Rauf Arifoğlunun əvəzinə Akif Aşırlı həbsdə yatdımı - fərq olaraq... » Memur.az

Rauf Arifoğlunun əvəzinə Akif Aşırlı həbsdə yatdımı - fərq olaraq...

Rauf Arifoğlunun əvəzinə Akif Aşırlı həbsdə yatdımı - fərq olaraq...

Yaxud məsum dialoq necə “məşum dialoq” olacaq...
Tam səmimiyazıram, hər hansı bir qəzetə, müəllifə müdafiə olunması heç bir arqumentlə mümkün olmayan mülahizəsini inadla müdafiə etməyi yaraşdırmıram.

Bu, “iki üstəgəl iki” məsələsidir, cavab “dörd”dürsə, ta niyə höcətləşək, mübahisə edək? Əgər cavabın “beş” olduğunu yazmısansa və kimsə sənin yanlışını düzəldibsə, bu səhvi ya səs-səmirsiz düzəltməlisən, ya da durub inad göstərməyin mənası yoxdur.

Olur, bizim yazılarda da səhv rəqəmlər, yanlış xatırlamalar, yanılmalar gedir, oxucu (yaxud əlaqədar şəxs) zəng edir, mesaj, şərh yazır, yanlışımızı göstərir, dərhal düzəldirik, hələ həmin şəxsə təşəkkür də bildiririk ki, nə yaxşı geniş oxucu kütləsi duyuq düşmədən səhvimizi düzəltdik, yanlışlığımızı cəmi 50-100-dən artıq adam görmədi. İldə onlarla belə hadisə olur.

Bu baxımdan “Azadlıq” qəzetinin təkrar çap etdiyi bir yazıdakı açıq-aşkar, bariz bir yanlışı “nə fərqi var” deyə müdafiə etməsi, onu düzəltməkdən imtina etməsi, durub hələ obyektivlikdən danışması qəribə görünür.

Söhbət “Hürriyyət” qəzetində müəllif yazısı ilə çıxış edən hörmətli yazıçı-publisistimiz Əlisa Nicatın “Rauf Arifoğlu yeni ampluasında” başlıqlı yazısında bilməyərəkdən buraxdığı yanlışdan gedir.

Yazının başlığı “Azadlıq” qəzetini idarə edənlərə xoş gəlib, “düşmənimin düşməni dostumdur” prinsipi ilə götürüb yanlışlıqlarıyla birgə dərc ediblər, indi də israrla müdafiə edirlər.

Qardaşlar, həmkarlar, “təmənnalı dostluq”a dair həmin dialoq prezident İlham Əliyevlə “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı arasında olub. Akif bəy bir söz deyib, prezident də yarızarafat-yarıciddi bir ifadə işlədib, söhbət bitib.
İndi necə yəni nə fərqi var?

Necə yəni “Əlisa Nicatın Akif Aşırlı ilə bağlı məqamı Raufun adı ilə təqdim etməsi yanlışlıq sayıla bilməz”?

Belə şey olarmı? Söhbət iki ayrı-ayrı şəxsdən, iki baş redaktordan gedir. A.Aşırlı ilə prezidentin arasında olan adi və hətta maraqlı dialoqa görə qınama, qısnama kampaniyasına R.Arifoğlunun hədəf olması yanlış deyilsə, onda gərək R.Arifoğlunun yerinə də ən azı bir dəfə həbsdə Akif Aşırlı yataydı.

Onların mövqeləri, fəaliyyətləri, dialoq və monoloqları arasında fərq olub ki, Akif Aşırlının başına belə bir iş gəlməyib. İndi olmazmı ki, hər kəs öz dialoquna, öz monoloquna cavabdeh olsun? Burda nə mübahisə predmet yoxdur axı.

Əksinə, bu, qərəz nümunəsidir. Belə çıxır ki, eyni dialoq Akif bəylə prezident arasında olubsa, bu bir səciyyə daşıyır, fikir vermək lazım deyil, sıradan bir şeydir, amma R.Arifoğlu ilə İlham Əliyev arasında olubsa, aha, vəziyyət fərqlidir, demək, onu yamanlamaq, aşağılamaq olar.
Daha dəqiqi, qınaq hədəfi olaraq dialoqun, söhbətin məzmunu seçilmir, vurğu dialoq tərəflərindən birinin kim olmasına salınır. O da ki, məlum olduğu kimi yanlış təsbitdir.

Obyektivlikdən danışan, obyektiv olmağa çalışan media qurumu bu yanlışını düzəldərdi. İndi ki bu qədər israr edirlər, düzəltməsələr də olar, bir şey deyil.

Amma bu iş belə qalmayacaq, əziz oxucular, bax, bunu burda yazıram, kəsin saxlayın, bir ildən, üç ildən sonra danışarıq.

Akif Aşırlı ilə İlham Əliyev arasında gedən o məsum dialoq “məşum dialoq” olaraq Rauf Arifoğlunun boynunda qalacaq. Bu yalanı, yanlışı o qədər təkrar edəcəklər ki, sonrakı nəsillər bilməyərəkdən Akif Aşırlının müəlliflik haqqını yeyərək söhbət iştirakçısı kimi “Yeni Müsavat”ın baş redaktorunun adını hallandıracaqlar.

Bu, ölkəmizdə yeni bir trend deyil. Bu ölkədə tanınmış siyasilərin demədikləri, yaxud da başqa cür dedikləri sözə zorla müəllif edilməsinin şahidi olmuşuq. Bu iş Əbülfəz Elçibəyin də başına gəlib, İsa Qəmbərin də, Arif Hacılının da, Pənah Hüseynin də, bir çox başqalarının da.
Ona görə də hər kəs necə istəyir, yazsın - absurd xarakter alana qədər.

Ancaq belə ifadələrə bəlkə də lüzum yoxdur: “Bəli, Əli Kərimlinin prinsipiallıq, ləyaqət, cəsarət, əyilməzlik medalı Rauf Arifoğlunun ürəyində sağalmaz yaradı. Əli Kərimli Rauf Arifoğluna ən müqəddəs dəyərləri xatırladan və bununla ona əzab verən nümunədi”. Birtəhər görünür – bir az pafoslu, bir az acıqlı… Nə ehtiyac var axı?

“Bizim nicat yerimiz, sizin qaçdığınız yerdə sona qədər qalmaq əzmimizdi” ifadəsinə gəlincə, başqa nə demək olar, Allah xeyrinizi versin, yolunuzu açıq eləsin, nəsibiniz uğur olsun, yarıyanlardan olun, heç vaxt “neynim, necə eləyim” deməyin, amma dönüb-dolaşıb bizim üstümüzə gəlməyin.