Rusiya paytaxtında "Moskva Novruzu-2015" adlı təntənəli tədbir keçirilib » Memur.az

Rusiya paytaxtında "Moskva Novruzu-2015" adlı təntənəli tədbir keçirilib

Rusiya paytaxtında "Moskva Novruzu-2015" adlı təntənəli tədbir keçirilib

Rusiya paytaxtında "Moskva Novruzu-2015" adlı təntənəli tədbir keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva hökumətinin Rusiya paytaxtında akkreditə olunmuş səfirliklər və daimi nümayəndəliklərlə birlikdə təşkil etdiyi bayram tədbiri “Rossiya” Dövlət Mərkəzi Konsert salonunda baş tutub.

Tədbirdə Azərbaycanı ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu başda olmaqla böyük nümayəndə heyəti, o cümlədən səfirliyin əməkdaşları, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının, Ümumrusiya Azərbaycan Konqresinin, Azərbaycan-Rusiya Mədəniyyəti və Həmrəyliyi Mərkəzinin nümayəndələri təmsil edib.

“Rossiya” konsert salonunun foyesində Azərbaycanla yanaşı, Qırğızıstan, Özbəkistan, Tacikistan, Başqırdıstan və digər respublikaların guşələri açılıb. Azərbaycan guşəsində milli geyimlər, xalq yaradıcılığı nümunələri, milli çalğı alətləri, Novruz şirniyyatı təqdim olunub. Burada quraşdırılmış monitorda Azərbaycanın görməli yerlərini əks etdirən süjetlər, vətənpərvərlik mövzusunda mahnılar nümayiş etdirilib, qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təklif edilib.

Ümumrusiya Azərbaycanlılar Konqresinin icraçı direktoru İlqar Hacıyev Azərbaycan guşəsinin qonaqlarını salamlayaraq, milli Novruz adət-ənənələrimiz, ölkəmizdə dövlət səviyyəsində təşkil olunan bayram şənlikləri barədə məlumat verib: “Biz çox şadıq ki, bu il də burda, Moskvada bir yerdə Novruzu qeyd edirik. Bu ümumşəhər bayramı sözsüz ki, Moskva rəhbərliyinin xidmətidir. Heç şübhəsiz ki, belə əsrarəngiz bayram tədbiri Moskvada yaşayan xalqların və millətlərin bir-birinə yaxınlaşmasına, millətlərarası sülhün möhkəmlənməsinə yardım edir”.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin təşkilatçılığı ilə Moskvaya gəlmiş gənc muğam ifaçıları - beynəlxalq müsabiqələrin laureatları Ehtiram Hüseynov və Nigar Şabanovanın ifasında “Qarabağ şikəstəsi”, “Azərbaycan” rəqs ansamblının ifasında “Novruz” xoreoqrafik kompozisiyası böyük hərarətlə qarşılanıb.

Qeyd edək ki, Rusiya paytaxtında təşkil olunan Novruz şənliyində 14 ölkədən nümayəndələr iştirak edib.