Cavid Qurbanov baş nazir olacaq? » Memur.az

Cavid Qurbanov baş nazir olacaq?

Cavid Qurbanov baş nazir olacaq?Prezident İlham Əliyev yaxın aylarda hakim komanda da daha ciddi dəyişikliklərə start verəcək.

Bu sözləri "Reytinq" qəzetinə son bir həftədə iki icra başçısı təyinatını şərh edən ciddi mənbə deyib.

Mənbə bildirib ki, dünyada neftin qiymətinin kəskin enməsi ölkədə çevik idarəetmə formasını həyata keçirə biləcək insan kapitalına böyük ehtiyac yaradıb.

Ölkəni daha da böhranlı duruma düşməkdən xilas etməyin yolu - artıq "tükənmiş" və ya nəzəri biliklərə sahib olan kadrlarla deyil, praktik iş üslubuna sahib olan çevik şəxslərlə işləməkdir:

"Bunu hakim komandanın lideri əla bilir. Onun üçün də tədricən bu prosesi həyata keçirməyə başlayıblar. Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması və ona geniş iqtisadi səlahiyyətlərin verilməsi, həmçinin, vergi, gömrük və digər sahələrlə bağlı qanunvericiliyin yeni bazar prinsiplərinə uyğunlaşdırılması da bu zərurətdən irəli gəlir. Bütün bunlar böyük islahatlara ciddi hazırlığın getdiyini göstərir. Hesab edirəm ki, yaxın vaxtlarda bu islahatlar real kadr və struktur dəyişiklikləri ilə müşaiyət olunacaq".(teref)Məlumatlı şəxsin iddiasına görə, islahatlar bu dəfə Nazirlər Kabinetini "ağuşu"na alacaq: "İllərdir Azərbaycanda Artur Rasi-zadənin vəzifədən gedəcəyi haqqında dövriyyəyə xəbər buraxılır. Onun yerinə isə iqtidarda olan əksər nazirlərin adları hallanıb. Hər zaman isə önə üç nazirin adı çıxarılıb - Kəmaləddin Heydərov, Samir Şərifov və Ziya Məmmədov! Ancaq böyük ehtimalla onların heç biri baş nazir olmayacaq. Artur Rasi-zadənin postuna heç kimin gözləmədiyi və əsasən bəzilərinin "təsərrüfat adamı" kimi xarakterizə etdiyi şəxs gətirilə bilər".

Mənbəmiz iddia edir ki, hazırda "təsərrüfat adamı" kimi də daha çox "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanov önə çıxarılır:

"Cavid Qurbanova adıçəkilən ASC-yə təyinatı zamanı çox ciddi tapşırıqlar verilib, yeni vəzifəsində görəcəyi işlərin gələcək karyerasında önəmli dönüş yaradacağı bildirilib.

Diqqətinizə çatdırım ki, Cavid Qurbanov da özünü daha çox icraçı, təsərrüfatçı kimi təqdim edir. Yəqin bunu onun müsahibə və açıqlamalarından da hiss etmisiniz. Burada xüsusi məqsəd var - o, bununla öz niyyətinə çatmaq istəyir.

Məsələn, Ziya Məmmədovla aralarındakı konfliktdən çox ustalıqla yayınan və "O, nazirdir, mən isə konkret təsərrüfatçı, dövlətin üzərimizə qoyduğu vəzifələri icra edən şəxsəm" və yaxud "Bilirsiniz ki, dövlətlərarası münasibətləri cənab prezident müəyyən edir. Biz sadəcə icraçılarıq",- kimi sözlərini hər addımda təkrarlayan Cavid Qurbanov bununla heç bir siyasi iddiasının olmadığını, ancaq tapşırılan işləri icra etməyə həvəsli olduğunu götərmək istəyir”.

Maraqlıdır ki, o, bu cümlələri çox ehtiyatlı tezislərin üzərində qurur. Sual oluna bilər, o, niyə belə söhbətlərdən həyəcanlanır və ya qorxur? O, niyə özünü ancaq "texnokrat məmur" kimi təqdim etməyə çalışır?

Mənbəmiz bu suallara cavabında deyib ki, C.Qurbanovun özü də ölkənin baş naziri postuna iddialıdır: "Daha dəqiqi, ona "bu posta ən real namizəd sənsən",- mesajı verilib. Təbii ki, hakim komandadakı ciddi qruplaşmalardan kifayət qədər kənarda dayanan, ciddi siyasi və iqtisadi qruplara bağlı olmayan, ancaq həddən artıq ehtiyatlı, tədbirli, öz iddiasını "saman altından su yeritməklə" həyata keçirən Cavid Qurbanov da Artur Rasi-zadənin yerinə özünü ən layiqli namizəd kimi görür və hesab edir ki, bunun üçün onun böyük imkanları var".

Məlumatlı şəxs deyib ki, Rusiya, Ukrayna, Gürcüstanla yanaşı, Türkiyə iqtidarı ilə sıx əlaqələr quran Cavid Qurbanov bu əlaqələrin də onun yolunu aydınlatdığının fərqindədir:

"Xatırlayırsınızsa, Cavid Qurbanov Türkiyədə AKP iqtidarının yeni baş nazirini seçən qurultayında iştirak edən yeganə azərbaycanlı məmur kimi iştirak etməsini çox ustalıqla ölkədə tirajladı. İki gün sonra isə o, mətbuata geniş müsahibə verərək "Türkiyənin yeni baş naziri Binəli Yıldırımla ailəvi dostuq",- deməklə yanaşı, "İqtisadiyyatın inkişafı üçün təsərrüfatçı bir şəxsin baş nazir olması, hesab edirəm ki, daha sərfəlidir", - sözləri də, hazırki həssas məqamda açıq mesajdır. Hesab edirəm ki, bütün bunlar təsadüf deyil.

Bəli, Cavid Qurbanov Azərbaycana ciddi təsirə malik olan Türkiyənin baş naziri ilə ailəvi dostluğunu, ölkənin baş naziri postunda əslində necə adamın (kadrın) olmasını açıq bəyan eləməsi, rəqiblərinə hesablanmış sərrast atəşdir. Eyni zamanda, son aylardakı proseslər göstərir ki, o, artıq özünü baş nazir postunun bir addımlığında görür. Etiraf etmək lazımdır ki, yaxın aylarda onunla bağlı bu təyinatın gerçəkləşmə ehtimalı da çox yüksəkdir!".

Mənbə deyib ki, yaxın aylarda ciddi kadr islahatları ilə yanaşı, struktur islahatlarının da həyata keçirilməsi günün əsas mövzusudur: "Bununla bağlı bir neçə variant da var. Yəni hansı qurumların ləğvi, hansıların birləşdirilməsi istiqamətində bir neçə variantlar hazırlanıb. Son qərarı isə sözsüz ki, prezident verəcək. Ancaq hesab edirəm ki, prezident bu variantlardan birini qəbul edəcək, yəni hazırki qeyri-müəyyən durumu çox uzatmayacaq...".(gündəmşok)

Memur.az