Bakıda sürücülərə parkinq “sürprizi” » Memur.az

Bakıda sürücülərə parkinq “sürprizi”

Bakıda sürücülərə parkinq “sürprizi”Bakı şəhərində parkinqlərə görə ödənişlər qaldırılıb.

Oxu.Az-ın BakuPost-a istinadən xəbərinə görə, Bakı şəhər İcra Hakimiyyətindən alınaraq Bakı Nəqliyyat Agentliyinin ixtiyarına verilmiş parkinqlərdə bu ildən qiymətlər iki dəfə artırılıb.

Məsələn, Bakıda Qış Parkında yerləşən parkinqdə bir avtomobil üçün aylıq abunə haqqı 30 manatdan 60 manata qaldırılıb. Hökumət Evi yaxınlığında isə parkinqdə aylıq abunə haqqı artıq 40 manat deyil, 80 manatdır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev Oxu.Az-a bildirdi ki, parkinq işləri ilə bağlı ciddi iş aparılır:

“Hazırda əsas diqqət Füzuli və Mirzəğa Əliyev küçələri arasında, eyni zamanda, Neftçilər prospekti-Hökumət evinin qarşısında yerləşən yeraltı avtomobil dayanacağında təhlükəsizlik və digər vacib məqamlarla bağlı zəruri infrastrukturun yaxşılaşdırılmasına yönəldilib.

Bu istiqamətdə ciddi iş aparılmaqdadır. İşlər yekunlaşdıqdan sonra qiymət siyasətinə də baxılacaq”.

Yol-nəqliyyat üzrə ekspert Azər Allahverənovun isə Oxu.Az-a açıqlamasında bildirib ki, qiymətlərin iki dəfə artırılması yolverilməzdir:

“Ötən il Bakıda parkinqlərə nəzarət Bakı şəhər İcra Hakimiyyətindən alınaraq Bakı Nəqliyyat Agentliyinin ixtiyarına verilib. İki ay ərzində həmin dayanacaqlar barədə təkliflər hazırlanmalı və işlər tamamlanmalı idi. Lakin 2018-ci ilin axırına kimi bu işlər tam yekunlaşmadı. Bu işlər başa çatmadığı üçün qiymətlər də tənzimlənməyib”.

Ekspert qeyd edib ki, qiymətlərin süni şəkildə kim tərəfindən artırıldığı məlum deyil:

“Burada, sadəcə olaraq, qeyri-rəsmi müstəvi ilə qiymət artırılıb. Çünki həmin dayanacaqlar hansısa MMC tərəfindən idarə edilir. Həmin MMC tərəfindən də qiymətin dəyişdirilməsi barədə qərar verilib. Qiymətin iki dəfə artırılması qanunsuzdur. Parkinqlərdə qiymət siyasətinə nəzər salınmalı və bu problem həll edilməlidir”.