. Bu unudulmaq aşağıda yazacaqlarımdan daha dözülməz və ağrılıdır. Dövlətin qayğısını hiss etməmək necə də kədərli olurmuş...

Camaat öz hesabına 500 metr məsafədən evlərinə ucuz şlanqlarla su xətti çəkir, qaz xətti çəkir, sovet dövründən qalma yola çınqıl tökür, həyətlərində çuxur qazıb çirkli sularını ora axıdır və sair özfəaliyyətlərlə həyatda qalma savaşı verirlər.

500-dən artıq ailənin yaşadığı bu məhəllədə yol boyunca çəkilən çoxsaylı şlanqların hər gün biri partlayır və evlərimizin altında gölməçələr yaranır. Bu səbəbdən qonşular bir-birlərinə düşmən olublar, dəfələrlə polisə düşüblər. Halbuki bizim istəyimiz su xəttinin daha keyfiyyətli və yoğun boru ilə yerin dərinindən 500 metr məsafədə məhəllənin ortasına qədər çəkilməsidir. Buna görə sakinlər dəfələrlə Sumqayıtdakı su idarəsinə müraciət ediblər, lakin bir nəticə hasil olmayıb".

Sakinlər şikayətlərini davam etdirərək qeyd edirlər:

"Eyni zamanda hər kubmetrə görə 36 qəpik (30 qəpik su, 6 qəpik kanalizasiya üçün) ödəməyimizə baxmayaraq kanalzasiya xətti yoxdur. Hər kəs həyətində çuxur qazıb çirkli suyunu ora axıdır. Buda 21-ci əsr insanına yaraşmayan həyat tərzidir. Komfortlu yaşamaq qalsın bir yana, üfunət iyindən (xüsusilə yay aylarında) bu məhəllədə yaşamaq əzaba çevrilib. 500-dən çox ailənin yaşadığı bu məhəllədə bir dənədə olsun zibilqabı yoxdur. Hamı zibilini gecə ikən qonşusunun həyətinə tökür. Zibil yığan maşın sürücüləri isə yol olmadığını haqlı olaraq bəhanə gətirərək məhəlləyə girməkdən imtina edirlər.

Biz bilmirik hansı idarəyə aiddir, ama yazacaqlarımın heç biri bu məhəllədə yoxdur və olacağına ümidimizdə yoxdur. Məhəllədə uşaqların oynaya biləcəkləri meydança yoxdur, bağça yoxdur, məktəb yoxdur, poliklinika yoxdur, məscid yoxdur, xeyir-şər evi yoxdur, kanalzasiya yoxdur, zibilqabı yoxdur, yol yoxdur, yol olmadığı üçün marşurut da yoxdur, telefon xətti yoxdur, internet yoxdur, bunlar olmadığı üçün sabaha ümidimiz də yoxdur.

Bizim günahımız nədir? Niyə biz bu şəraitdə yaşamağa məcbur edilirik?