Bəzi nazirlər, komitə sədrləri və icra başçıları cəzalandırılacaq » Memur.az

Bəzi nazirlər, komitə sədrləri və icra başçıları cəzalandırılacaq

Bəzi nazirlər, komitə sədrləri və icra başçıları cəzalandırılacaq


Ölkə başçısının Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda tutarlı arqumentlərlə, Azərbaycan Hava Yolları (AZAL), eləcə də Mədəniyyət və Turizm Nazirliyi başda olmaqla, bir sıra strukturları və onların rəhbər şəxslərini kəskin şəkildə tənqid etməsi belə deməyə əsas verir ki, yaxın vaxtlarda köklü kadr islahatına imza atıla bilər. Qeyd edək ki, sözügedən iclasda dövlət başçısı çox sərt danışıb. O, iclasda bir çox məsələlərlə bağlı problemləri sadalayıb və onların həll edilməsi üçün aidiyyəti üzrə tapşırıqlarını verib. Ölkə başçısı xüsusi olaraq vurğulayıb ki, vəzifə səhlənkarlığına yol verən şəxslər ən ağır formada cəzalandırılacaqlar. Şübhəsiz, prezident daim bu cür önəmli məsələləri diqqət mərkəzində saxlayır və hər zaman məmurları xalqa layiqli şəkildə xidmət etməyə çağırıb. Məsələn, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda "Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb" deyən ölkə başçısı onun etimadını doğrultmayan məmurları tutduğu postlardan kənarlaşdıracağını bəyan edib. Budur, artıq bunun ilkin işartıları görünməkdədir. Belə ki, əldə etdiyimiz bilgilərə görə, yaxın vaxtlarda bir neçə məmur öz vəzifəsi ilə vidalaşmalı olacaq. Bildirilir ki, postlarını itirəcək məmurlar arasında nazirlər, komitə sədrləri və icra başçıları da var. Qeyd olunur ki, Prezident Administrasiyasının məsul şəxsləri tərəfindən hazırlanmış siyahı artıq ölkə başçısının təqdimatına verilib və məsələ ilə bağlı tezliklə müvafiq sərəncam veriləcək. Bununla bağlı redaksiyamızı məlumatlandıran mənbənin sözlərinə görə, işdən kənarlaşdırılacaq məmurlar sırasında "Azəriqaz" İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyev də var. Bu, inandırıcı görünə bilər. Çünki kənardan aparılan müşahidələr "Azəriqaz" daxilində hər şeyin qaydasında olduğuna dair təsəvvürlər yaratsa da, gerçək vəziyyət təsəvvürlərlə heç də üst-üstə düşmür. Belə ki, bu gün "Azəriqaz"ın yetkili şəxsləri arasında çəkişmələr o həddə qədər yüksəlib ki, bunu bəlkə də düşmənçilik münasibətləri kimi də xarakterizə etmək olar. Bunun fonunda Əkbər Hacıyev uzun müddətdir ki, yuxarıların tutarlı tənqid hədəfinə tuş gəlib. Odur ki, ehtimal etmək olar ki, artıq "Azəriqaz" rəhbərinin istefaya göndərilməsi ilə bağlı müvafiq razılığa gəlinib. Beləliklə, artıq onun vəziyyəti bir qədər qəlizləşib. Əkbər Hacıyev ilə bağlı digər bir məlumatda isə qeyd olunur ki, onun vəzifəsindən kənarlaşdırılmasını şərtləndirən başqa bir səbəb isə "Azəriqaz"da yeyinti faktının olması və bəzi kadrların səriştəsiz fəaliyyətidir. Bildiyiniz kimi, dəfələrlə belə bir fikir səsləndirilib ki, yaxın müddətdə Nazirlər Kabineti üzvlərindən bir neçəsi postlarından uzaqlaşdırılacaq. Lakin nədənsə son günlər bu barədə daha çox danışmağa başlayıblar. İstefaya göndəriləcək məmurların sırasında əsasən, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, AZAL Dövlət Konserninin prezidenti Cahangir Əsgərovun, kənd təsərrüfatı naziri Heydər Əsədovun, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərovun və Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun adı hallanır. Bundan başqa, bir sıra rayonların icra başçılarının da tutduqları postla vidalaşacağı barədə informasiya yayılıb. Belə ki, mövzu ilə bağlı redaksiyamızı bilgiləndirən məlumatlı şəxs iddia edir ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev yuxarıda adıçəkilən nazir, komitə sədrləri kimi yol verdikləri nöqsanlara görə cəzalandırılacaqlar. Onları isə bir qədər gənc, çevik, həmçinin Avropada təhsil almış şəxslər əvəzləyəcək.

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.



Sərxan Məlikbəyli