Xırdalan camaatı həyacan təbili çalır: «Bizə kömək edin!» » Memur.az

Xırdalan camaatı həyacan təbili çalır: «Bizə kömək edin!»

Xırdalan camaatı həyacan təbili çalır: «Bizə kömək edin!»

Tezalışan üzlüklərlə örtülmüş binalarda hər an yanğın baş verə bilər, onlarla binanın üzü isə hələ də sökülməyib

Ötən günlərdə məlumat vermişdik ki, Xırdalan şəhərində böyük bir şəhərcik salan AAAF Park şirkətinin binalarının bir qisminin fasadı tezalışan maddələrdən hazırlanmış vasitələrdən ibarətdir. JAM.AZ-a daxil olan məlumatlarda vurğulanırdı ki, şirkət rəhbərliyi Binəqədidə baş verən yanğından sonra da həmin üzlükləri sökərək, əvəzləməyib. Hətta edilən şikayətlərə də məhəl qoyulmayıb və bildirilib ki, şirkətin söküntü işləri aparmaq kimi niyyəti yoxdur.

Maraqlı məqam odur ki, AAAF Parkın Xırdalanda inşa etdirdiyi binalaran biri yanarsa, digər tezalışan üzlük çəkilmiş binalar da asanlıqla alovlanmağa başlayacaq. Ona görə ki, tikilən binalar bir birinə çox yaxındır.

Lakin JAM.AZ-a müraciət edən Xırdalan sakinləri daha bir məsələni qabardaraq, həyacan təbili çalırlar. Onların bildirdiyinə görə, tezalışan maddələrdən hazırlanmış üzlüklərlə örtülmüş binaların sayı şəhərdə heç də az deyil. Onların sözlərinə görə, AAAF Parkın binalarıyla yanaşı, daha ondan artıq belə bina var ki, hər zaman yanğın hadisəsi baş verə bilər.

Şəhər sakinləri bildirirlər ki, tezalışan üzlüklə üzlənmiş binaların sırasında «Kristal Abşeron» şirkətinin inşa etdirdikləri də var. Bundan başqa, «Abşeron Sity»də də vəziyyət eynidir və bu şirkətin binalarının da yanğına davamsız üzlüklərlə örtüldüyü deyilir.

Xırdalanda «Mercedes»in binası kimi tanınan mərkəzin yerləşdiyi məkan, «RJU»nun yanındakı köhnə binalar və Parkın ətrafındakı sovet dövründən qalmaq binalarda da vəziyyət eynidir və burada yaşayan insanlar səksəkə içindədirlər. JAM.AZ-a məlumat verən sakinlərin dediyinə görə, tezalışan üzlüklə örtülmüş binalar arasında Xırdalandakı texnikumun yanındakı və yeni inşa edilmiş beton bina da var. Camaatın sözlərinə görə, əgər bu binalardan hər hansı biri yanarsa, bütün Xırdalan atəş içində qalmış olacaq.