Saxta diplomlu məmurlarımız » Memur.az

Saxta diplomlu məmurlarımız

Saxta diplomlu məmurlarımız

Biz isə Kirildən danışırıq

Maraqlı xəbərdir. "Azercell"in keçmiş prezidenti, bu yaxınlarda Moldovanın baş naziri seçilən Kiril Qaburiçininin təhsil haqda sənədlərinin saxta olduğu üzə çıxıb. Nəticədə ölkədə böyük siyasi qalmaqal başlayıb. Cəmi ay yarım əvvəl baş nazir vəzifəsinin icrasına başlayan Kirilin bioqrafiyasını eşələyən jurnalistlər onun təhsil aldığı illərdə şübhəli "boşluq" aşkar ediblər. Bu "boşluğun" izinə düşən jurnalistlər araşdırma aparıblar və məlum olub ki, Qaburiçin əslində tam orta təhsili yox imiş. Belə ki, 38 yaşlı baş nazir ancaq doğma kəndi Loqanşetıda 9-cu sinfi bitirib, yəni natamam orta təhsil alıb.

Bundan sonra jurnalistlərdə sual yaranıb: necə ola bilər ki, tam orta təhsili olmadığı halda Qaburiç ali məktəbə daxil olub? Nəticədə baş nazirin ali təhsil haqda diplomunun da saxta olduğu haqda şübhələr yaranıb.

Əslində Moldovada yaranan qalmaqal əvvəlcə Azərbaycandan başlamalı idi. Necə olur ki, "Azercell" kimi böyük və strateji bir şirkətin rəhbərliyinə Kiril kimi saxta təhsilli biri gətirilir. Və uzun müddət işləyə bilir. Özgə vaxtı bizim jurnalistlər hapa-gopa basırlar ki, MDB-də bizdən yaxşısını tapmaq olmaz. Moldovanı isə heç sayan belə yoxdur.

Bəs nə oldu?

Sənin neçə illər bəh-bəhnən işlətdiyin, miyonlar qazandırdığın birini onlar bir aya saxtakar élan edib, indidə arxasından vurub bayıra atmaq istəyirlər.

Bizdə bu bir görməmişlik həddinə gəlib çatıb. Bir əcnəbi gördüksə o dəqiqə qarşısında iki qat oluruq. Adınıda qoymuşuq qonaqpərvərik. Ta soruşmuruq ki, kimsən, nəçisən. Moşunun filmində olduğu kimi başlayırıq yedizdirib, içizdirməyə, evimizin yuxarı başında oruzdurub tərif deməyə, sonrada cibinə pul basıb yola salırıq. Amma axtarsan, həmin əcnəbini öz ölkəsində bəlkə heç it yerinə belə qoymurlar. Bizdə isə o ağa olur, biz də nökər. Sonrada deyirik ki, bizə hörmət qoymurlar. Sən birinci özünə hörmət qoy ki, sənə də hörmət etsinlər. Bir-iki cümlə də saxta diplomlarla bağlı deyim. Əslində saxta təhsil sənədləri alan şəxslərin vəzifədə olması ciddi problemdir. Əgər doğrudan yoxlamalar aparsalar nə qədər icra başçısının, müavinlərinin, idarə rəislərinin saxta diplomla işlədiyi üzə çıxar. 50-60 yaşında məmurlar var ki, bioqrafiyasını oxuyanda aldığı təhsil vaxtı 2000-ci ildən üzü bəri göstərilir. Əksəriyyəti də ikinci təhsil kimi idarəetməni qurtarıb. Birinci təhsildən isə xəbər yoxdur. Birinci təhsillərini də mən deyim. Hansısa özəl təhsil ocaqlarından pulla saxta diplom alır. Sonra da həmin diplomla ikinci təhsil alaraq, olur vəzifəli şəxs. Əgər mətbuatı araşdırsanız, onlarla belə faktlara rast gələrsiniz. Mətbuat bununla bağlı neçə icra başçısını, idarə müdirini ifşa edib. Amma nə fayda. İndiyə qədər işləyib camaatın qanını sorurlar. Təhsili olmayan birini vəzifəyə qoyub sonrada onda ədalət, düzgünlük, savad, keyfiyyətli idarəetmə gözləmək necə olardı. Həmin şəxs vəzifəyə xalqa xidmət obyekti kimi yox, bazardakı "piştaxta" kimi baxir. Nəyin bahasına olursa olsun, pul qazanmaq.



Şöhrət Əli