"Kabus qəsəbə"yə sakinlərin qayıdışına icazə verildi » Memur.az

"Kabus qəsəbə"yə sakinlərin qayıdışına icazə verildi

"Kabus qəsəbə"yə sakinlərin qayıdışına icazə verildi

Yaponiya höküməti Narahada radiasiya səviyyəsinin normada olduğuna əmin edir.

Yaponiyada hökümət 2011-ci ildə Fukusima nüvə qəzasından sonra məcburi şəkildə boşaldılmış Naraha qəsəbəsinin sakinlərini geri dönməyə çağırıb.

ANS PRESS-in məlumatına görə, Naraha Yaponiyada ilk iri yaşayış məntəqəsidir ki, bir neçə il ərzində aparılan radiasiya və çirkləndiricilərdən təmizləmə işlərindən sonra, orada sakinlərin yaşamasına icazə verilir.

Aprel ayında artıq sınaq müddəti olaraq bir qrup insan şəhərdə qalsa da, əksər sakinlər geri dönmək fikrində deyil. Bununla belə artıq qəsəbəyə yerləşmiş ailələr Narahaya həyatın qayıtmasını qeyd etmək məqsədilə şamlarla gecə nümayişi keçirib.

“Bəli, evakuasiya sərəncamının ləğv olunmasına baxmayaraq, həllini tapmamış bir çox problemlər mövcuddur. Ancaq hökümət artıq sakinlərin geri dönməsinə icazə verib. Qoy burdan hər kəsə ismarıc olsun ki, Naraha tezliklə sakinləri ilə birgə gələcəyə doğru addımlayacaq”, Naraha qəsəbəsinin meri Yukiey Matsumoto deyib.

Fukusimanın Dayçı atom enerji stansiyası 2011-ci ildə güclü zəlzələ və tsunaminin təsiri altında dağılmış, enerji blokunun əriməsindən sonra ətraf kənd və qəsəbələrə külli miqdarda radioaktiv maddələr yayılmışdı.

Qəzadan sonra şəhəri 7400 nəfərə yaxın sakin tərk etmişdi. Qəzaya uğramış stansiya qəsəbədən 20 kilometr cənubda yerləşir.

Hökümət sakinlərin qayıdışını sürətləndirmək üçün burada marketlər, ticarət mərkəzləri və klinikalar açır, təhlükəsizliklərinə əmin olmaları və yoxlamaları üçün onları radiasiya səviyyəsini yoxlayan cihazla təchiz edir.