Daha bir ölkədə karantin yumşaldılır » Memur.az

Daha bir ölkədə karantin yumşaldılır

Daha bir ölkədə karantin yumşaldılırİtaliyanın Baş naziri Cüzeppe Konte ölkədə karantin qaydalarının mayın 4-dən etibarən tədricən yüngülləşdiriləcəyini açıqlayıb.

“HaberGlobal” məlumat verir ki, o, Nazirlər Kabinetinin təşkil etdiyi mətbuat konfransında bu barədə danışıb:

“İkinci mərhələ başlayır. İndi virusla bir yerdə yaşayacağımız dövrə giririk. Bütün italiyalıların güclü, cəsarətli və məsuliyyətli olmasını gözləyirəm. Bu mərhələdə hər birimizin məsuliyyətli davranışı vacibdir.Əsla bir-birimizə yaxınlaşmamalıyıq. Aramızdakı təhlükəsizlik məsafəsi ən azı bir metr olmalıdır. Kimin 37,5 dərəcə qızdırması varsa, evdə qalmalı və evə həkim çağırmalıdır”.

Nazir bu tələblər nəzərə alınmasa, yoluxma hallarının və ölümlərin yenidən artacağını bildirib:

“Bunlara əməl etməsək, ölümlər yenidən artacaq və iqtisadiyyatımız üçün geri dönüşü olmayan zərərlər yaranacaq. İtaliyanı sevirsinizsə, məsafənizi qoruyun”.

İkinci mərhələdə maska ​​qiymətlərinin endiriləcəyi və satışından ƏDV tutulmayacağı da qeyd edilir.

Bu mərhələdə ailə ziyarətlərinə, ictimai parklara məhdud giriş icazəsi veriləcək və cənazə mərasimləri 15 nəfərdən çox olmamaq və sosial məsafəni qorumaq şərtilə keçirilə bilər.

Hələlik evdən icazə ilə çıxmaq qaydası saxlanılır.

Tikinti, istehsal və topdansatış müəssisələri mayın 4-dən, muzey, sərgi və kitabxanalar mayın 18-dən, restoran, bar, kafe və bərbərlər iyunun 1-dən, məktəblər isə sentyabrdan açılacaq.