Müxalifət və YAP-dan Yunuslarla bağlı hökmə reaksiya gəldi » Memur.az

Müxalifət və YAP-dan Yunuslarla bağlı hökmə reaksiya gəldi

Müxalifət və YAP-dan Yunuslarla bağlı hökmə reaksiya gəldi

Hüquqşünas Leyla Yunusun Avropadakı əmlakının müsadirəsinin mümkün olmadığını açıqladı
Avqustun 13-də hüquq müdafiəçiləri Leyla və Arif Yunusların məhkəməsi yekunlaşdı. Hakim Əfqan Hacıyevin sədrlik etdiyi məhkəmənin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Leyla Yunusun Bakıda və Avropada olan əmlaklarının müsadirə olunması da hökmə daxil edilib.

Yunuslara sürətli keçirilən məhkəmə prosesi və çıxarılan hökm hazırda ölkədə əsas gündəm mövzusudur. Bəzi iddialar var ki, tələsik aparılaraq yekunlaşdırılan məhkəmə prosesi Yunuslarla bağlı yaxın aylarda əfv fərmanının olacağı ehtimalını yaradır.

Leyla Yunusun və Arif Yunusun barəsində çıxarılan hökmə və qeyd olunan iddiaya siyasi partiyaların münasibətini öyrəndik.








Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirdi ki, Müsavat Partiyası bütün siyasi məhbuslar kimi Leyla Yunusun və Arif Yunusun həbsini əvvəlcədən absurd, heç bir fakta söykənməyən, heç bir əsası olmayan hadisə adlandırıb. Eləcə də onlar haqqında məhkəmənin təcili yekunlaşdırılaraq belə bir hökm çıxarılmasını absurd, siyasi sifarişlə çıxarılmış hökm hesab edir: “Təxminən 1 ilə yaxın aparılan istintaqın nəticəsi olaraq məhkəmənin bir neçə iclas keçirərək hökm çıxarması onu göstərir ki, bu qondarma işdir”. Məhkəmə prosesinin sürətli keçirilərək hökm elan olunmasının Yunusların yaxın aylarda əfv ediləcəyinə hazırlıq olduğu barədə iddialara gəlincə, Müsavat rəsmisi hesab edir ki, əgər belə bir plan varsa, o da Leyla və Arif Yunusun səhhətindəki problemlərlə əlaqədar ola bilər. Hakimiyyət daha böyük biabırçılıqdan çəkindiyi üçün onlar haqqında fərman verilə bilər. Mən istəyərəm ki, belə bir əfv olsun və hər ikisi azadlığa çıxsın. Amma bu hakimiyyətə inam qalmadığı üçün belə bir addımın atılacağına inam yoxdur".
KXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, Yunusların məhkəmə prosesinin tez bitməsi onların həbs olunması sifarişini verənlərin istəyidir: “Bu işin arxasında duranlar, onların həbsini sifariş verənlər məsələnin tez bitməsini və nöqtələnməsini istəyirlər. Bundan sonra da əfv və digər bu kimi məsələlər birbaşa siyasi iradədən asılıdır. Yəqin ki, seçki ərəfəsində və ya ilin sonuna doğru addımlar atılacaqsa, həmin şəxslərlə də bağlı atıla da bilər, atılmaması da istisna deyil”.
Yeni Azərbaycan Partiyasının şöbə müdiri, deputat Aydın Mizəzadə isə bildirdi ki, Leyla Yunusun və Arif Yunusun məhkəmə prosesi şəffaf və aşkarlıq şəraitində keçib, ittiham olunanlara qarşı faktlar ortaya qoyulub: “Cəmiyyət bu iki nəfərin Azərbaycan dövlətinə qarşı digər dövlətin xeyrinə casusluqda olduğunun, xaricdən böyük maliyyə vəsaitləri aldığının və onun Azərbaycan qanunvericiliyinin tələblərinə əməl etmədən vergidən yayındırıldığının, digər maliyyə fırıldaqlarının şahidi oldu. Məhkəmə ilə bağlı mediadan məlumatları oxuyurdum. Çox maraqlıdır ki, ittiham edilənlər ittihamın məzmunu üzrə cavab verməkdən qaçırdılar, onlar məsələni siyasiləşdirməyə, özlərinin siyasi fəaliyyətini qabağa verməyə və Azərbaycanı ittiham etməyə çalışırdılar. Ancaq nə səbəbdən Ermənistanın xeyrinə casusluq etdiklərini, nə səbəbdən milyonlarla vəsaitin heç bir məhdudiyyət olmadan axıdıldığını və o pulların hara xərcləndiyini izah etmirdilər, bu barədə suallara cavab vermirdilər. Çox maraqlıdır ki, onlara artıq ittiham elan ediləndə bir gecənin içində bunlara Fransa səfirliyi tərəfindən 5 illik viza verilir və onlar Azərbaycandan qaçmağa çalışır. Əgər doğrudan da onlar öz təqsirsizliklərinə inamlı idilərsə, qaçmalı deyildilər. Hesab edirəm ki, məhkəmədə ittihamlar təsdiq edildi və onlar törətdikləri əmələ görə cəzalarını aldılar. Hər bir kəs bilməlidir ki, Azərbaycan dövləti əleyhinə istənilən casusluq fəaliyyətinin qarşısı alınacaq. Hər bir kəs bilməlidir ki, onun apardığı maliyyə hesabları şəffaf olmalıdır, vergi ödəməlidir. Onların məhkəməni siyasiləşdirməyə çağırmalarının, özlərinin əzabkeş obrazını yaratmağa çalışmalarının isə heç bir əsası yoxdur. Bəzən Azərbaycan məhkəməsini gah prosesi uzatmaqda, gah da tez aparmaqda ittiham edirlər. Belə də isə işin araşdırmasından asılı olaraq məhkəmə prosesi müəyyən vaxt çəkir. O ki, Yunusların əfvi məsələsinə, cinayət törədən şəxs öz əməlini etiraf etdikdə və cəmiyyət üçün təhlükəsiz olduqda azadlığa buraxılır. Onlar isə hələ törətdikləri cinayətlərin qarşısında qısa müddətdən sonra əfvə ümid edirlərsə, hesab edirəm ki, onlar ölkədə cəzasızlıq mühitinin olmasını arzulayanlardandır”.
Leyla Yunusun Azərbaycan daxilində, Çexiya və Belçikadakı əmlaklarının müsadirə olunmasının mümkün olub-olmayacağına gəlincə, tanınmış hüquqşünas Müzəffər Baxışov “Yeni Müsavat”a açıqlamasında dedi ki, əslində məhkəmənin müsadirə qərarı qanunsuz və əsassızdır: “Tam əminliklə deyirəm ki, məhkəmə sifarişlə hökm verib. Leyla Yunusun Azərbaycanda olan əmlakını ola bilsin ki, hökmə əsaslanıb müsadirə edə biləcəklər. Amma Belçikada və Çexiyada olan əmlaklarını isə Azərbaycan hökuməti heç vaxt müsadirə edə bilməyəcək. Çünki demokratik Avropa ölkələrinin heç birində Azərbaycan məhkəmələrinin çıxardığı hökmlər ədalətli, qanuni sayılmır. Bu ölkələrdə bilirlər Azərbaycan məhkəmələri siyasi sifarişlə qərarlar çıxarılar, hökm verirlər.

Bu nöqteyi-nəzərdən Yunusların Avropadakı əmlakını Azərbaycan hökumətinin müsadirə etməsinə icazə veriləcəyi qeyri-mümkündür. Dünyanın əksər demokratik ölkələri, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi qəbul edilən, "Amnesty İnternational" tərəfindən vicdan məhbusu edilən şəxslərin barəsində çıxarılan əmlakı müsadirə etmək hökmünün Avropada icra olunmasına imkan verilməsi mümkün deyil. Azərbaycanın buna nail olması üçün hüquqi prosedur da mövcud deyil. Sadəcə ictimai şüura təsir etmək məqsədilə hökmə xaricdəki əmlakı müsadirə etmək də daxil edilib. Hökmün Avropa ölkələrindəki əmlaka aid olan hissəsinin icrası qeyri-mümkün olacaq. Bunun özü də məhkəmə hökmünün özünün fiksiya olmasını təsdiq edəcək".