Qarabağ danışıqlarında nəticə necə olacaq? » Memur.az

Qarabağ danışıqlarında nəticə necə olacaq?

Qarabağ danışıqlarında nəticə necə olacaq?Azərbaycan Ermənistanla danışıqlara yeni formatda gedir

Qarabağ danışıqlarında yeni gedişlərin edildiyi diqqəti çəkir. Ermənistan tərəfinin heç bir addım atmamasına rəğmən, rəsmi Bakının danışıqlar üçün bütün hazırlıqları görməsi də bundan xəbər verir.

Politika.Az bildirir ki, hadisələrin gedişatında Azərbaycan və Ermənistan prezidentlərinin artıq bəzi məsələlərdə ortaq məxrəcə gələ biləcəkləri diqqəti çəkir. Azərbaycan tərəfinin açıqlamalarında sərtlik müşahidə edilsə də, bunun sülhə çevrilmə imkanları çoxdur. Amma analoji şeyi Ermənistan tərəfi üçün demək haqsızlıq olar.

Qeyd edək ki, Qarabağ danışıqlarında yeni keyfiyyət mərhələsinin tərəflərə nə kimi xeyri olacağı çox maraqlıdır. Bildirək ki, bu dəfəki danışıqlar nəticə etibarı ilə Azərbaycanın xeyrinə qurtarmalıdır. Ona görə ki, aprel döyüşlərindən sonra status-kvo dəyişib və ermənilər xeyli geri çəkiliblər. Bu çəkilmələr fonunda Ermənistanın danışıqlarında da müəyyən geriləmələr müşahidə edilir.

Politika.Az xəbər verir ki, Sankt Peterburqda keçirilməsi gözlənilən görüşdən nəticə çıxacağı da inandırıcıdır. Ona görə ki, Ermənistan artıq işğal altında olan torpaqları əllərində saxlaya bilmirlər. İrəvan tərəfi dolayısı ilə münaqişənin həllinə tərəfdar olduğunu açıqlasa da, digər tərəfdən də təkliflər irəli sürərək, vaxt udmağa çalışır. Amma bunun faydasız olacağını düşünürük. Çünki Azərbaycan tərəfi bu dəfə hər hansı bir güzəştə getmək niyyətində deyil.

Bəs, format necə olacaq? Politika.Az xəbər verir ki, bu barədə dəqiq danışmaq mümkünsüzdür. Proses ancaq danışıqlar başladıqdan sonra bilinəcək. Amma təxminlər belədir ki, Ermənistan tərəfi işğal altında saxladığı Azərbaycan torpaqlarını hissə-hissə geri vermək istəyir. Yəni, əvvəlkilərdən fərqli olaraq, 6 rayonu birdən deyil, 1-1 qaytarmağa üstünlük verir. Belə bir addımın atılması isə ermənilərin vaxt udaraq, mövqelərini bərkitmələri üçün lazım olandır.
Bir sözlə, Qarabağ danışıqları ətrafında yeni bir mərhələ başlayır. Azərbaycan tərəfi israrlıdır, Ermənistan isə maksimum dərəcədə «başını qorumağa» çalışır. Çünki rəsmi Bakının təzyiqləri altında İrəvanın təklifləri qəbul etməkdən başqa çıxış yolları qalmayacaq.(Politika.Az)

Memur.az