İlham Əliyevin qətiyyətli Qarabağ siyasəti » Memur.az

İlham Əliyevin qətiyyətli Qarabağ siyasəti

İlham Əliyevin qətiyyətli Qarabağ siyasətiAzərbaycan Prezidentinin uzaqgörən strateji planı yaxın vaxtlarda işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edəcək

2003-cü ildə prezident seçilərkən cənab İlham Əliyev respublikamızın bütün uğurlarının Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd etmiş, Azərbaycan diplomatiyasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ümummilli liderin başladığı siyasi kursu uğurla davam etdirəcəyini bildirmişdi.

Ulu öndərin beynəlxalq səviyyədə etdiyi çıxışlarında Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olması fikri öz əksini onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik nitqlərində də tapır.

Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın münaqişə ocağına çevrilməsinin bütün morfologiyası İlham Əliyev diplomatiyasının daim diqqət mərkəzində olmuşdur.

Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionunun, həmçinin onun ətrafında 7 rayonunun işğal edilməsi və hələ də işğal altında saxlaması Azərbaycan Respublikasının və eləcə də müasir dünyanın ən böyük narahatlıq doğuran problemlərindən biri olması şübhəsizdir.
Proseslərin ardıcıl izlənməsi göstərir ki, cənab İlham Əliyev xarici səfərlərində Heydər Əliyev siyasətini yeni formada təcəssüm etdirmişdir. Prezident İlham Əliyevin xarici siyasətinin əsasını məhz Azərbaycan Respublikasının ərazi bütövlüyü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi təşkil etmişdir.

Prezident İlham Əliyevin apardığı çevik diplomatik mübarizə nəticəsində təcavüzkar Ermənistan dövlətinin ən müxtəlif səviyyələrdə ifşası davam etmiş, erməni lobbisinin apardığı bədnam təbliğata qarşı səmərəli əks-hücum təşkil edilmişdi Prezidentin apardığı siyasi mübarizəyə əsaslanan diplomatiya ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında daha fəal görünmüş, bu, ardıcıl və sistemli fəaliyyətin həyata keçirilməsi ilə müşayiət olunmuşdur. Ermənistan Respublikasının beynəlxalq hüquq norma və prinsiplərinə məhəl qoymayan işğalçı dövlət olması faktı indi bir çox dünya dövlətləri tərəfindən qəbul edilir.
Bununla bərabər, Prezident İlham Əliyevin vurğuladığı "Azərbaycan torpaqları danışıq predmeti ola bilməz", "Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyildir və heç vaxt olmayacaqdır... Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcəkdir. Yəni Azərbaycanın ərazi bütövlüyü məsələsində... heç bir güzəşt olmayacaqdır" mötəbər fikirlər tariximizin bugünkü reallığını əks etdirir.

Təsadüfi deyil ki, bunu dərindən dərk edən xalqımız yeni minilliyin ilk prezident seçkilərində çox müdrik seçim etdi: Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı olan İlham Əliyevə səs verdi, onu prezident seçdi. 2003-cü ildə başlanmış bu müdrik addım ikinci dəfə 2008-ci və 2013-cü illərdə də təkrar edildi. Azərbaycan xalqı yeni əsrdə yeni liderinin - qətiyyətli və müdrik Prezident İlham Əliyevin rəhbərliyi altında ulu öndər Heydər Əliyevin müəyyən etdiyi kursla daha böyük uğurlara doğru yol başladı.

Azərbaycan Respublikasının siyasi, iqtisadi və beynəlxalq əlaqələrinin genişlənməsi və maraqlarının təmin olunması sahəsində varisliyə sadiq qalan Prezident İlham Əliyev ölkənin seçdiyi yolun alternativsizliyini hər bir məqamda vurğulayır.

"Ən böyük xoşbəxtlik, ən böyük qiymət odur ki, xalq səni dəstəkləsin" deyərkən cənab Prezident İlham Əliyev xalqın etimadını doğrultmağı və ona arxalanmağı nəzərdə tuturdu.

İlham Əliyev ulu öndərdən irs qalan xarici və daxili siyasət kursunu yüksək xüsusiyyətlər əsasında, qabiliyyətlə, dəyanətlə həyata keçirir. Rəhbər şəxsiyyəti yüksək bilik, çevik siyasət, cəsarət, dəyanət formalaşdırırsa, bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyev öz yerindədir.

İlk dəfə Azərbaycan Prezidenti seçilən ərəfədə "Prezident seçilərəmsə sosial sahə və iqtisadiyyat əsas fəaliyyətim olacaq. Bu iki önəmli məsələ ilə yanaşı, erməni işğalı altında olan Yuxarı Qarabağ probleminə də önəm verəcəyəm" deyən, xalqın böyük sevgisinə arxalanan, Azərbaycan dövlətinin sükanını etibarlı əllərdə saxlayan Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair bütün proseslərə ciddi nəzarət etmişdir.

Ermənistan Respublikasının BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməməsini, ATƏT-in Minsk qrupunun isə bununla bağlı heç bir adekvat qərar qəbul etməməsini dəfələrlə diqqətə çatdıran Prezident İlham Əliyevin "Azərbaycan problemin heç zaman "mövcud reallıqlar" əsasında həlli variantı ilə razılaşmayacaq və torpağının bir qarışını belə heç kimə verməyəcəkdir" deməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində beynəlxalq ictimaiyyətin tutduğu passiv müşahidəçi mövqeyinin yaranmış çıxılmaz vəziyyəti daha da gərginləşdirə biləcəyindən narahatlığını açıqdan-açığa bildirmişdir. O, ATƏT-in Minsk qrupunun və BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın təcavüzkar qüvvələri qarşısından geri çəkildiyini aşkar şəkildə bəyan etmişdir Dövlətimizin müstəqilliyini, xalqımızın əmin-amanlığını qorumağa, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə qadir olan Silahlı Qüvvələrə - güclü Milli Ordumuza arxalanan Prezident İlham Əliyevin "Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlamamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəkdir" bəyanatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının etibarlı təminatıdır. Son apreli müharibəsi isə bir daha təsdiqlədi ki, Ali Baş Komandanın rəhbərliyi altında Qarabağ torpaqları düşmən tapdağı altından azad ediləcək.

