Eks-kəşfiyyatçı: Tramp 40 illik Rusiya agentidir » Memur.az

Eks-kəşfiyyatçı: Tramp 40 illik Rusiya agentidir

Eks-kəşfiyyatçı: Tramp 40 illik Rusiya agentidirRusiya xüsusi xidmət orqanları 40 il ərzində Donald Trampı öz agentləri kimi yetişdirib.

Bu barədə sovet Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) keçmiş əməkdaşı Yuri Şvets “The Guardian”a müsahibəsində bildirib.

Eks-kəşfiyyatçının sözlərinə görə, Tramp 1977-ci ildə çexiyalı model İvana Zelniçkova ilə evlənərkən DTK-nın diqqətini cəlb edib. Üç il sonra isə o, Nyu-Yorkda “Grand Hyatt” hotelini açıb və DTK ilə əməkdaşlıq edən sovet immiqrantı Semyon Kislindən hotel üçün 200 ədəd televizor alıb. Məhz o zamandan etibarən Kislin Trampı öz tərəfinə çəkməyə başlayıb.

1987-ci ildə biznesmen həyat yoldaşı İvana ilə birlikdə Moskva və Sankt-Peterburqa səfər edib. Səfərindən sonra Tramp ABŞ və müttəfiqləri arasındakı münasibətlərə şübhə ilə yanaşan bir məqalə dərc etdirib.

Şvetsin sözlərinə görə, Trampın ABŞ prezidenti seçilməsi Rusiya xüsusi xidmət orqanlarında böyük sevinclə qarşılanıb.