Bəzi nazir və icra başçılarının azğınlaşmış rəis oğulları niyə cəzalandırılmır? » Memur.az

Bəzi nazir və icra başçılarının azğınlaşmış rəis oğulları niyə cəzalandırılmır?

Bəzi nazir və icra başçılarının azğınlaşmış rəis oğulları niyə cəzalandırılmır?


Bu cür ədalətsizliklər cəmiyyətdə haqlı çaşqınlığa səbəb olur...
Ölkədə ayaq açan məmur özbaşınalığı, kəsərli tədbirlər görülməsə dövlət idarəçiliyində arzuolunmaz problemlər yarada bilər. Buda dünyanın hərtərəfli inkişaf etmiş dövlətləri sırasında mövqelərini möhkəmləndirməkdə olan Azərbaycan üçün çox ciddi və sarsıdıcı bir zərbə demək olardı.

Bu baxımdan, ölkə prezidentinin işinin öhdəsindən yetərincə gələ bilməyən, şəxsi mənafeyini güdən məmurları və onların qudurğan övladlarını tez-tez kəskin tənqid atəşinə tutması, belə hallara yol verən şəxslərin kimliyindən asılı olmayaraq cəzalandırılacağı anonsunu verməsi təbii haldır. Axı, hər bir yüksək vəzifəli məmur dövləti təmsil edir. Ona görə də, vəzifəli şəxs hər vasitə ilə özünün, dolayısı ilə dövlətin işgüzar və sağlam imicinin qayğısına qalmağa borcludur. Bu gün Azərbaycanın idarəçilik mühitində oturaqlaşmış, gələcəyimizin təbii axarına süni maneələr törədən, sadə vətəndaşlara, bir sözlə, bütün cəmiyyətə öz qeyri-adekvat davranışları ilə ətalət təbliğ edən gör nə qədər məmur var. Düzdür, onların xeyli hissəsi ölkə başçısının zaman-zaman sərgilədiyi sərt mesajlardan nəticə çıxarıb. Lakin elələri də var ki, nəinki nəticə çıxarmaq, heç öz səhvlərini etiraf etmək belə istəmirlər. Belə məmurlara yaşıl işıq yandıranlar ilk növbədə məsuliyyətə cəlb edilməlidir. Əks təqdirdə komandada normal işləmək, xalqa öz vəzifəsində xidmət göstərmək şərəfindən məhrum ediləcəklər. Bu baxımdan, düşünürük ki, azğın məmurlara qarşı start verilmiş mübarizəyə yetərli sosial sifariş var. Ölkə mediasında mütəmadi olaraq yer alan kəskin tənqidi yazılardan da nəticə çıxarmağın vaxtı çatıb. Baxın, qudurğan məmur övladları hansı oyunlardan çıxır. Bunlar üçün sadə insanları alçaltmaq, basıb əzmək adi bir hal hesab olunur. Bu azğınlar indi də dövlət orqanlarına, xüsusən də qanunçuluğun keşiyində dayanan əməkdaşlara qarşı əzələ nümayiş etdirir. Günün günorta çağı paytaxtımızda, olsun ki, digər iri şəhərlərimizdə baş verən cinayət hadisələri, ayrı-ayrı məmur övladlarının iştirak etdiyi silahlı insidentlər ötən əsrin əvvəllərində Bakını lərzəyə gətirən "qoçu döyüşləri"nin zamanla transferinə bənzəmirmi? "Avtoşluq"la bahalı "inomarkaların" birindən düşüb o birinə minən, gənc qızların əhrimənı rolunda əsil-nəcabətinin belə işlətmədiyi min cür "günah" oyunlarından çıxan harın rəis balalarının həyasızlığı elə bunlarla məhdudlaşmış olsaydı, dərd yarıydı. İndi elə bir vəziyyət yaranıb ki, belə cinayətlər məmur övladları üçün adi bir şey sayılır. Mən bu gəncləri qınamıram. Onları düzgün tərbiyə etməyənlər, əxlaqsız davranışlarına sədd çəkməyənlər, pul, var-dövlət və sərvət bolluğunda əzizləyərək ərköyünləşdirənlər qınaq obyektinə çevrilməlidir. Paytaxtımızı artıq başına götürmüş belə müdhiş mənzərələri seyr etdikdə, adamın az qala ağlı başından çıxır. Doğrudanmı bizim cəmiyyətimizdə belə qudurğanların qarşısına bir daş diyirlədən tapılmır? Niyə də tapılsın? Axı, zəmanəmizin yeni formalaşmış fəlsəfəsinə görə pullu adamların günahı bəzən qanun keşikçiləri tərəfindən bağışlanır. Siz də xatırlayın, o gün "qalenvagenlə" adam vurub öldürən rəis oğlu indi haradadır? Əlbəttə ki, türmədə deyil. "Papası" bir müddətə gədəni xaricə göndərib. Ara sakitləşdikdən sonra qayıdacaq. Bəs bu məmura nə olub, sanki "qayişniklərin" əlindən zəncir çeynəyir? Sən demə, hərəkətin təhlükəsizliyi qaydalarını pozduğuna görə bu məmurun oğlunu yol polisi saxlayıb cərimələyib. Nəticədə isə, yol polisinin özünü günahkar çıxardılar. Bütün bunlar demək olar ki, gündəlik həyatda rast gəldiyimiz hadisələrdəndir. Bir fərqlə ki, bu hadisələrin "qəhrəmanları" lap amerikan kinolarındakı kimi, məğlubiyyətin, cəzanın nə olduğunu bilmirlər. Bir məqamı da nəzərdən qaçırmayaq. Fikir verin, görün ölkədə nə qədər nazir və nə qədər icra başçısı var. Bu nazirlərin və icra başçılarının görün, nə qədər rəis oğulları var.

