İstanbul basqınında ABŞ izi? » Memur.az

İstanbul basqınında ABŞ izi?

İstanbul basqınında ABŞ izi?ABŞ-ın Xarici İşlər Nazirliyi vətəndaşlarına Türkiyəyə getməmək barədə xəbərdarlıq edib.

Açıqlamada Türkiyənin 16 şəhərinə getməyin təhlükəli olduğu qeyd edilir. Xəbərdarlıq ötən gün edilib. Bu xəbərdarlığın üstündən bir neçə saat keçdikdən sonra isə İstanbulun Atatürk hava limanında terror hadisəsi törədildi. Terror 41 nəfərin ölümünə, onlarla insanın yaralanmasına yol açdı.

CIA-in (Mərkəzi Kəşfiyyat İdarəsi) direktoru John Brennan terror hadisəsi baş verdikdən sonra verdiyi açıqlamada 30 nəfər İŞİD silahlısının Türkiyəyə getdiyini deyib.

Hadisədən sonra ABŞ rəsmiləri prezident Barak Obamaya da məlumat veriblər.

Maraqlıdır ki, bu, ABŞ-ın xəbərdarlığından sonra baş verən ikinci terror aktıdır. ABŞ kəşfiyyatı bundan əvvəl də Türkiyədə terror olacağı barədə dəfələrlə xəbərdarlıq etmişdi. Aprelin 27-də terror xəbərdarlığı edildikdən sonra İstanbulun Məscidköy adlanan ərazisində partlayış baş vermişdi.

Baş verən hadisələrdə diqqətçəkən məqam isə ABŞ-ın terror hadisələri barədə Türkiyəni xəbərdarlıq etməsinə baxmayaraq rəsmi Ankaranın bu terrorun qarşısını ala bilməməsidir.

Siyasi şərhçi Arzu Nağıyev ANS PRESS-ə açıqlamasında deyib ki, ölkə daxilində də Türkiyəni qarışdırmaq istəyən qüvvələr var.

“Türkiyə kimi böyük dövlətə təkcə dini radikal qruplar təhdid törətmir. Həm də PKK terror təşkilatına yaxın qüvvələr də ölkəni qarşıdırmağa çalışırlar. Ona görə də terrorun baş verəcəyini dəqiqləşdirmək bir az çətin olur”.

A.Nağıyev bu xəbərdarlıqlara nəzərə salanda xüsusi xidmət orqanlarının hadisənin baş verəcəyindən müəyyən qədər xəbərdar olduğunu ehtimal etməyin mümkün olduğunu deyir.

Onun sözlərinə görə, xəbərdarlıqlar boşuna deyil və müəyyən işlər görülüb. Çünki təhlükəsizlik gücləndirilməsəydi, terrorçular hava limanında daha çox içəri gedə bilərdilər. Amma bunu bacarmadılar.

Arzu Nağıyav terror hadisəsinin törədilməsində ABŞ xüsusi xidmət orqanlarının rolunun olub-olmaması barədə iddialara da aydınlıq gətirib. O deyir ki, ABŞ-ın Türkiyədə terror təşkil etməsi real deyil.

“Türkiyə və ABŞ arasında hər hansı məsələdə mövqelər üst-üstə düşməyə bilər. Amma ABŞ Türkiyəni qarışdırmaqda maraqlı deyil. Çünki iki ölkə NATO-da müttəfiqdir və onların geniş siyasi, iqtisadi əlaqələri var”, - deyə Arzu Nağıyev bildirib.

Politoloq hesab edir ki, terror hadisəsinin Türkiyənin Rusiya və İsrail ilə münasibətlərini yaxşılaşdırmasına heç bir aidiyyəti yoxdur. "Çünki belə terror aktlarını bir-iki günə hazırlamaq olmur. Terror hadisəsi uzun müddət əvvəldən planlaşdırılır. Bu terror hadisəsini də İŞİD-in öz üzərinə götürməsi də əvvəlcədən düşünülən addımdır. Təşkilat hələ də fəaliyyət göstərdiyini və gücünü götərməyə çalışır. Hazırda müəyyən qüvvələrə mənfi qəhrəmanlar lazımdır”.

Yəqin ki, Türkiyə rəhbərliyi öz müttəfiqləri ilə birlikdə Suriya və İraq ərazisində yeni əməliyyatlara başlayacaq. Çünki bu hadisə Türkiyəni yeni dostları Rusiya və İsrail ilə terrora qarşı birgə mübarizə aparmağa təkan verəcək.

Memur.az