Türkiyə ordusu Suriyanın Afrin bölgəsindəki antiterror əməliyyatlarını genişləndirib » Memur.az

Türkiyə ordusu Suriyanın Afrin bölgəsindəki antiterror əməliyyatlarını genişləndirib

Türkiyə ordusu Suriyanın Afrin bölgəsindəki antiterror əməliyyatlarını genişləndiribİstanbul, 12 fevral, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələri (TSQ) PKK/PYD/YPG/İŞID terror qruplaşmalarına qarşı Suriyanın Afrin bölgəsində apardığı “Zeytun budağı” əməliyyatlarını daha da genişləndirməyə başlayıb.

TSQ Baş Qərargahının bu qərarı terrorçuların Türkiyə hərbçilərinə qarşı həyata keçirdikləri ardıcıl hücumlarla bağlıdır. Rəsmi məlumata görə, “Zeytun budağı” antiterror əməliyyatına dəstək üçün göndərilən ağır hərbi texnika fevralın 11-də ölkənin Hatay bölgəsinə çatıb. Bundan başqa, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar quru və hava qoşun birləşmələrinin komandanları ilə birlikdə Hataydakı ordu qərargahına gələrək Afrindəki vəziyyətin müzakirəsində iştirak edib.

Türkiyə ictimaiyyəti isə Afrin əməliyyatına görə, Silahlı Qüvvələrə dəstək verməkdə davam edir. Afrində şəhid olan hərbçilər böyük izdihamın müşayiətilə dəfn olunurlar. Könüllü olaraq antiterror əməliyyatlarına qoşulmaq üçün müraciət edənlərin sayı minlərlədir. Terrorçuların son günlər mülki əhali arasında gizlənərək Türkiyə əsgərlərinə arxadan hücum etməsi böyük nifrət və qəzəblə qarşılanıb.

İctimaiyyəti narahat edən digər mühüm məsələlərdən biri də son vaxtlar xüsusilə qərb KİV-lərində Türkiyənin qərb bölgələrinin hərbi müdafiəsinin zəifləməsi barədə yayılan informasiyalardır. Bu məsələyə aydınlıq gətirən Türkiyənin Müdafiə Nazirliyi əhalini əmin edib ki, ölkənin bütün təhlükəsizliyi sistemli şəkildə təmin edilməkdədir.

Qeyd edək ki, əməliyyat başlayandan bu günə qədər 1266 terrorçu zərərsizləşdirilib. Terrorçu qruplaşmalarına məxsus təlim düşərgələri, anbarlar, yeraltı sınacaqlar dağıdılıb. Təslim olan terrorçuların ifadələrinə görə, terrorçular qadınları və uşaqları müxtəlif aldadıcı və şirnikləndirici vasitələrlə, hətta zor tətbiq etməklə öz sıralarına cəlb ediblər.

Memur.az