Beynəlxalq Bank imicini bərpa edə biləcəkmi... » Memur.az

Beynəlxalq Bank imicini bərpa edə biləcəkmi...

Beynəlxalq Bank imicini bərpa edə biləcəkmi...

Iqtisadçı ekspert bankın problemlərinin həlli yollarını göstərdi


Beynəlxalq Bankda illərlə üst-üstə yığılan problemli kreditlər nəhayətdə bu ilin əvvəlində bankı kritik duruma saldı. Nəticədə martın 18-də Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev tutduğu postdan uzaqlaşdırıldı. İyulun 22-də Beynəlxalq Bankın Müşahidə Şurasının iclasında İdarə Heyətinə sədr seçilməsi və İdarə Heyətinin üzvlərinin təyin edilməsi məsələsi müzakirə edildi. Elmar Məmmədov İdarə Heyətinə sədr seçildi.

Hazırda aktual olan sual atılan addımlara rəğmən bankın dirçəlməsi ilə bağlıdır. Beynəlxalq Bankı dirçəltmək mümkün olacaqmı?


İqtisad ekspert Qadir İbrahimli deyir ki, Beynəlxalq Bankın dirçəlməsi prosesi problemli kreditlərin idarə olunmasından asılıdır: “Beynəlxalq Bankın 6 milyard problemli krediti var. Bu, çox böyük rəqəmdir. Əgər həmin kreditləri bərpa edə bilsələr, banka əlavə maliyyə resursları cəlb olunsa Beynəlxalq Bank əvvəlki imicini, statusunu bərpa edə bilər”.

İqtisadçı ekspert deyir ki, Beynəlxalq Bankın hazırkı durumu son dərəcə ağırdır: “Yeni rəhbərliyə qalan miras neqativdir. Bankın dirçəldilməsi üçün ilk növbədə əlavə maliyyə resursları cəlb olunmalıdır. İndiki durumda investorları banka maliyyə yatırmağa cəlb etmək çox böyük səylər, bacarıq tələb edir. Problemli kreditlərin bərpası da çox qəliz məsələdir. Məsələnin məhkəmə qaydasında - mülki mübahisə şəklində həll edilməsi demək olar ki, sıfıra bərabərdir. Hüquq-mühafizə orqanlarının müdaxiləsi olmadan hətta bu mümkünsüzdür. Çünki bankdan borc alan bir çox iş adamı elə hesab edib ki, həmin kreditləri bir müddət ödəmədikdən sonra borcları ümumiyyətlə silinəcək.

Ona görə də həmin kreditlər təyinatı üzrə xərclənməyib, ayrı-ayrı adamların adına daşınmaz əmlak alınmasına yönəldilib. Belə bir vəziyyətdə hüquq-mühafizə orqanlarının müdaxiləsi labüddür. Yalnız bu yolla bankın problemli kreditlərinin bərpasından sonra inkişafından, dirçəlməsindən danışmaq olacaq”.
Q.İbrahimli Beynəlxalq Bankın dövlətə aid payının satışa çıxarılmasını da hazırkı durumda uyğun addım sayır: “Özəlləşdirmənin missiyalarından biri də kritik vəziyyətdə olan müəssisələrə yeni sahiblər tapmaqla investisiyaların cəlb olunmasıdır. Beynəlxalq Bankın durumu kritik olduğundan onun özəlləşməyə çıxarılması da təbii idi. Hazırda bankın özəlləşdirilməsi, yeni investorların cəlbi kursu götürülüb. Bank investisiya müsabiqəsi yolu ilə özəlləşdiriləcək. Səhmlər açıq şəkildə satılmayacaq. Yəni daha çox problemləri həll edən, bankı düşdüyü durumdan çıxara bilən investor müsabiqənin qalibi olacaq. Ancaq özəlləşdirməyə qədər bir çox məsələlər öz həllini tapmalıdır. Müəyyən addımlar atılmalıdır ki, bank kritik durumdan çıxsın”.

Q.İbrahimli Beynəlxalq Bankın İdarə Heyətinə sədr gətirilən Elmar Məmmədovun fəaliyyətinə görəcəyi işlərə görə qiymət verilməsinin düzgün olduğunu söylədi: “Elmar Məmmədovun bank idarəetməsində təcrübəsi var, özünü menecer kimi təsdiqləyib. Ancaq Beynəlxalq Bankdakı problemlər kifayət qədər çoxdur. Yeni sədr kimi ona tapşırılan işin öhdəsindən gəlib-gəlməməsi isə yaxın zamanlarda bilinəcək”.

Beynəlxalq Bankın yeni rəhbəri 1969-cu ildə doğulub, ixtisasca iqtisadçı və hüquqşünasdır. 1995-2004-cü illərdə Beynəlxalq Bankın Əməliyyat İdarəsinin rəisi, Səbayel filialının rəhbəri işləyib. Daha sonra fəaliyyətini “Kapital Bank”da davam etdirən E.Məmmədov 2005-ci ildən bankı sədr müavini, 2009-cu ildən isə sədri işləyib. Ötən il dekabrın 14-də “Azər-Türk Bank” ASC-nin səhmdarlarının ümumi yığıncağında bankın İdarə Heyətinin sədri olub. Elmar Məmmədov “Azərsığorta” Dövlət Şirkətinin rəhbəri Məmməd Məmmədovun oğludur.