Vətən müharibəsi qazisi Elşən Əlizadə: O, hələ də aramızdadır » Memur.az

Vətən müharibəsi qazisi Elşən Əlizadə: O, hələ də aramızdadır

Vətən müharibəsi qazisi Elşən Əlizadə: O, hələ də aramızdadır

Elə insanlar var ki, onlar haqqında keçmiş zamanda danışmaq çox çətindir. Çünki həmin insanları hər dəqiqə, hər an öz aramızda, öz sıralarımızda hiss edirik. Tovuzun vətənpərvər oğlu Elşən Sərdar oğlu Əlizadə də belə insanlardandır.

Elşəni çox yaxından tanıyırdım. Onunla 1990-ci ildə tanış olmuşdum. Ermənilər Dağlıq Qarabağda torpaqlarımıza qarşı ərazi iddiaları ilə çıxışlar edir, mitinqlər keçirir, Moskvadakı havadarları isə onlara dəstək olurdular. O vaxtkı rəhbərlik isə onlara qarşı heç bir konkret tədbir görmür, qətiyyətsizlik göstərirdi.

Bütün bunlar isə Azərbaycan xalqı tərəfindən qəzəblə qarşılanır, xalq ayağa qalxırdı. Bakı şəhərində olduğu kimi, bölgələrdə də əhali meydanlara axışır, öz etiraz səslərini ucaldırdı.

Tovuzda da belə aksiyalar tez-tez keçirilirdi. Belə tədbirlərdə Elşən Əlizadə də fəal iştirak edir, öz səsli çıxışları, savadlı danışıqları ilə hamının hörmətini qazanırdı. Elşən savadlı bir ziyalı idi.