Binəqədi faciəsi: Kəmaləddin Heydərovu da “yandırmaq” istəyirdilər... » Memur.az

Binəqədi faciəsi: Kəmaləddin Heydərovu da “yandırmaq” istəyirdilər...

Binəqədi faciəsi: Kəmaləddin Heydərovu da “yandırmaq” istəyirdilər...Milli Məclisin üzvü, parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Orucun ötən il Binəqədi rayonunda baş vermiş və 15 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı açıqlaması məsələni yenidən gündəmə gətirdi.

Deputat yanğının təsadüfü olmadığını bildirir: “Binəqədidəki bina yanğını öz-özlüyündə baş verə bilməzdi. Binadakı yanğın insani vasitələrlə həyata keçirilib: Yanğın hər hansı qığılcımın, qısaqapanmanın nəticəsi deyil. Prokurorluq orqanının işçisi olmadığımdan bütün söylədiklərim öz düşüncələrimdir”.

Z.Orucun fikrincə, burada daxildə güc göstərən qüvvələrlə yanaşı, xarici agentura şəbəkəsi də işləyib: “Hər halda bina örtük ilə arasındakı boşluqda yaradılan istilik effektləri, yanğına kömək edən vasitələrlə alovlanıb. Buna mənim heç bir şübhəm yoxdur. Üç dəfə – həm Sumqayıtda, həm də Bakının müxtəlif nöqtələrində bu istiqamətdə addımlar atılıb”.

Z.Oruc “daxili qüvvə” dedikdə o vaxtkı MTN başçısı Eldar Mahmudov və onun qruplaşmasını nəzərdə tutur. Binəqədidə baş verən yanğın müəmması bu gün də davam edir və hələ ki, bu məsələ açıq qalıb. Hadisə ilə bağlı isrintaq yekunlaşıb və iş məhkəməyə göndərilib. Yəqin ki, məhkəmədə bir çox məqamlar açıqlanacaq. Ancaq bu yanğın kimə və niyə lazım idi? Bu suala birmənalı cavab olmasa da, müəyyən ehtimallar irəli sürmək mümkündür.

İlk növbədə faciənin baş verdiyi tarixə nəzər salmaq vacibdir. 19 may 2015-ci il - düz 24 gün sonra Bakıda I Avropa Oyunlarının açılışı gözlənilir. Hökumət bütün gücünü hazırlıqlara yönəldir və bu arada Binəqədi faciəsi baş verir və gündəm 180 dərəcə dəyişir. O dövrdə Bakının Qərblə münasibətlərində ciddi fikir ayrılıqları var idi, hətta qarşılıqlı ittihamlar da intensivləşirdi. Qərb kəşfiyyatının tam nəzarətində olan Eldar Mamudov qruplaşmasının bu təxribata əl atması inandırıcıdır. Müəyyən Qərb çevrələri prezident İlham Əliyevə təzyiq göstərmək istəyirdi. Ancaq bu təxribatın arxasında təkcə gündəmi 180 dərəcə dəyişmək dayanmırdı.

Hakimiyyət dəhlizlərindən sızan məlumatlara görə, Avropa Oyunlarına hazırlıq işləri lazımı səviyyədə olmayıb. Prezident İlham Əliyev 2015-ci ilin əvvəlində Olmpiya stadionunun tikintisi ilə tanış olanda işlərin sürətindən narazı qalıb. Bundan sonra prezident fövqəladə hallar naziri Kəmaləddin Heydərova tikintini sürətləndirmək üçün tapşırıqlar verib. Olimpiya Stadionunun tikintisinin de-yure K.Heydərova heç bir bağlılığı olmayıb. Sadəcə, prezident etibarlı və yüksək işgüzarlıq əmsalı olan K.Heydərova qeyri-rəsmi mandat verərək prosesə rəhbərliyi onun üzərinə qoyub.

K.Heydərov da bu işin öhdəsindən məharətlə gəldi – FHN və nəzarətində olan “Gilan-holdinq”ə məxsus ağır texnika və başqa resursları tikintiyə yönəltdi, tikinti vaxtında və keyfiyyətlə başa çatdı. Hətta o vaxta paytaxtın başqa yerlərində də Avropa Oyunları ilə bağlı tikinti işlərinə də K.Heydərov texniki dəstək verirdi. Bir sözlə, o dövrdə K.Heydərov Avropa Oyunlarına hazırlıq işlərində əsas fiqur, prezidentin isə əsas güvəndiyi menecer kimi çıxış edirdi. Ona görə də Binəqədi faciəsi həm də K.Heydərovun vurulmasına hesablanmışdı. Prezident İlham Əliyevə təzyiqin bir forması da onun ən etibarlı və yüksək işgüzarlıq əmsalı olan nazirinin sıradan çıxarılması sayıla bilərdi.

Faciədən dərhal sonra mediaya qapalı olan Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qəfil geniş müsahibə verdi. Müsahibədə dərhal yanğına görə Fövqəladə Hallar Nazirliyinin məsuliyyət daşıdığını dedi. Təbii ki, icra başçısının nazirin üstünə getməsi özfəaliyyət deyildi. X.İsgəndərovun təmsil olunduğu qrup və ya qruplar o dövrdə K.Heydərovu bitirmək üçün bu faicədən yararlanmaq istəyirdi.

Faciə günü ölkədə olmayan K.Heydərov təcili ölkəyə qayıtdı və təmkinli davranışı rəqiblərinin bütün planlarını alt-üst etdi.

Birincisi, FHN dərhal açıqladı ki, üzlüklərin təhlükəli olması ilə bağlı rayon icra hakimiyyətlərinə, o cümlədən də Binəqədi rayon İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərilib. Bu məktubların surəti hətta prezident İlham Əliyevə də təqdim edildi.

İkinci, üzlüklərin Bakıda yanması birinci hadisə deyildi. Ona görə də K.Heydərov prezident yanında keçirilən müşavirədə bu üzlüklərlə üzlənmiş binaların yaxınlığında yanğın-söndürmə maşınlarını yerləşdirmək təklifini verdi və təklif qəbul edildi. Çünki Heydərov təxribatların davam etməsindən ehtiyatlanırdı.

Üçüncüsü, prezidentin tapşırığından sonra üzlüklərin dərhal sökülməsinə başlanıldı. Heydərov bu məsələdə də izafi əziyyətə qatlaşmalı oldu. Söküntü işlərinə FHN, Dövlət Neft Şirkətinin texnikası ilə yanaşı, “Gilan-holdinq”-in resursları cəlb edildi. Və qısa müddətdə üzlüklər yığışdırıldı, təxribat ehtimalı da sıfırlandı. Ən başlıcası isə Avropa Oyunları start götürənə qədər bütün işlər yekunlaşdı.

Ona görə də belə hesab etmək olar ki, Binəqədi faciəsi, obrazlı desək, siyasi sui-qəsd idi. Yəni prezidentə və yaxın ətrafına qarşı siyasi sui-qəsd. Binəqədi faciəsi xarici dairələrin yerli tərəfdaşları ilə birgə həyata keçirdiyi, prezident İlham Əliyevə təzyiq kimi hesablanmış təxribat idi.(istiqlal.az)

Memur.az