QIZLAR UNİVERSİTETİNİN REKTORU HƏBS EDİLƏ BİLƏR » Memur.az

QIZLAR UNİVERSİTETİNİN REKTORU HƏBS EDİLƏ BİLƏR

QIZLAR UNİVERSİTETİNİN REKTORU HƏBS EDİLƏ BİLƏR

Ağarəhim Rəhimovun qanunsuz əməllərindən prokurorluğa şikayət olundu
Ötən sayımızda məlumat vermişdik ki, Bakı Qızlar Universitetinin rektoru Ağarəhim Rəhimov özü haqqında “Alma” qəzetində gedən yazıya görə 4-cü kursdan bir qrup tələbəni universitetdən kənarlaşdırıb. Bu haqda “Yeni Müsavat”a tələbələrdən birinin valideyni İsmət Məmmədli məlumat vermişdi. Dünən isə rektor qəzetimizdə gedən yazını görən kimi dərhal narazı valideynlərə telefon açaraq onlarla görüşmək istədiyini bildirib.
Valideynlər də sevincli halda gediblər ki, Ağarəhim müəllim etdiklərindən peşman olub yəqin.
Ancaq A.Rəhimov əvvəlkindən də əsəbi halda onları qarşılayıb. Və yenə də valideynləri tənqid və təhqir atəşinə tutub: “Qəzetdə gedən məlumatlara görə öz kəskin etirazını bildirdi. Mən də ona bildirdim ki, niyə qızları təhqir edirsiz?! Dedi ki, mən tək sizin qızınıza demirəm ki, ümumi deyirəm. Biz öz övladlarımızı bu məktəbə etibar edirik. Bu da gəlib ağzına gələni qızlara deyir. O insanın qızlara dediyi ən yumşaq söz "tərbiyəsizlər və əxlaqsızlar" kəlməsidir. Axı bu universitet rəhbərinə yaraşmayan bir ifadələrdir".
Valideyinlər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Təhsil Naziri Misir Mərdanova və Respublika Prokurorluğuna şikayət ərizəsi ilə müraciət ediblər. İ.Məmmədli bu özbaşınalığın qarşısının alınacağına ümid etdiyini bildirdi: “Rektor dedi ki, get hara şikayət edirsən et, heç vecimə də deyil. Heç kəs mənə bir kəlmə söz deyə bilməz. Üstəlik şantaja əl atdı; "Yeni Müsavat" qəzetinə şikayət etdiyim üçün məni hökumətə xəyanətdə günahlandırdı. Bu qəzetə ona görə şikayət edirik ki, hökumətdə işləyən hər bir məmur “Yeni Müsavat”ı oxuyur. Və onlar bizim problemlərimiz haqqında məlumatlı olurlar".
Qızlar Universitetindəki problem təkcə bununla bitmir. Belə ki dünən redaksiyamıza müraciət edən valideynlər universitetdə təhsil haqqının qaldırılması ilə bağlı narazılıqlarını bildirdilər: Onlardan biri olan Afaq xanım qəzet vasitəsi ilə Təhsil Nazirliyinə sual ünvanladı: “Bütün valideynlərin adından xahiş edirəm, Təhsil Nazirliyindən bir sualımıza cavab alın. Əgər 1-ci kursda müqavilə 700 dollara bağlanıbsa rektorun ixtiyarı varmı istədiyi vaxt təhsil haqqını 1000 manata qaldırsın? Həm də biz dollarla müqavilə imzalamışıq. Dollar ucuzlaşdıqdan sonra o iddia etdi ki, yox, manatla verin. Biz bu qədər ödəniş etmişik. İndi bu məbləği ödəməyə gücümüz çatmır. Biz bunun qanuni olub-olmadığını öyrənmək istəyirik”.
Afaq xanım rektorun tez-tez qızları yığaraq onları təhqir etdiyini dedi: “Valideynləri məktəbə çağırıb uşaqlar haqqında təhqiramiz sözlər deyir. Olmaz axı belə, orada oxuyanlar qız uşaqlarıdır. Bir qızdan ötrü bütün valideyni yığıb orada oxuyan bütün qızları təhqir etməyə onun hüququ yoxdur. Kimsə də durub etirazını bildirəndə onun uşağını imtahandan kəsir. Biz orada haqqımızı deyə bilmirik. Kim haqqını deyirsə vurulur. Ümumiyyətlə orada problemlər çoxdur. Onsuz da düzələsi deyil”.
Təhsil Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Bayram Hüseynzadə bildirdi ki, əgər belə hal baş veribsə valideynlər rəsmi şəkildə nazirliyə müraciət etsinlər.
B.Hüseynzadə valideynlərin təhsil haqqı ilə bağlı ünvanladığı sualı da cavablandırdı: “Əgər birinci kursda müqavilə imzalanıbsa o, həm tələbənin, həm də universitet rəhbərliyinin qarşısına qoyulan öhdəlikdir. Müqavilə birillikdirsə, şübhəsiz ikinci il təhsil haqqı dəyişdirilə bilər. Ancaq müqavilə 4 və ya 5 ilik yazılıbsa heç kəsin o müqaviləni pozmağa hüququ yoxdur. Həmin müqavilənin bir surəti tələbədə qalır, digər surəti universitetdə. Belə halda istənilən tələbə məhkəməyə müraciət edib, məhkəməni uda bilər”.
Redaksiya olaraq iki məsələyə münasibət bildirməyi lazım bilirik. Birincisi, hörmətli Ağarəhim Rəhimov “Yeni Müsavat” qəzetinə şikayət etməyi hökumətə xəyanət saymaqda ciddi səhvə yol verir. Dövlət və vətən qaşısında ən böyük xəyanət millətin balalarını hələ parta arxasında rüşvətə, qorxuya və yalana alışdırmaqdır. Bizim qəzetin səhifələri bütün vətəndaşların üzünə açıqdır. Hamı burada öz problemini işıqlandıra bilər. Hətta sabah söyüşcül rektor kimi ad qazanan Ağarəhim müəllim də “Yeni Müsavat”a müraciət etsə onun mövqeyini məmnuniyyətlə çap etməyə hazırıq.
İkincisi, Azərbaycan Respublikasının qanunvericiliyinə görə, ölkə ərazisində pul tədavülü yalnız və yalnız milli valyuta ilə aparılır. Bunun əksi cinayət məsuliyyəti yaradır. Əgər deyilənlər doğrudursa, yəni Qızlar Universitetinin rektoru həqiqətən də vətəndaşlarla bağladığı müqavilənin pulunu xarici valyuta ilə alıbsa və bu fakt təsdiqini taparsa cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu, artıq hüquq-mühafizə orqanlarının işidir. Çalışıb həmin müqavilələrin surətini çap edəcəyik. Ona görə də valideynlərdən xahiş edirik ki, kimin əlində həmin müqavilə varsa redaksiyaya təqdim etsin.
Qızlar Universitetindəki neqativ hallarla bağlı, həmçinin rektor Ağarəhim Rəhimovun qanunsuz əməlləri barədə araşdırmalarımız davam edir. Növbəti saylarımızda mövzunu davam etdirəcəyik.