SOCAR prezidenti: “STAR” zavodunun inşası yekunlaşmaq üzrədir » Memur.az

SOCAR prezidenti: “STAR” zavodunun inşası yekunlaşmaq üzrədir

SOCAR prezidenti: “STAR” zavodunun inşası yekunlaşmaq üzrədir2012-ci ildən İzmirin Əliağa bölgəsində tikintisinə başlanılan illik emal gücü 10 milyon ton xam neft olan “STAR” Neft Emalı Zavodunun inşası yekunlaşmaq üzrədir.

Oxu.Az-ın məlumatına görə, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev Neftçilər günü ilə bağlı “Xalq qəzeti”nə verdiyi müsahibəsində deyib.

R.Abdullayev bildirib ki, bu zavodun tikilib istifadəyə verilməsi ilə Aralıq dənizi bazarında SOCAR-ın mövqeləri xeyli möhkəmlənəcək.

“Zavodun müxtəlif markalı neftlər, əsasən “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal edə bilməsi qarşıya qoyduğumuz hədəflərdəndir. 76 çəni (rezervuarı) olan “STAR” zavodunun ümumi anbar həcmi 1.640.000 kubmetr təşkil edəcək. Yaxın müddətdə fəaliyyətə başlaması planlaşdırılan zavodda sınaq-sazlama işlərinin həyata keçirilməsi üçün avqust ayının əvvəllərindən emal üçün 80 min ton “Azeri Light” markalı Azərbaycan nefti ayrılıb”.

Rövnəq Abdullayev: TAP layihəsinin 75 faizdən çoxu icra edilib
Rövnəq Abdullayev qeyd edib ki, SOCAR-la “Rosneft” arasında bu yaxınlarda imzalanmış müqaviləyə əsasən, 2018-ci ilin dekabr ayından etibarən bir il ərzində “STAR” zavodunun bir milyon ton Rusiya nefti ilə təchiz olunması gözlənilir:

“Kontrakt hər iki şirkətin əlverişli əməkdaşlığının genişlənməsinə dəlalət edir və SOCAR-ın Türkiyədəki yeni neftayırma obyektlərinin stabil yüklənməsi üçün əlavə təminat yaradacaq. “STAR” ilk növbədə “Petkim”i xammalla (yüngül və ağır nafta) təmin etmək məqsədi daşıyır.

Zavod istismara veriləndən sonra bir çox məhsulların istehsalı üçün əhəmiyyətli xammal əldə olunacaq ki, bu da “Petkim”in iqtisadi səmərəliliyini daha da artıracaq.

Qeyd etmək lazımdır ki, SOCAR-ın idarəçiliyində olduğu son 10 ildə bu neft-kimya kompleksinə 800 milyon ABŞ dolları civarında, “STAR” Neft Emalı Zavoduna 5,1 milyard ABŞ dolları investisiya yatırılıb və yüksək əmək məhsuldarlığına nail olunub”.