Nizami rayon icra başçısı Arif Qasımovu diqqət mərkəzinə gətirən şok səbəblər » Memur.az

Nizami rayon icra başçısı Arif Qasımovu diqqət mərkəzinə gətirən şok səbəblər

Nizami rayon icra başçısı Arif Qasımovu diqqət mərkəzinə gətirən şok səbəblərEldar Mahmudovla olan yaxın münasibətləri zamanında başçının köməyinə gəlsə də hazırda onun əsas baş ağrısına çevrilib

Ölkə gündəmində ciddi müzakirələrə səbəb olan kadr dəyişikliklərindən sonra öz işinin öhdəsindən gəlməyən, fəaliyyətdə olduğu müddətdə adı korrupsiya və rüşvət siyahılarında ilk pillələrdə qərarlaşan bir çox məmurların da növbəsinin çatdığı haqqında informasiyalar yayıldı. Yeni dövrdə, tamamilə yeni iqtisadi münasibətlərin qurulduğu zamanda icra başçılığından daha çox biznesmen kimi ad çıxaran bir çox məmurların da vəzifəsi ilə vidalaşacağı gözləniləndir. Belə ki, uzun illər vəzifə səlahiyyətlərindən öz şəxsi biznes maraqları üçün istifadə edən, rəhbərlik etdiyi rayonu az qala özəlləşdirən məmurlar indiki iqtisadi tələblərə cavab vermir, həm xalq, həm də iqtidar düşərgəsi tərəfindən narazılıq doğurur.
Rublika.az-a daxil olan məlumatlarda məmurluq karyerası dövründə adı bir çox korrupsiya qalmaqallarında çəkilən və rəhbərlik etdiyi rayonlarda heç bir uğur qazana bilməyən Arif Qasımovun adı vəzifədən alınacaq məmurlar içərisində ilk sıralarda çəkilir. Ona göstərilən etimadı doğrultmaq üçün kifayət qədər zamanı olmasına baxmayaraq A. Qasımov hər zaman şəxsi maraqlarını ön plana çəkib. Nizami bələdiyyəsinin sədri olduğu dövrdə də, Siyəzənin icra başçısı olduğu müddətdə də belə olub, bu gün də belədir.
Bildirək ki, digər yüksək çinli məmurlarımız kimi, A.Qasımov da geniş biznes şəbəkəsi ilə tanınıb. 2011-ci ildə Siyəzənin icra başçısı təyin olunan Arif Qasımov özü üçün rayonda bir neçə nəhəng ferma inşa etdirib. Bu fermaları saхlamaq üçün təbii ki, əkin və otlaq sahələrinə ehtiyac var. Arif Qasımov bu ehtiyacı ödəmək üçün fermerlərə uzun müddətə icarəyə verilmiş bələdiyyə torpaqlarını zəbt edib. Həmin ərazilər indi icra başçısının fermalarına хidmət edir.Rublika.az-a daxil olan məlumatlara görə Arif Qasımovun Siyəzəndə bir neçə üzlük daş sexləri də fəaliyyət göstərir. Həmin seхlər rayonda görülən bütün təmir-tikinti işlərini tikinti materialları ilə təmin edirdi . Bildirilir ki, hazırda bu proses Nizami rayonunda davam etdirilir.
Amma Arif Qasımovun biznesi Siyazənlə mədudlaşmır. Məlumatlı mənbələrin sözlərinə görə, onun əvvəllər bələdiyyə sədri işlədiyi, indi isə icra başçısı kimi təyinat aldığı Nizami rayonunda, icra başçısının nümayəndəsi olduğu Binəqədi rayonunun Biləcəri qəsəbəsində bir neçə ticarət obyekti fəaliyyət göstərir. Həmçinin icra başçısının Bakının müхtəlif yerlərinə tikinti işləri apardığı bildirilir. Paytхatda özünün və yaхınlarının adına onlarla mənzilinin, dəyəri milyonlarla manatla ölçülən bir neçə villasının olduğu da deyilir.
Arif Qasımovun məmurluq dosyesində “600 minlik rüşvət “ qalmaqalı da qırmızı xəttlə keçir.
Belə ki, Prezident İlham Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyev iş adamı Ramazan Səlimovdan 600 min manat alaraq onu icra başçısı təyin etdirəcəyini vəd etmişdi. Məlumata görə, bu işdə o dövrdə Siyəzən İcra Hakimiyyətinin başçısı olan Arif Qasımov da iştirak edib. Hər halda 600 min manat pulu alınan iş adamı istintaqa ifadəsində belə deyib. O, istintaqçılara bildirib ki, Həsən Əliyev ondan külli miqdarda pulu aldıqdan sonra onu Arif Qasımovun yanına göndərib.
Bildirilir ki, Arif Qasımovun cidd-cəhdlə ört-basdır etməyə çalışdığı nüanslardan biri də keçmiş MTN Eldar Mahmudovla olan sıcaq münasibətləridir. Keçmiş nazirlə olan yaxın münasibətləri zamanında A. Qasımovun köməyinə gəlsə də hazırda onun əsas baş ağrısına çevrilib. Lakin, verilən məlumatlara əsasən eks nazirin bütün keçmiş əlaqələri, o cümlədən Arif Qasımovla olan əlaqələri də araşdırılıb və ortaya ciddi faktlar çıxıb.
Qasımovun Nizami rayonuna başçı təyinatından elə də çox vaxt keçməsə də burada vəziyyət hər gün daha da pisləşir. Rayon problemlər girdabında boğulur. Hazırda bu rayonda yollardan tutmuş, insanların yaşayış səviyyəsinə kimi vəziyyət pisləşib. Nizami baxımsız rayona çevrilib. Rayonun yol infrastrukturu düzəlmir ki, düzəlmir. A.Qasımovun gəlişindən sonra rayonda küçələrin bərbad olması, ağacların kəsilərək ərazilərin baha qiymətə satılması indi dəb halına çevrilib.
Küçələrin arasındakı ağaclıqların məhv edilərək 10-15 min manat alınaraq çayxanaya çevrilməsi sıradan bir hadisə sayılır.
Bu yaxınlarda özünün dəbdəbəli “şahlıq taxtı” ilə gündəmin baş qəhrəmanına çevrilən A. Qasımov Nizami rayonunun artan problemlərin həll etmək iqtidarında və ya həvəsində deyil. Rublika.az-a daxil olan məlumatlarda bildirilir ki, ona dəfələrlə fəaliyyətində dönüş yaratması ilə bağlı xəbərdarlıq edilsə də heç bir dəyişiklik olmayıb. Nəticədə qısa vaxt ərzində vəzifədən alınacağı və ciddi cəzalandırılacağı bildirilir. Başçının özünü gözlənilən zərbədən qorumaq üçün bütün vasitələrdən istifadə etsə də vəziyyəti dəyişə bilmədiyi vurğulanır. Belə ki, son məlumatlarda hər vasitəyə əl atan başçı özünə yaxın iş adamı vasitəsilə medianın da gündəmindən yayına bilmişdir. Yaxın günlərdə Nizami rayonunda baş verən qanunsuzluqlarla əlaqədar daha geniş araşdırmamızla sizləri tanış edəcəyik.

(Rublika.az)