Sabahdan hər iki doza peyvənd olunmayan müştərilər hotellərə buraxılmayacaq - RƏSMİ + YENİLƏNİB » Memur.az

Sabahdan hər iki doza peyvənd olunmayan müştərilər hotellərə buraxılmayacaq - RƏSMİ + YENİLƏNİB

Sabahdan hər iki doza peyvənd olunmayan müştərilər hotellərə buraxılmayacaq - RƏSMİ + YENİLƏNİBAvqustun 30-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə 250-ə yaxın mehmanxana nümayəndəsi ilə onlayn görüş keçirilib.

Görüşdə ölkə ərazisində fəaliyyət göstərən mehmanxanaların xüsusi karantin rejimi dövründə fəaliyyətinə dair tələblər müzakirə olunub.

Görüş zamanı Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən olunmuş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları” haqda, eləcə də tətbiq olunan məhdudiyyətlərlə bağlı mehmanxana subyektlərinin nümayəndələrinə ətraflı məlumat verilib.

İştirakçılar Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq sentyabrın 1-dən etibarən mehmanxanalarda yaşı 18-dən yuxarı olan şəxslərə göstərilən xidmətlərin yalnız COVID-19 pasportu əsasında həyata keçirilməsi tələbi ilə əlaqədar COVID-19 pasportlarının yoxlanılması üçün hazırlanmış xüsusi mobil tətbiq barəsində məlumatlandırılıb.

Dövlət Turizm Agentliyinin nümayəndələri iştirakçılara COVID-19 pasportunun tələb olunduğu qonaq kateqoriyası, qonaqlardan COVID-19 pasportunun tələb olunacağı tarix, dozaların sayı, eləcə də mehmanxanada çalışan işçilərin peyvənd olunması ilə bağlı tələblərə dair ətraflı izahlar veriblər.

Əlavə olaraq mehmanxana nümayəndələrinə 1 sentyabr tarixindən etibarən işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olmasının tələb edildiyi ilə bağlı xatırlatma edilib.

Nazirlər Kabinetinin 151 saylı qərarına əsasən 1 sentyabr 2021-ci il tarixindən mehmanxanalarda qapalı məkanlarda yalnız 2-ci doza vaksini qəbul etmiş, immunitet arayışı və ya əksgöstəriş sertifikatı olan şəxslərə xidmət göstəriləcək.

13:40

Sabahdan iri ticarət və ictimai iaşə obyektlərinə insanların buraxılması COVID-19 pasportu ilə olacaq.

Bəs peyvəndin birinci dozasını vurduran şəxslər mehmanxanalarda qala bilərmi?

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Oxu.Az-a açıqlamasında bildirib ki, koronavirus infeksiyası əleyhinə peyvəndin birinci dozasını vurduran şəxslər sentyabrın 1-dən mehmanxanalara buraxılacaqlar:

“Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına əsasən, peyvənd vurduran şəxslər COVID-19 pasportu ilə hotellərə daxil ola bilərlər”.

Koronavirus infeksiyası əleyhinə peyvəndin birinci dozasını vurduran şəxslər sentyabrın 1-dən iri ticarət və ictimai iaşə obyektlərinə də buraxılacaqlar”.

Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev isə saytımıza açıqlamasında bildirib ki, sentyabrın 1-dən mehmanxanalarda, iri ticarət və ictimai iaşə obyektlərində göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olanlar istifadə edəcəklər:

“Burada söhbət birinci və ikinci dozadan getmir. Peyvənd olunan hər kəs həmin ünvanlara gedə bilərlər”.

O qeyd edib ki, oktyabrın 1-dən isə koronavirus infeksiyasına əleyhinə peyvəndin hər iki dozasını vurdurmayan şəxslərin iri ticarət və ictimai iaşə obyektlərinə buraxılması qadağandır.