İlham Əliyev 4 yeni fərman və sərəncam imzalayıb - siyahı » Memur.az

İlham Əliyev 4 yeni fərman və sərəncam imzalayıb - siyahı

İlham Əliyev 4 yeni fərman və sərəncam imzalayıb - siyahıAzərbaycanda mərkəzi və yerli icra hakimiyyəti orqanları fəaliyyət istiqamətlərinə və səlahiyyətlərinə uyğun olaraq göstərdikləri elektron xidmətlər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN xidmət indeksi” üzrə qiymətləndiriləcək.

Bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərmanında əksini tapıb.

Dövlət Agentliyinə tapşırılıb ki, “ASAN xidmət indeksi”ni təşkil edən parametrləri rəhbər tutmaqla, Elektron Reyestrə daxil edilmiş xidmətlərin qiymətləndirilməsini həyata keçirsin. Bu parametrlərə xidmət barədə məlumatlandırma (xidmət üçün tələb olunan sənədlər və xidmət haqları barədə məlumatlandırma, sorğu xidmətinə edilən müraciətlərin cavablandırılma operativliyi və s.), xidmətə müraciət imkanları (elektron, poçt, birbaşa), xidmətin göstərilmə müddəti, xidmətin təşkilində istifadə edilən informasiya ehtiyatlarının elektronlaşdırılması və digər dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiyası, xidmətlərin təşkili ilə bağlı əməkdaşlara təlim keçilməsi, şikayət və nəzarət mexanizmləri və vətəndaş məmnunluğunun ölçülməsi mexanizmləri daxildir.

Dövlət Agentliyi eyni zamanda elektron Reyestrə daxil edilmiş hər bir xidmət üzrə “ASAN xidmət indeksi”nin Elektron Reyestrdə yerləşdirilməsini təmin etməli, dövlət xidmətlərinin “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsi qaydalarını müəyyən etməlidir. Dövlət xidmətləri barədə məlumatlandırmanın vahid mənbədən həyata keçirilməsini və dövlət xidmətləri barədə məlumatların mütəmadi yenilənməsini təşkil etmək məqsədi ilə mərkəzi və yerli icra hakimiyyəti orqanları öz rəsmi internet informasiya ehtiyatlarında dövlət xidmətləri bölməsinin yaradılmasını, burada müvafiq dövlət xidmətləri barədə Elektron Reyestrdəki məlumatlara keçidin yerləşdirilməsini və elektron xidmətlərin həmin bölmədən həyata keçirilməsini 2016-cı il oktyabrın 1-dək təmin etməlidir.

***

Dövlət Sərhəd Xidmətinə vəzifə və hüquqları artırılıb.

Bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” fərmanında əksini tapıb.

Dövlət Sərhəd Xidmətinə həvalə edilən yeni vəzifəyə əsasən Xidmət narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların Azərbaycan dövlət sərhədinin buraxılış məntəqələrindən qanunsuz keçirilməsinin qarşısını almaq üçün tədbirlər görəcək.

Dövlət Sərhəd Xidmətinə verilən yeni hüququ gəlincə, qurum bundan sonra şəxslərin Azərbaycanın dövlət sərhədindən qanunsuz keçməsinin, habelə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə Azərbaycan dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə gələn və ölkədən gedən nəqliyyat vasitələrinə baxış keçirilməsini təmin edəcək.

***

Azərbaycan prezidenti İlham Əliyev “Birgə Azərbaycan–Fransız Universiteti (UFAZ)” layihəsinin həyata keçirilməsi barədə sərəncam imzalayıb.

UFAZ layihəsinə cəlb edilən Azərbaycan ali təhsil müəssisələrinə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq hüququ verilib.

UFAZ layihəsinə cəlb olunan Azərbaycan Respublikası ali təhsil müəssisələri tətbiq etdikləri Fransanın müvafiq ali təhsil müəssisələrinin təhsil proqramlarını birgə idarə etmək hüququna malikdir, maddi-texniki baza imkan verdiyi hallarda UFAZ layihəsi üçün müəyyən edilmiş dövlət hesabına təhsilalanların sayından artıq ödənişli əsaslarla da tələbə qəbulu apara bilərlər.

