“Azərbaycanın Folklor Paytaxtı”nın təqdimat mərasimi keçirildi » Memur.az

“Azərbaycanın Folklor Paytaxtı”nın təqdimat mərasimi keçirildi

“Azərbaycanın Folklor Paytaxtı”nın təqdimat mərasimi keçirildi“Ötən 6 ildə 17 şəhər və rayon “paytaxt” elan olunub”.

Martın 11-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin “Xalq Yaradıcılığı Paytaxtları” proqramı çərçivəsində Qusar rayonunun 2016-cı il üçün “Azərbaycanın Folklor Paytaxtı” elan olunmasına həsr olunmuş təqdimat mərasimi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Memur.Az-a verilən xəbərə görə, mərasimdə əvvəlcə nazirliyin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev çıxış edərək “Xalq Yaradıcılığı Paytaxtları” proqramı haqqında geniş məlumat verib.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın son illər mədəniyyət, idman və digər sahələr üzrə beynəlxalq tədbirlərə, o cümlədən ənənə halını almış Dünya Mədəniyyətlərarası Dialoq, Bakı Beynəlxalq Humanitar və Bakı Qlobal forumlarına layiqincə ev sahibliyi etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, paytaxtımızda aprelin 25-dən 27-dək keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna da yüksək səviyyədə hazırlıq işləri görülür.

Mədəniyyət və Turizm Nazirliyinin “Xalq Yaradıcılığı Paytaxtları” proqramı barədə danışan Əbülfəs Qarayev ölkəmizin mədəni zənginliyini daha da dərindən təbliğ etmək üçün bu proqramın böyük əhəmiyyəti olduğunu deyib:

“Ötən 6 ildə 17 şəhər və rayon “paytaxt” elan olunub. Proqram çərçivəsində azsaylı xalqların nümayəndələri də geniş şəkildə iştirak edib, ölkəmizdə olan multikulturalizm və tolerantlıq modeli bir daha dünyaya tanıdılıb. Ümidvaram ki, “Azərbaycanın Folklor Paytaxtı” elan olunan Qusar rayonunda da bu il maraqlı, rəngarəng tədbirlərlə yadda qalacaq”.

Mərasimdə iştirak edən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri mədəniyyət sahəsində Azərbaycanda həyata keçirilən tədbirləri yüksək qiymətləndirib, ötən ilin noyabrında qurumun İcraiyyə Şurası və Baş Konfransının toplantılarına ölkəmizin yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdırıb.

Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Elman Mustafayev bölgənin zəngin mədəni irsinin, folklor ənənələrinin olduğunu deyib.

Çıxışlardan sonra “Azərbaycanın Folklor Paytaxtı - 2016” rəmzi kubokunun təqdimatı olub. Kubok Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Elman Mustafayevə və rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri David İbramxəlilova təqdim edilib.