Bu məhsulların məktəb ətrafında yayılması qadağan edilə bilər - MM-də müzakirə olacaq » Memur.az

Bu məhsulların məktəb ətrafında yayılması qadağan edilə bilər - MM-də müzakirə olacaq

Bu məhsulların məktəb ətrafında yayılması qadağan edilə bilər - MM-də müzakirə olacaqSentyabrın 17-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçiriləcək.

Bu barədə Oxu.Az-a parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib.

O bildirib ki, iclasda payız sessiyası üçün nəzərdə tutulan iş planı, “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlara dəyişiklik müzakirə ediləcək.

Eyni zamanda "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı müzakirə aparılacaq.

Deputat qeyd edib ki, "Təhsil haqqında" qanuna təklif edilən dəyişiklik uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulları ilə bağlıdır.

"Sözügedən qanuna dəyişiklikdə uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun təhsil müəssisələrinin sərhədindən 150 metr az olan məsafədə yayılmasına yol verilməməsi göstərilib", - deyə İ.Həbibbəyli söyləyib.

Qeyd edək ki, "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı yaradılan İşçi qrup öz təkliflərini hazırlayıb.

Qanun layihəsinin maketi hazırlanıb və komitə üzvlərinə təqdim olunub. Xatırladaq ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.