Nazirlər Kabinetinə isə UFAZ layihəsi çərçivəsində dövlət hesabına təhsil alan tələbələrin sayını hər il müəyyən etmək, habelə UFAZ layihəsinə cəlb olunacaq ali təhsil müəssisələrinin maddi-texniki bazasının təşkili və əməliyyat xərclərinin maliyyələşdirilməsi məsələlərini həll etmək tapşırılıb.

***

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1339-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 440; 2006, № 3, maddə 229, № 6, maddə 498; 2007, № 2, maddələr 86, 101, № 3, maddələr 217, 227, № 7, maddə 714, № 9, maddə 867, № 10, maddə 948, № 12, maddə 1242; 2008, № 1, maddə 9, № 3, maddələr 173, 179, № 6, maddə 499, № 8, maddələr 717, 723; 2009, № 2, maddə 66, № 6, maddələr 419, 421, 422; 2010, № 2, maddə 80, № 3, maddə 183, № 10, maddə 850; 2011, № 2, maddə 85; 2012, № 11, maddə 1078; 2013, № 3, maddə 236, № 8, maddə 901; 2014, № 9, maddə 1027) ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1.1-ci yarımbəndin dördüncü abzasına “Dövlət müşaviri” sözlərindən sonra “, Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının rəhbəri” sözləri əlavə edilsin.

2. 2.1.2-ci yarımbənd üzrə:

2.1. onuncu abzasda “və Azərbaycan Respublikası Nazirlər Kabinetinin” sözləri “, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin” sözləri ilə əvəz edilsin;

2.2. on ikinci abzasdan “Azərbaycan Respublikası Ali Məhkəməsi,” sözləri çıxarılsın;

2.3. on üçüncü abzasda “və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi” sözləri “, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi” sözləri ilə əvəz edilsin.

3. 2.1.3-cü yarımbənd üzrə:

3.1. altıncı abzasda “və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin” sözləri “, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin” sözləri ilə əvəz edilsin;

3.2. doqquzuncu abzasa “Azərbaycan Respublikası Nazirlər Kabinetinin” sözlərindən sonra “, Azərbaycan Respublikası Ali Məhkəməsinin,” sözləri əlavə edilsin;

3.3. onuncu abzasdan “Azərbaycan Respublikası Ali Məhkəməsi,” sözləri çıxarılsın.

4. 2.1.4-cü yarımbənd üzrə:

4.1. yeddinci abzasın sonuna “məsləhətçi” sözündən sonra “, Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, məhkəmə iclasının katibi, hakimin köməkçisi” sözləri əlavə edilsin;

4.2. onuncu abzasda “və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin” sözləri “, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin” sözləri ilə əvəz edilsin;

4.3. on dördüncü abzasdan “Azərbaycan Respublikası Ali Məhkəməsinin,” sözləri çıxarılsın;

4.4. on beşinci abzasdan “Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin,” sözləri çıxarılsın;

4.5. on altıncı abzas ləğv edilsin.

5. 2.1.5-ci yarımbəndin ikinci abzası ləğv edilsin.

6. 2.1.6-cı yarımbəndin on ikinci abzasından “Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər İdarəsində şöbə müdiri, onun müavini, sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi,” sözləri çıxarılsın.

7. 2.3.1-ci yarımbəndin beşinci və altıncı abzaslarında “və Azərbaycan Respublikası Nazirlər Kabinetinin” sözləri “, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin” sözləri ilə əvəz edilsin.

8. 2.3.2-ci yarımbəndin ikinci abzasından “Azərbaycan Respublikası Ali Məhkəməsinin,” sözləri, üçüncü abzasından isə “Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər İdarəsində və” sözləri çıxarılsın.

Memur.az