Bakının 5 rayonunun su təhlükəsizliyinə təhdid » Memur.az

Bakının 5 rayonunun su təhlükəsizliyinə təhdid

Bakının 5 rayonunun su təhlükəsizliyinə təhdid

Oqtay Əliyev: “Hakimin səhv qərarı Bakının yarısını iflic edə bilər...”
Bakı Apelyasiya Məhkəməsinin İnzibati İqtisad kollegiyasında hakim Rövşanə Vəliyevanın sədrliyi ilə Bakının Şərq hissəsinin - Nizami, Xətai, Səbayel, Suraxanı və Sabunçu rayonlarının içməli su təhlükəsizliyinə birbaşa aidiyyəti olan araşdırma gedir.

Hazırkı araşdırmaya səbəb olan iddia ilə “Azərsu” ASC çıxış edib.

ASC rəsmiləri Nizami rayonu, Çobanzadə küçəsi 45 ünvanında yerləşən və xüsusi dövlət mülkiyyəti olan torpaq sahəsinin üzərində aparılan tikintinin ləğv olunmasını istəyiblər. İşə 3-cü şəxs qismində “Buxar” Kollektiv Müəssisəsi və həmin xüsusi dövlət mülkiyyətində olan torpaq üzərində ev tikmiş Tamara Həmidova da qoşulublar.

“Buxar” Kollektiv Müəssisəsinin rəhbəri Oqtay Əliyev deyir ki, T.Həmidova 2003-cü ildən başlayaraq mübahisə obyekti olan ərazidə ev tikib, əsaslı tikinti aparıb. T.Həmodovaya tikdiyi evin altından Bakının yarısını su ilə təhciz edən yüksək təzyiq altında olan 1400 mm-lik və 1200 mm-lik magistral su kəmərlərin keçdiyi bildirilib. Lakin o, qanunsuz fəaliyyətindən geri çəkilməyib.

O.Əliyev deyir ki, T.Həmidova uzun illər Bakı Şəhər İcra Hakimiyyətində yüksək vəzifədə çalışıb. Vəzifəsindən istifadə edərək Çobanzadə küçəsi 45 ünvanına qanunsuz sənəd alıb: “İşin təhlükəli tərəfi budur ki, həmin sahənin faktiki və hüquqi sahibi Cəlal Həmidovdur. Bu şəxs Tamara Həmidovanın qardaşıdır. O, 1-ci qrup ruhi xəstədir. Əksər vaxtları 1 saylı Psixiatrik Xəstəxanada müalicə alır. Həmin şəxs magistral kəmərlərin üzərindəki evindən kəmərlərə müdaxilə edə, ora istənilən təhlükəli maddə tökə bilər. Bunun məsuliyyətini kim daşıyacaq? Adamın özü ruhi xəstədir və əməlinə görə məsuliyyət daşımır. Əgər faciə olacaqsa, bunun məsuliyyəti kimin üzərində qalacaq? Üstəlik bu adam orada ev tikəndən sonra 2-3 dəfə magistral kəmərlərə müdaxilə olunub, ərazini su basıb. Nəhayət orada tikilən ev ”Azərsu" ASC-nin iddiası ilə sökülüb. “Azərsu” haqlı olaraq bu iddianı qaldırıb. Təəssüf ki, bəzi qurumlar və məhkəmələrin hakimləri nəyə görəsə gələcəkdə baş verə beləcək təhlükəli olaylara yol açırlar".
O.Əliyev deyir ki, sözügedən magistral kəmərlərin üzərindəki əksər torpaq sahələrini müxtəlif şəxslərə şəxsən Tamara Həmidova vasitəsi ilə satılıb: “Bir neçə il əvvəl Çobanzadə küçəsində ət dükanı olan cərgədə belə bir hadisə oldu. Ət dükanının altından keçən magistral su kəməri partladı və bir neçə nəfər yaralandı. Bakının Şərq hissəsi günlərlə susuz qaldı. Çünki təmir briqadası həmin əraziyə girib təmir işi apara bilmirdi. O ərazini də camaata Tamara Həmidova satmışdı. Bu qadının adına şəhərin ən müxtəlif yerlərində onlarla torpaq sahəsi mövcuddur. Əgər araşdırma aparılsa, məlum olacaq ki, həmin torpaq sahələri də eyni üsullarla ələ keçirilib. Tamara Həmidovanın apardığı tikinti müəssisəmizin fəaliyyətini tam iflic edib. Ona bu barədə dəfələrlə demişik. Ona apardığı tikintinin faciəyə səbəb olacağını bizdən savayı Nizami Rayon İcra Hakimiyyəti, ”Azərsu" ASC, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən bildiriblər. Tamara Həmidova bunun əvəzində bu qurumların rəsmilərini və məni şərləməkdən çəkinməyib".