Artıq çoxdandır ki, Ermənistanı himayə edən müəyyən xarici siyasi dairələr, o cümlədən erməni lobbisi Azərbaycanda iqtisadiyyatın sürətlə inkişaf etdiyi, beynəlxalq aləmdə inamlı siyasət yeridildiyi bir mərhələdə, müstəqil iqtisadi siyasəti olmayan, regionun iqtisadi proseslərinə qoşula bilməyən, iqtisadi tənəzzül keçirən və əhalinin kütləvi şəkildə ölkəni tərk etməsinin qarşısını ala bilməyən Ermənistan Respublikasının siyasi nüfuzu da iflasa uğramışdır.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində nəinki tutduğu mövqedən çəkilməmiş, hətta hücum diplomatiyasına üstünlük vermişdir. Prezidentin diplomatlarla görüşdə dediyi "Biz müdafiədən hücuma keçməliyik" fikrinin əsas istiqaməti Ermənistan Respublikasının Dağlıq Qarabağ problemini indiki reallıqla razılaşmaqla həll etmək tezisi ilə çıxış edən antiazərbaycançı qüvvələrə qarşı yönəlmiş siyasi xətt idi.

Prezident İlham Əliyevin müəyyən etdiyi xəttə əsaslanan Azərbaycan diplomatiyası ölkəmizin həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında daha da fəallaşdı. Bu diplomatik fəallıq ardıcıl və sistemli fəaliyyətin həyata keçirilməsi ilə müşayiət olunmağa başladı. Ermənistanın beynəlxalq hüquq normaları və prinsiplərinə məhəl qoymayan işğalçı dövlət olması faktı bir çox dünya dövlətləri tərəfindən qəbul edildi. Bu da Ermənistanın siyasi mövqelərinə ciddi zərbə vurdu. Beynəlxalq təşkilatlar münaqişənin həlli ilə bağlı fəaliyyətini xeyli dərəcədə gücləndirdi. Dünyanın ən aparıcı beynəlxalq təşkilatları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət ayırmağa başladı. BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyi, İKT kimi nüfuzlu beynəlxalq qurumlar problemin ərazi toxunulmazlığı prinsipi əsasında həllinə üstünlük verdi.

ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə 2007-ci il Madrid danışıqları Azərbaycan Respublikasının xarici siyəsətinin əyani göstəricisi və Prezident İlham Əliyevin xarici siyasətinin uğurudur.

2008-ci il martın 14-də BMT Baş Məclisində Azərbaycan Respublikasının ərazi bütövlüyünün bir daha təsdiqlənməsi də İlham Əliyevin fəal diplomatiyasının uğurlarından biridir.

Azərbaycanın iqtisadi potensialının güclənməsi, hərbi büdcəsinin ildən-ilə artması danışıqlar prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması prosesini gücləndirir. Bir daha qeyd etmək lazımdır ki, Ermənistan bunun müqabilində münaqişənin həlli ilə bağlı siyasi arenada heç bir irəliləyişə nail olmamışdır.
Cənab İlham Əliyev Dağlıq Qarabağ probleminin həllinin uzanmasını, status-kvonun saxlanmasını onun maraqlarına xidmət etdiyini hesab edən Yerevanın təsəvvürünün yanlış və həm də səhv olduğunu vurğulayır. Bu, tarixdə baş verənlərə diqqətlə yanaşma, baş verən proseslərə düzgün və obyektiv münasibət, uzaqgörənliklə verilən qiymət, tariximizin və müasir siyasətimizin bugünkü simasıdır.

İqtisadiyyatı sabit inkişaf edən, dinamik, müasir və regional məsələlərdən əlavə dünya məsələlərində artıq müəyyən çəkiyə malik olan Azərbaycan Respublikasının beynəlxalq nüfuzu getdikcə artır. İnamla demək olar ki, respublikamız taleyüklü məsələ olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas söz sahibi olmaq imicini qazanacaq və bu münaqişənin birdəfəlik həllinə nail olacaq.

Həqiqətin bir üzü var. Azərbaycan Prezidenti haqqın, ədalətin bərpa olunmasını istəyir və tələb edir. Azərbaycan xalqının bir el məsəlində deyildiyi kimi: düz əyrini kəsər.

Beləliklə, Prezident İlham Əliyevin böyük qətiyyətlə apardığı xarici siyasət Azərbaycan Respublikasının milli maraqlarına tam cavab verməklə, respublikamızın beynəlxalq arenada imicinin daha da güclənməsinə xidmət edir. Azərbaycan Respublikasının malik olduğu iqtisadi potensial, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən kompleks islahatların nəticəsində respublikamızın sülh, əməkdaşlıq və tərəqqi mərkəzinə çevrilməsi, xalqımızın milli maraq və mənafelərini daha etibarlı səviyyədə təmin etməsi, Azərbaycanın sürətli inkişaf yolunda olması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində uğurlu nəticə əldə ediləcəyinə böyük inam yaradır.(Politika.Az)

Memur.az