Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində Birgə Kommünike qəbul edilib » Memur.az

Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində Birgə Kommünike qəbul edilib

Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində Birgə Kommünike qəbul edilibNizami Gəncəvi Beynəlxalq Forumu (NGBF) çərçivəsində Birgə Kommünike qəbul edilib.

Oxu.Az-ın məlumatına görə, imzalanan sənəd səkkiz bənddən ibarətdir.

Bildirilib ki, sənəd açılış mərasimində səslənən fikirlərin rezumesidir:

1. Biz, “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumunun iştirakçıları, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyini qeyd etmək, habelə onun ecazkar və daimi maarifləndirici ədəbi irsinə hörmət və ehtiramımızı ifadə etmək üçün Azərbaycan Respublikasının Bakı şəhərində bir araya gəlmişik.
2. Biz Nizami Gəncəvinin zəngin fəlsəfi ədəbi irsinin qorunması və təbliği istiqamətində göstərdiyi səylərə görə Azərbaycan Hökumətinə öz minnətdarlığımızı bildiririk. Bu baxımdan, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin imzaladığı Sərəncamı xüsusən qeyd etmək istərdik. Biz, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin bu forumu Bakı şəhərində təşkil etmək təşəbbüsünü də alqışlayırıq.

3. Biz qəbul edirik ki, dahi Nizaminin ölməz ideya və dəyərləri Şərq dünyasının Mövlana Cəlaləddin Rumi, Yunus Əmrə, Əmir Xosrov Dəhləvi, Əbd ər-Rəhman Cami, Əlişir Nəvai və Məhəmməd Füzuli kimi görkəmli şair və mütəfəkkirlərinə, eləcə də digərlərinə ilham verməklə yanaşı, regionda ədəbi-poetik ənənələrin formalaşmasına, fəlsəfi, sosial-mədəni və siyasi həyatın inkişafına, habelə ədəbi təfəkkürün tərəqqisinə təsir və nüfuz etmişdir. Tədqiqatçılar hətta Dante, Bokaçço, V.Şekspir, Höte, Ş. Rustaveli və digər Qərb ədəbiyyatının dahi klassiklərinin əsərlərində də Nizaminin təsirinin izlərini tapmışdılar.
4. Nizami yaradıcılığının şah əsəri – məşhur “Xəmsə” toplusunda ehtiva olunan fikirlər bu günədək qlobal gündəliyin əsas prioriteti olan və çağdaş dünyamızda da öz aktuallığını itirməyən humanizm, bərabərlik, ədalət, sülh naminə davamlı əməkdaşlıq və mehriban qonşuluq münasibətlərinin təşviqi kimi ümumbəşəri dəyərlərin təbliğində əsas rol oynamışdır.

5. Biz xüsusən vurğulayırıq ki, Nizami dühasının zaman-məkan məfhumundan asılı olmayan ideyaları qlobal miqyasda fərqli mədəniyyətlər və sivilizasiyalar haqqında təsəvvürün təşəkkülü baxımından olduqca əhəmiyyətli olmaqla yanaşı, güclü təsir və nüfuza malikdir. Dahi Nizaminin əsərlərində istər ayrı-ayrı insanların inkişafına, istərsə də ümumilikdə cəmiyyətə aid olan bir sıra məsələlər işıqlandırılır, insan həyatının demək olar ki, bütün aspektləri xüsusunda ensiklopedik yanaşma tərzi nümayiş etdirilir.
6. Biz, həmçinin vurğulayırıq ki, Nizami dühasının zəngin irsi çoxtərəflilik və inklüzivlik ənənələrini müjdələyən və bununla da universal dialoq üçün unikal platforma kimi xidmət edən ilham mənbəyidir. Nizami Gəncəvinin əsərlərində yer alan ideya və mesajlar multikulturalizm, tolerantlıq və sülh şəraitində birgəyaşayış anlayışlarını təbliğ edir.

7. Biz, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BMT-nin 2030-cu il üçün Qlobal Gündəliyində göstərilən Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsini Nizami Gəncəvinin prizmasından izah edilməklə yeni yanaşma ilə gücləndirmək təşəbbüsünü alqışlayırıq. Bu yanaşma DİM-ləri milli mədəniyyət, tarix və adət-ənənələrin bir hissəsi kimi təqdim edərək daha yaxşı icma sahibliyinə imkan verəcək. İcmalar onları ənənələrinə xas olan və onlardan qaynaqlanan dəyərlər və məqsədlər kimi qəbul etmədikcə, DİM-lərə heç vaxt tam nail olunmayacaq. Biz digər dövlətləri DİM-in tam şəkildə həyata keçirilməsində yeni mərhələ kimi xidmət edə biləcək belə bir yanaşmadan istifadə etməyə çağırırıq.
8. Nizaminin böyük mədəni və zəngin fəlsəfi irsinin müasir dünyada güclü əks-səda doğurduğunu nəzərə alaraq, forum iştirakçıları bu tədbirin regional əhəmiyyətli müxtəlif məsələlərin müzakirəsi məqsədilə mühüm dialoq platforması kimi müntəzəm olaraq Azərbaycan Respublikasında keçirilməsini təklif edirlər.

Sənədin qəbul edilməsində Azərbaycan Respublikasının baş nazirinin müavini Əli Əhmədov, Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Özbəkistanın mədəniyyət naziri Ozodbek Ahmadoviç Nazarbekov, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy iştirak ediliblər.