Başa düşmək olmur, doğrudanmı, rəislik bu oğulların anadangəlmə alnına yazılıb? Bu rəislərin hərəsinin arxasında onillikərin sərvət sınağında təbii ki, "bişmiş" bir məmur qüdrəti dayanıb. Axtarsan, bəzi nazir və icra başçılarının rəis balaları tutduğu vəzifənin funksiyasından belə bixəbərdir. Bəzilərinin isə normal protokol tərtibatından belə anlayışı yoxdur. Bunlar dövlət və dövlətçilik qarşısında hansı xidmət göstərə biləcəklər. Rəis ki, vəzifə pillələrində xidmətin nə olduğunu bilmədi, sınaqlardan, bərkdən-boşdan çıxmadı, ondan vəzifəyə adekvat kadr çıxa bilməz. Bu nazir və başçıların oğullarının isə payına rəislik göydəndüşmə bir "lotereya" bileti, ya da "papa", nə bilim, "dayı" hədiyyəsi rolunu oynayır. Xeyr, əzizim. Belə getməz. Dövlət məmuru vəzifə pilləsində bişməli, təcrübə qazanmalıdır. Axı bu ölkənin sahibi var. İlk baxışdan "yaman günün yarağı" rolunu oynayan belə rəisləri vəzifə kreslosunda oturmağın yalnız bir məqsədə-uşaqdır qoy öyrənsin qənaətinə gəlmək olar. Haqqın mizan-tərəzisi də bunların qüdrətinə "bəçeşm" deməkdədir...Təəssüf ki, bu cür ədalətsizliklər cəmiyyətin sıravi üzvlərində də bir haqlı çaşqınlığa səbəb olur. Bir sözlə mən nəyisə bilirəm ki, bu məsələni yazıram. Nazirlərin və icra başçılarının rəisləşmiş övladlarını qanunçuluğu ayaqlamağa, əxlaqsızlıq və mədəniyyətsizliyə, özbaşınalığa təhrik edən amillər aradan qaldırıldıqca, xalqına qənim kəsilmiş məmurlar, eynən də azğınlaşmış rəislər zamanın axarında sovrulub gedəcəklər. Ən əsası odur ki, belə bir mübarizə üçün artıq ən yüksək dövlət səviyyəsində zəmin hazırlanıb... Gələn sayımızda nazir və icra başçılarının rəis oğulları barədə silsilə yazılarımızı gözləyin. Onlardan hansının yanında mütəxəssis gəzdirdiyi, hansınınsa öz ana dilində belə yazı qaydalarını bilmədiyi hamıya bəlli olacaq. Bizi izləyin...


Fəaliyyət Qurbanov