O.Əliyev deyir ki, bu günə qədər Çobanzadə küçəsi-45 ünvanında aparılan tikintinin qanunsuz olması ilə bağlı 30-dan çox məhkəmə iddiası olub. Həmin iddiaların əksəriyyəti təmin olunub: “Məhkəmələr həmin iddiaları Ədliyyə Nazirliyinin ekspertlərinin rəyinə, ”Azərsu" ASC-dən verilən texniki rəylərə və Çobanzadə küçəsi-45 ünvanına yerli baxış keçirməklə ərazidən 2 magistral su boru kəmərinin keçməsini təsdiqləməklə təmin edib. Buna baxmayaraq Tamara Həmidova həmin məhkəmələrin qətnamələrini icra etmək əvəzinə ərazidə 2 yeni tikilinin aparılmasına ciddi şəkildə hazırlıq işləri görür. Məni hədələyərək deyir ki, bu dəfə tikintini kəmərin və “Buxar” Kollektiv Müəssisəsinin ərazisində aparacaq. Bu adam illərdir ki, məhkəmələrin qətnamələrini icra etmir. Məndə belə rəy formalaşıb ki, o, bu qanunsuzluğu da edəcək".

O.Əliyev bildirir ki, hakim Rövşanə Vəliyeva yüzlərlə mötəbər sübuta əhəmiyyət verməyərək açıq-aşkar T.Həmidovanın qanunsuz əməlinə şərik çıxır: “Təsəvvür edin ki, hakimə məhkəmədə ərazidən Bakının yarısını su ilə təmin edən, yüksək təzyiq altında olan 2 magistral su kəmərinin keçməsi haqda ekspertizaların rəyini təqdim edirik. Bir kənara tullayır. Bunun əvəzində hakim əraziyə qanunsuz olaraq yerli baxış keçirir. Hakim özü şəxsən traktorçuya göstəriş verib yer qazdırır. Ekspertin səlahiyyətlərini mənimsəyərək ərazidə qazıntı işi aparır, boruların yerini müəyyən edir. Sonra da sual edir ki, bu boruların magistral su kəməri olması necə təsdiqlənir? Və boruların tikiləcək evə aidiyyatının olmadığı haqda fərziyə irəli sürür. Hakimə bir çox qurumların ərazidən 2 magistral su kəmərinin keçməsi haqda sənədlər təqdim edirik. Baxmır. Bu artıq hakimin mövqeyini açıq-aşkar göstərir. Hakimin səhv qərarı Bakının yarısını iflic edə bilər. Rövşanə Vəliyeva müvafiq dövlət qurumlarının rəyini şübhə altına alır və dəfələrlə məhkum edilmiş, hazırda barəsində cinayət təqibi olan şəxsin fikirlərini əsas götürür. Maraqlıdır niyə?”
O.Əliyevin vəkili Ceyhun Yusifov deyir ki, həmin torpaq sahələrinin ayrılması torpaq qanunvericiliyinə ziddir: “Nazirlər Kabinetinin 21 avqust 2003-ci il tarixli qərarında açıq şəkildə yazılıb. Kanallar, kollektorlar, magistral sunəqledici kəmərlər və tunellər su buraxma qabiliyyətindən asılı olaraq 10 metrdən 100 metrə qədər mühafizə zolağı təşkil edir. Çobanzadə 45 ünvanının tən ortasından keçən 2 magistral su kəmərinin mühafizə zolağı mövcud qərara əsasən 10-25 metr təşkil edir. Tamara Həmidovanın torpaq sahəsinin eni bir tərəfdə 3, digər tərəfdə 5 metrdir. Yəni istənilən tikinti işi kəmərin üzərində və bilavasitə mühafizə zolağında həyata keçirilməlidir. Bununla yanaşı həmin sahənin ayrılması cinayət məsuliyyəti də yaradır. Belə ki, Cinayət Məcəlləsinin 222-ci - mühafizə zolağında qanunsuz tikilinin aparılması, 188-ci - qanunsuz tikinti aparma və 314-2-ci maddəsinə əsasən cinayət məsuliyyəti yaradır. Ona görə də hakim Rövşanə Vəliyeva işə baxarkən bu normalara diqqət yetirsə, daha obyektiv nəticəyə gələ bilər”.

Qeyd edək ki, iş üzrə növbəti məhkəmə prosesi avqustun 26-na təyin olunub.

Mövzuya qayıdacağıq.