Qaz müharibələri: Ərdoğana qarşı “atla gediş”... » Memur.az

Qaz müharibələri: Ərdoğana qarşı “atla gediş”...

Qaz müharibələri: Ərdoğana qarşı “atla gediş”...

Rusiya ilə Türkiyə arasında hay-küylü “Türk axını” qaz boru kəmərinə dair danışıqların düyünə düşdüyü bir vaxtda “Qazprom” Avropaya çıxış üçün yeni dəhliz açmağa çalışır.

Virtualaz.org saytı xəbər verir ki, “Qazprom”la Almaniyanın “Wintershall” şirkəti Baltik dənizinin dibindən keçən “Şimal axını” qaz kəmərinin buraxılış gücünün artırılmasına dair öz aralarında sakitcə memorandum imzalayıblar.

Memorandum barədə məlumatı alman tərəfi yayıb. Söhbət “Şimal axını-2” qaz kəmərinin tikintisindən gedir və bu kəmərin marşrutu 90 faiz “Şimal axını” kəmərinin marşrutunu təkrarlayır. Buraxılış gücü isə təxminən “Türk axını” kəmərinin buraxılış gücü qədər olmalıdır-ildə 55 milyard kubmetr.

Bundan əvvəl iyunun 18-da Peterburqda keçirilən beynəlxalq iqtisadi forum çərçivəsində “Qazprom” E.ON, “Shell” və OMV şirkətləri ilə “Şimal axını” kəmərinin ikinci hissəsinin tikintisinə dair anlaşma memorandumunu imzalamışdı.

İndi bu anlaşmaya “Wintershall”ı cəlb etməklə Rusiya qaz nəhəngi nümayiş etdirir ki, layihəni həyata keçirməkdə niyyəti ciddidir və Türkiyənin “Türk axını” kəmərinə dair ağır şərtlər irəli sürməsi rus qazının Ukraynadan yan ötməklə Avropaya ötürülməsinə dair planlara mane olmayacaq.

Bəs Rusiya “Cənub axını” layihəsini Avropa Komissiyanın yaratdığı əngəllərə görə dayandırmağa məcbur olandan, Avropa İttifaqının və ABŞ-ın qarşı olduğu “Türk axını” layihəsinə dair danışıqların dalana dirənməsi ilə üzləşəndən sonra üçüncü dəfə uğursuzluğa düçar olmayacaq ki?

Məsələ ondadır ki, “Şimal axını-2” qaz boru kəmərinin tikintisi artıq fəaliyyət göstərən “Şimal axını” kəmərinin genişləndirilməsi layihəsi kimi nəzərdə tutulduğundan Avropa Komissiyasının razılığı tələb olunmur. Bu layihəni həyata keçirmək üçün Almaniyanın dövlət dağ-mədən, geologiya və təbii resurslar idarəsinin,habelə energetika nazirliyinin razılığı kifayətdir. Və “Şimal axını” konsorsiumunun operatoru olan E.ON şirkəti üçün belə razılığı almaq çətin olmayacaq.

Həmçinin ABŞ-ın bu layihəyə mane olmaq imkanları məhduddur. Doğrudur, amerikalılar qaz məsələlərində intriqa yaratmağın ustasıdırlar və artıq sübut ediblər ki, “Qazprom”un planlarını poza bilirlər. Lakin “Qazprom” bu dəfə planlarını elə qurub ki, amerikalıların müdaxiləsi mümkün olmasın.

Digər detal da maraqlıdır ki, “Şimal axını-2” kəmərini 2019-cü ildə istismara vermək nəzərdə tutulur. “Qazprom” dəfələrlə elan edib ki, göydən daş yağsa belə həmin müddətdən Ukraynadan Avropaya qaz tranzitini dayandıracaq.

Əgər “Şimal axını-2” layihəsinə dair işləri irəli aparmaq mümkün olsa, o zaman “Qazprom” Türkiyə ilə “Türk axını” kəmərinə dair danışıqlarda güclü kozır əldə etmiş olacaq. Məlum olduğu kimi Türkiyə bu layihəyə dair mövqeyini bir neçə dəfə dəyişib, “Qazprom” tikinti işlərinə başlamaq üçün tələssə də hökumətlərarası razılaşmanı imzalamaq mümkün olmayıb.

Buna bir tərəfdən Türkiyədə AKP-nin parlamentdə hakim çoxluğu əldən verməsi və koalision hökumət danışıqlarının nəticəsiz qalması səbəb olub. Digər tərəfdən Türkiyə kəmərin yolunu açmaq üçün maksium mənfəət əldə etməyə çalışır, təkcə tranzit ölkə statusu ilə kifayətlənmk istəmir.

Ancaq indi ruslar nümayiş etdirir ki, Türkiyənin kaprizləri ilə hərəkət etməyəcəklər və Avropaya yeni dəhliz açmaq üçün şansları var. Bu, Rusiyanın “Türk axını” layihəsində ağır şərtlər irəli sürən Türkiyəyə qarşı “atla gedişi” də hesab edilə bilər. Böyük ölçüdə siyasi mahiyyət daşıyan “Türk axını” kəmərinə nisbətən “Şimal axını-2”nin dəfələrlə ucuz başa gələcəyi də “Qazprom”un Ankara ilə danışıqlarda mövqelərini gücləndirəcək.

Belə ki, Baltik dənizinin dibindən yeni kəmərin çəkilməsi üçün 9 milyard avro tələb olunur, “Türk axını” isə bundan 3 dəfə baha başa gələcək.

Lakin “Qazprom” bu layihəni irəli sürməklə “Türk axını”ından imtina etməz. Rusiya hər iki layihəni həyata keçirməkdə və beləliklə Avropanın qaz bazarında mövqelərini daha da möhkəmləndirməkdə maraqlıdır.

Xatırladaq ki, “Türk axını” kəmərinin marşrutu Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Cənub Qaz Dəhlizini təkrarlayır. Rusiya bu layihəni irəli sürəndən etibarən Yunanıstanda və İtaliyada (Hər iki ölkədə Kremlin mövqeləri güclüdür) TAP kəmərinin tikintisini ləngitmək meylləri müşahidə olunurdu. İndi “Türk axını” danışıqlarının qeyri-müəyyən müddətə dayanması Cənub Qaz Dəhlizinə qarşı maneələri də aradan qaldıra bilər.