Türkiyənin Şanlıurfa vilayətində terror aktı: ölü sayı 27-yə çatdı - YENİLƏNİB » Memur.az

Türkiyənin Şanlıurfa vilayətində terror aktı: ölü sayı 27-yə çatdı - YENİLƏNİB

Türkiyənin Şanlıurfa vilayətində terror aktı: ölü sayı 27-yə çatdı - YENİLƏNİB

Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilən partlayış nəticəsində ölənlərin sayı 27-yə çatıb.

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, həlak olanların sayının artacağı ehtimal olunur. Hələlik xəsarət alanlar barədə dəqiq məlumat olmasa da, 100-dən çox şəxsin yaralandığı bildirilir.

Xalqların Demokratik Partiyasından (HDP) millət vəkili olan Leyla Güvən isə ölənlərin sayının 100-dən çox olduğunu deyib. O, “Reuters”ə açıqlamasında Amara Mədəniyyət Mərkəzində yerləşdirilən 300 nəfərin arasında sağ qalanın olmadığı iddia edib.
***

15:18

Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda terror aktı törədilib.

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə yerli vaxtla saat 11.45-də (Bakı vaxtilə 13.45) baş verib. Amara Mədəniyyət Mərkəzinin həyətində partlayıcı qurğu işə salınıb. İlkin məlumata görə, hadisə yerində 10 nəfər ölüb, xeyli sayda yaralı var.

Partlayışı terrorçu-kamikadzenin törətdiyi ehtimal olunur. Partlayıcı qurğu mərkəzin həyətinin girişində işə salınıb.

Qeyd edək ki, Suriyanın Kobani şəhərində İŞİD-ə qarşı döyüşmək üçün dünən İstanbuldan Şanlıurfaya gedən 300 gənc həmin mərkəzdə yerləşdirilib. Onlarıən hamısı Sosialist Gənclik Dərnəkləri Federasiyasının (SGDF) üzvü olub.