Azərbaycanda benzin də bahalaşacaq - təfsilat » Memur.az

Azərbaycanda benzin də bahalaşacaq - təfsilat

Azərbaycanda benzin də bahalaşacaq - təfsilat


Bu yaxınlarda elektrik enerjisinin ardınca Azərbaycanda benzinin də bahalaşması gözlənilir. Bununla bağlı təkliflər artıq Tarif Şurasına təqdim edilib. Bu barədə istiqlal.az-a hökumətdəki mənbələrdən məlumat daxil olub

Mənbənin sözlərinə görə, kommunal xidmət göstərən qurumların maliyyə durumunun yaxşı olmaması və kənardan maliyyə cəlb etmək imkanlarının məhdud olması səbəbindən hökumət təbii inhisarların xidmət tariflərini artırmağa məcburdur: “Bu il əhaliyə satılan suyun, elektrik enerjisinin qiyməti 17 faiz bahalaşıb. İndi növbə benzin və dizel yanacağınındır. Benzin və dizel yanacağının 20 faiz bahalaşması gözlənilir. Sonrakı mərhələdə isə əhaliyə satılan təbii qazın qiymətində bahlaşma olacağı nəzərdə tutulur”.

Sayt xatırladır ki, SOCAR prezidenti Rövnəq Abdullayev bu günlərdə benzinin daxili satış qiyməti ilə neftin ucuzlaşması arasında əlaqənin olmaması ilə bağlı açıqlama vermişdi. Bunu bahalaşmanın anonsu kimi də qiymətləndirmək olar.
Azərbaycanda sonuncu dəfə Tarif Şurasının qərarı ilə benzin 2013-cü ilin dekabrın 3-də bahalaşıb. Şuranın dekabrın 2-də axşam verdiyi qərarla qiymətlər belə qalxıb:

Bir litr benzin:
Aİ-80 və Aİ-92 markalı 55 qəpikdən 70 qəpiyə,
Aİ-95 markalı benzin 60 qəpikdən 80 qəpiyə,
Dizel yanacağı 45 qəpikdən 60 qəpiyə qaldırılıb.