Jurnalistin valideynlərindən həkimlərlə bağlı İTTİHAM: “Rasimi əməliyyat edəndə o, artıq ölmüşdü” » Memur.az

Jurnalistin valideynlərindən həkimlərlə bağlı İTTİHAM: “Rasimi əməliyyat edəndə o, artıq ölmüşdü”

Jurnalistin valideynlərindən həkimlərlə bağlı İTTİHAM: “Rasimi əməliyyat edəndə o, artıq ölmüşdü”

Öldürülən jurnalist Rasim Əliyevin valideynləri qatillərin cəzalandırılmasını tələb edirlər. Övladlarına lazimi tibbi yardımı göstərməyən həkimlərin də məsuliyyətə cəlab olunmasını tələb edən valideynlər - Teyfurə Əliyeva və Məmmədəli Əliyev musavat.com-un müxbiri ilə söhbətində bildirdilər ki, Rasim Əliyevin ölümündə onu döyənlərlə yanaşı, həkimlərin də günahı var.

Jurnalistin valideynləri də bir neçə gün əvvəl istintaqa ifadə veriblər.

Rasim Əliyevin atası Məmmədəli Əliyev Səbael Rayon Prokurorluğuna dəvət edildiklərini və ifadə verdiklərini dedi. Teyfurə Əliyeva baş verən hadisədən əvvəldən sonadək xəbərdar olduğunu və bunların hamısını prokurorluq əməkdaşlarına danışdığını bildirdi.

T.Əliyeva oğlunun ölümündə günahkar olanların layiqli cəza almasını tələb edir: “Sonradan Cavid Hüseynovun yalan dediyi məlum oldu. Oğlumun döyülməsindən xəbərsiz olduğunu, həmin adamları tanımadığını deyirdi. Rasim Cavidlə danışanda evdə idi. Mənim yanımda danışdılar. Mən qorxurdum. Rasimə getmə dedim. Axı, belə namərdlik nəyə lazım idi? Axı, bir azərbaycanlını döymək, ondan bu dərəcədə qisas almaq nəyə lazım idi? Onun haqqında yazan tək Rasim idimi?”
Rasimin atası məsələnin ölkə başçısı səviyyəsində nəzarətə götürüldüyü üçün həbs olunan şəxslərin cəzasız qalmayacağına inandıqlarını dilə gətirdi: “Bunların hamısı layiqli cəzasını almalıdır. Bu, Rasimi geri qaytarmayacaq. Amma bir valideyn olaraq, az da olsa, təskinlik tapmaq üçün onların layiqli cəza almasını tələb edirik. Prezidentimiz bu məsələni nəzarətə götürüb. Hadisəyə layiqli hüquqi qiymət veriləcəyinə inanırıq”.

Rasimin həmin gün görüşə getməsini bir daha xatırlayan Teyfurə Əliyeva oğlunu geri qaytarmaq üçün çox çalışdığını lakin buna nail ola bilmədiyini dedi: “Cavidin Rasimin yazdıqlarından xəbəri olmayıb. Kimsə bu haqda Cavidə deyib. O da Rasimə zəng vurub, nə yazdığını soruşub. Cavidlə Rasim çox normal danışırdılar. Amma o biriləri Rasimi söyürdülər, təhdid edirdilər. Sonra Rasim bunları mənə gülə-gülə danışdı ki, bəs, belə bir hadisə olub. “Amma qaydasına qoyduq” dedi, “Gələcəklər, çay içəcəyik” dedi. Arxasınca çıxdım, amma gec idi. Görmədim, Rasimi... Neçə dəfə dedim ki, “Rasim qorxuram, getmə…” Rasim problemini bizə demirdi. Bir dəfə də Rasimi polis vurmuşdu. Bir aydan sonra xəbər tutduq. Heç o hadisəni də Rasimdən yox, əmisindən eşitdik”.
T.Əliyeva oğlunun ölümündə əsas günahkarın Cavid Hüseynov olduğunu deyir: “Cavid bu hərəkəti ilə Azərbaycanın adına ləkə gətirdi. Axı bu, nəyə lazım idi? Azərbaycana qarşı düşmənçilik edənlər bundan istifadə etdilər. Ramil Səfərov qəhrəmanlıq etdi, erməni öldürdü. Cavidi də qəhrəman kimi tanıdırdılar, amma tutduğu əmələ baxın. Rasim öləndə mənə deyirdilər ki, qatillər cəzasını alacaq. Deyirdim ki, bu Rasimi geri qaytarmayacaq. Kiminsə həbs edilməsi məni maraqlandırmırdı. Amma indi düşünürəm ki, bu haqsızlıq yerdə qalmamalıdır. Belə özbaşınalıq cəzasız qalmamalıdır. Rasimi necə aldatmaları, onu tələyə salmaları mənə çox pis təsir edir. Sonradan yalanlar danışaraq işi gizlətmək istədilər. Amma indi şükürlər olsun ki, ölkə başçısı da hadisəni nəzarətə götürdü. Rahatam ki, bu şəxslər layiqli cəzalarını alacaqlar”.

