FHN proqnozlaşdırılan güclü küləklə əlaqədar əhaliyə müraciət edib » Memur.az

FHN proqnozlaşdırılan güclü küləklə əlaqədar əhaliyə müraciət edib

FHN proqnozlaşdırılan güclü küləklə əlaqədar əhaliyə müraciət edibEkologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mayın 5-i səhərdən başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır.

Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək, təhlükəsizlik naminə ciddi zərurət olmadan güclü küləkli havada bayıra çıxmamağı tövsiyə edir.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin baş məsləhətçisi Turqay Abbaslı məlumat verib.

Bildirilib ki, bununla yanaşı, əgər güclü külək sizi küçədə haqlayıbsa, yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bu zaman diqqətli hərəkət edərək yaxınlıqdakı binanın zirzəmisində və ya möhkəm tikilidə daldalanmağa çalışmaq lazımdır.

Həmçinin güclü külək zamanı xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsinin mürəkkəbliyi nəzərə alınaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsi tövsiyə olunur.