Heydər Əliyev prospektində bərbad küçə - FOTOLAR » Memur.az

Heydər Əliyev prospektində bərbad küçə - FOTOLAR

Heydər Əliyev prospektində bərbad küçə - FOTOLAR

Goranboy rayonun mərkəzində, Heydər Əliyev prospektində (köhnə univermağın arxasında) eks-prezidentin adını daşıyan küçə bərbad vəziyyətdədir.

Bu barədə Arqument.az-a sakinlər məlumat veriblər.

Küçə sakinləri onları narahat edən problemlərin həll olunmamasından şikayətçidirlər. Belə ki, rayonun mərkəzində yerləşən bu küçəyə illərdir asfalt çəkilmir. Küçə sakinləri küçəyə açılan sahibkar obyektlərinin uçmuş barısı, səs-küy yuvası olan çayxana, uçmaq təhlükəsi olan işıq dirəkləri arasında yaşamaq məcburiyyətindədirlər. Həmin küçədə 4 ailə yaşayır. Eyni zamanda bu küçədən keçən başqa rayon sakinləri də var.

Goranboy Rayon İcra Hakimiyyətinə dəfələrlə küçədəki vəziyyət haqqında məlumat verilsə də, heç bir tədbir görülməyib. Sakinlərin dediyinə görə, küçənin yolu elə vəziyyətdədir ki, təcili tibbi yardım maşını və yanğın söndürən maşın daxil ola bilmir. Eyni zamanda, İlham adlı yerli sahibkarların əhalini narahat edən çayxanası barədə dəfələrlə İcra Hakimiyyətinə məktub ünvanlansa da, hər dəfə verilən sözlərin heç birinə əməl olunmayıb.

Küçənin sakinlərindən olan Səmədova Sahibə və Dadaşova Səyyarə şikayətlərinə baxılmadığını qeyd ediblər: "Mərhum prezidentin adını daşıyan bu küçənin vəziyyəti barədə tədbir görüləcəyi günü gözləyirik. Bizim evimizdə uşaq, qadın var. Biz həm də normal yaşaya bilmirik. Belə ki, evimizin yanında yerləşən çayxananın yaratdığı səs-küy bizi təngə gətirib. Bu hansı qanunda yazılıb ki, yaşayış olan yerin 10 metr qarşısında çayxana-pivəxana fəaliyyət göstərsin?! Nəyə görə biz sakit və abadlaşdırlmış küçədə yaşamırıq”?

Sakinlər media vasitəsi ilə prezident İlham Əliyevdən səslərinə səs verilməsini gözləyirlər. Onlar eks-prezident H. Əliyevin adını daşıyan küçəni asfaltlı, abad, səliqəli və əhalinin rahatlığı üçün çayxanasız bir yer olmasını istəyirlər.

Sakinlərin sözlərinə görə, küçə o qədər bərbad haldadır ki, yağışlı havalarda keçmək də mümkün olumur, rayon icra hakimiyyətinin başçısı isə dəfələrlə edilən müraciətləri cavabsız qoyub.

Qeyd edək ki, redaksiyamıza müraciət ünvanlayan küçə sakinləri bunlardır: Allahverdiyeva Qiyafət, Səmədova Sahibə Cəmil qızı, Dadaşova Səyyarə Alış qızı, Adıgözəl Elvin Zöhrab oğlu, Orucov Nazim Hüseyn oğlu, Allahverdiyev Elburus oğlu, Hüseynova Təranə.

Problemlə bağlı İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, heç bir açıqlama ala bilmədik. Şikayətlə bağlı aidiyyəti qurumları da dinləməyə hazırıq.