Nazir polkovniki döyən polisləri işdən qovdu » Memur.az

Nazir polkovniki döyən polisləri işdən qovdu

Nazir polkovniki döyən polisləri işdən qovduDİN şikayəti nəzarətə götürüb.

Daxili İşlər naziri Ramil Usubov fevralın 24-də Suraxanı rayonu ərazisində Müdafiə Nazirliyinin (MN) polkovniki Mehman Yusifova güc tətbiq etdiyi iddia edilən polis əməkdaşlarını işdən çıxarıb.

Memur.az xəbər verir ki, Axar.az-a daxil olan məlumata görə, hadisə ilə əlaqədar polkovnik Mehman Yusifovun Suraxanı rayon 33-cü polis bölməsinə martın 3-də etdiyi şikayətini DİN nəzarətə götürüb.

Hadisə araşdırıldıqdan sonra isə nazir Ramil Usubov hər iki yol polisinin işdən çıxarılması barədə qərar verib.

Suraxanı Rayon Prokurorluğundan fakt təsdiq edilib və işdən azad olunan polis əməkdaşları barədə istintaqın davam etdirildiyi bildirilib.

Xatırladaq ki, DYP müfəttişləri fevralın 24-də saat 23:00-da Yeni Günəşli qəsəbəsinin Beşinci yaşayış sahəsi yaxınlığında “Mersedes” 99 FX 239 dövlət nömrə nişanlı avtomobili idarə edən MN-in polkovniki Mehman Yusifovu saxlayıblar.

Polislər polkovnikə yol hərəkəti qaydalarını pozduğunu, polkovnik isə bunun əksini sübut etməyə çalışıb. Bu zəmində polis əməkdaşları ilə mülki geyimdə olan Yusifovun arasında münaqişə yaranıb. Münaqişə zamanı polislərin M.Yusifova xəsarət yetirdiyi bildirilir.

Baş verən hadisə ilə əlaqədar polkovnik martın 3-də 33-cü polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib.

Hazırda iş Suraxanı Rayon Prokurorluğunda araşdırılır.