Ermənistanın baş naziri prezidentin dediklərinə qarşı çıxdı » Memur.az

Ermənistanın baş naziri prezidentin dediklərinə qarşı çıxdı

Ermənistanın baş naziri prezidentin dediklərinə qarşı çıxdı

Rusiyanın “İnter RAO” şirkətinin törəmə şirkəti olan “Ermənistan Elektrik Şəbəkələri” paylaşdırıcı şirkətinin milliləşdirilməsi məsələsi müzakirə olunmur. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın baş naziri Ovik Abramyan bildirib.

Ovik Abramyan həmçinin bildirib ki, Ermənistan hökuməti elektrik enerjisinin bahalaşmasına görə hansı mənbələrin hesabına əhaliyə subsidiya veriləcəyinə dair hələlik heç bir qərar verməyib.

“Mənbələr var və bu sirr deyil, müzakirə edirik. Qərar qəbul olunduqda bu barədə əhali məlumatlandırılacaq”, deyə baş nazir bildirib.

Ermənistanın baş naziri “Ermənistan Elektrik Şəbəkələri” paylaşdırıcı şirkətinin fəaliyyətinin auditinin nə vaxtadək davam etdiriləcəyinə dair suala cavab verməyə çətinlik çəkib: “Biz auditin müddətini deyə bilmərik – bu proses üç-dörd ay çəkə bilər”, deyə Abramyan bildirib.

Ovik Abramyan qeyd edib ki, audit yoxlaması “Ermənistan Elektrik Şəbəkələri”nin baş direktoru Yevgeni Bubinin sui-istifadə hallarına yol verməsini aşkarlayacağı təqdirdə o mütləq cəzalandırılacaq.

Ermənistan prezidenti Serj Sarkisyan “Ermənistan elektrik şəbəkələri” şirkətinin dövlətə qaytarılmasını istisna etməyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.

Bir qədər əvvəl Sarkisyan audit təşkilatı ilə birgə elektrik enerjisi tariflərinin qaldırılması qərarının əsaslı olub-olmamasını yoxlayacaq dünya enerji sahəsində böyük təcrübəyə malik mötəbər beynəlxalq konsaltinq şirkətinin seçilməsini təklif edib. Serj Sarkisyan həmçinin hökumətin elektrik enerjisinin bahalaşması ilə bağlı xərclərin müvəqqəti olaraq öz üzərinə götürəcəyini vəd edib.

Ermənistan prezidentinin sözlərinə görə, əgər tarifin qaldırılmasının əsaslı olması sübuta yetirilərsə istehlakçılar ödənişləri heç bir şübhə olmadan ödəyəcəklər, yox, əgər bahalaşmanın əsassız olması təsdiqlənərsə, hökumət əlavə ödənilmiş vəsaitlərin geri qaytarılması istiqamətində lazımi addımlar atacaq və vəzifəli şəxslər məsuliyyətə cəlb olunacaq.

“Belə olacağı təqdirdə “Ermənistan elektrik şəbəkələri”nin dövlətə qaytarılması və rəqabətli idarəetməyə verilməsi istisna olunmur”, deyə Ermənistan prezidenti qeyd edib.