Bakıda top mərmisi aşkar olunub - FOTO » Memur.az

Bakıda top mərmisi aşkar olunub - FOTO

Bakıda top mərmisi aşkar olunub - FOTOBakı. 1 mart. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin "102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 95 ünvanında mərminin tapılması barədə məlumatlar daxil olmuşdur.

ANAMA-dan "Report"a verilən məlumata görə, məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilmişdir.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə Bakı Biznes mərkəzinin həyətinə baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd boş 152 mm-lik top mərmisi (G-530) aşkar olunmuş, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Aşkar olunmuş boş mərminin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilmiş, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməmişdir.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 28 fevral 2018-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Abşeron, Füzuli, Tərtər, Qazax, Naftalan, Goranboy, Xızı, Şəmkir, Lənkəran rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 5 ev və həyətyanı sahəyə, 3 əkin sahəsinə, 1 fərdi yaşayış evinin qarşısına, 5 otlaq sahəsinə, su kanalına, kənd qəbirstanlığının yaxınlığına, məişət tullantıları ərazisinə, yol kənarına, RPŞ-nin inzibati ərazisinə, beton zavod və bazar ərazisinə baxış keçirilmiş, 1070 ədəd partlamamış hərbi sursat, 1 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş, 25 065 kv.m ərazi yoxlanılmışdır.

Memur.az