Jurnalistin valideynləri əsas günahkarlardan birinin də övladlarını müayinə edən hakimin olduğunu deyirlər.
T.Əliyeva xəstəxanada olarkən Rasimi müayinə edən həkimdən dəfələrlə xahiş etdiklərini, ondan lazım olan müayinələrin edilməsini istədiklərini söylədi. Lakin valideynlər deyirlər ki, həkim onları aldadıb: “Rasimi döyənlərlə yanaşı, həkimlər də cəzalandırılmalıdır. Biz həkimə yalvarırdıq ki, nəsə olmayıb? Həkim bizi aldatdı. Bizə ciddi problemin olmadığını dedi. Rasimə ağrıkəsici vurmuşdular. Rasim özü də ağrıları hiss etmirdi. Əgər Rasim çox ağrı hiss etsəydi, onu orada saxlamazdıq. Başqa yerə aparardıq. Ancaq Babək adlı həkim bizə dedi ki, dörd qabırğası qırılıb. Amma bu sınıqlar təhlükəli deyil. Babək həkim Rasimin yataq şəraitində qalmalı olduğunu dedi. Rasim xəstəxanaya gələndə palataya liftlə qalxdı. Rasim reanimasiyada olmalı idi. Nəzarətdə saxlanılmalı idi. Həkimlərə yalvarırdıq ki, nə lazımdırsa, edək. Ancaq dedilər ki, hər şey qaydasındadır. Gecə saat 11-dək Rasimə əlavə tibbi yardım göstərilmədi. Təxminən saat 11-də Babək həkim əməliyyata getdiyini dedi, amma qayıtmadı”.

Oğlunu xəstəxanada qoyub, evə qayıdan Teyfurə Əliyevaya gecə saat 1-də Babək həkim zəng edib. Həkim Rasimin vəziyyətinin qəflətən pisləşdiyini və əməliyyata aparıldığını deyib.
T.Əliyeva həmin anları belə xatırlayır: “Mən saat 11-də evə gəldim. Sonra yenidən qayıdacaqdım. Rasimlə evdən telefonla danışanda gecə saat 12 olardı. Atası ilə də danışırdı. Ciddi problem yox idi. Rasim Cavidin gəldiyini dedi, vəziyyətinin də əvvəlki kimi olduğunu dedi. Təxminəngecə saat 1 olardı, mənə zəng gəldi. Babək həkim idi. Dedi ki, oğlunuzun vəziyyəti ağırlaşıb, ağzından qan gəlir, əməliyyat edəcəyik. Dedim ki, necə ola bilər, axı? Dedi bilmirik, anidən oldu. Biz reanimasiyaya çatanda Rasim artıq can üstündə idi. Həkim dedi ki, dalağını çıxardıq, vəziyyəti də çox ağırdır. Daxili qanaxması olub. Əməliyyatı aparan Saday həkim mənə dedi ki, hər şey etmişik. Saday həkim Rasimin dalağının dağıldığını, ağciyərinin deşildiyini, daxili qanaxmanın olduğunu dedi. Dedik ki, axı siz bizə bunları əvvəlcədən niyə demədiniz, niyə əvvəlcədən müəyyən edə bilmədiniz? Babək həkim də orda idi. Dedim, necə olur ki, əvvəl başqa söz, indi baş söz deyirsiniz? Bəs bunlar necə həkimdir? Bunların vicdanı yoxdurmu? Bunların balası yoxdurmu?”

Rasimin atası oğlunu əməliyyat edən həkimdən çox, onu müayinə edən həkimin günahkar olduğunu və cazlandırılmasını istədiklərini söylədi: “Rasimin ölümündə həkim səhlənkarlığı yox, həkim cinayəti var. Rasim saatlarla xəstəxanada qaldı, amma onu düzgün müayinə edə bilmədilər. Biz xəstəxanaya gedəndə başqa mənzərə gözləyirdik. Dedik, bəlkə Rasimin vəziyyəti həddən artıq pisdir. Amma Rasimi görəndə özümüzə gəldik. Üzündə, bədənində xəsarətlər yox idi. Dedik, yəqin ki, yüngül zərbələr alıb. Biz ölüm ehtimalını ağlımıza belə, gətirmirdik. Əsas məsuliyyət Babək həkimin boynundadır. Əməliyyatı aparan həkim sadəcə, əməliyyat vaxtı gəlib. Amma o zamanadək müayinəni Babək həkim aparıb. Daxili orqanların zədələnməsini də o müəyyən etməli idi. Bu cinayətin səbəbkarlarından biri də Babək həkimdir”.

Rasim Əliyevin anası oğlunun əməliyyatı ilə bağlı da müəmmanın olduğunu düşünür. Çünki gecə saat 12 radələrində evdə olarkən Rasimlə telefonla danışıb. Bu zaman oğlunun vəziyyəti yaxşı olub. Amma gecə saat 1-dən sonra zəng edən Babək həkim T.Əliyevaya Rasimi əməliyyat etdiklərini, daha sonra isə əməliyyata apardıqlarını deyib. Valideynləri xəstəxanaya çatanda isə Rasim artıq əməliyyatdan çıxarılaraq, reanimasiyaya yerləşdirilmiş olub.
T.Əliyeva oğlunun belə bir qısa zaman ərzində əməliyyat olunmasını şübhəli hesab edir: “Məncə Rasimin vəziyyəti ağırlaşdıqdan sonra o, vəfat edib. Həkimlər də özlərini qorumaq üçün Rasimi sonradan əməliyyat ediblər. Çox qısa əməliyyat olub. Babək həkim dedi ki, əməliyyata aparırıq. Biz də taksi ilə xəstəxanaya gəldik. Amma Rasim artıq əməliyyat olunmuşdu. Hadisə necə baş veribsə, araşdırılmalı həkimlər də cəzalarını almalıdır”.

Qeyd edək ki, bu ğun Rasim Əliyevin vəfatının 7-ci günür. Və bu gün Rasim Əliyevin doğum günüdür. Əgər, o, yaşasaydı, 31 yaşını qeyd edəcəkdi. Rasim Əliyevin valideyləri və yaxınları bu gün onu məzarı başında ziyarət ediblər.

Xatırladaq ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişən jurnalist Rasim Əliyevi əməliyyat edən professor Saday Əliyev diaqnostik səhvə yol vermədiklərini demişdi. Professorun əməliyyatı saat 20:00-da etdiklərini deməsi isə fikirləri qarışdırmışdı.