İlin bir günü yox, bütün günləri onların bayramı olsun » Memur.az

İlin bir günü yox, bütün günləri onların bayramı olsun

İlin bir günü yox, bütün günləri onların bayramı olsun

8 Mart bayramınız mübarək, əziz xanımlar!
8 Mart xanımlarımız üçün əlamətdar günlərdən biridir. Dünyanın bəzəyi olan qadınlar bu gün bir daha diqqət mərkəzinə gəlirlər. Qadın - ana, bacı, həyat yoldaşı, həm də gözəllikdir.

Uca dinimizə görə, cənnət anaların ayaqları altındadır. Demək, insan ananı həmişə uca tutmalı, sevgisini, rəğbətini qazanmalıdır. Yenə dinimizdə buyurulur ki, Allah-Təalanın insanlara rəğbəti valideynin rəğbəti ilədir. Yəni anaların duası bizə cənnəti qazandırar. Ana sevgisini pasport kimi rəsmiləşdirmək, ilin bircə gününə sığışdırmaq, ilk növbədə, ana adına hörmətsizlikdir. İlin bir günü yox, bütün günləri onun bayramı olmalıdır. Bu, bacılara da aiddir, həyat yoldaşlarına da, digər xanımlara da.

Qadın elə bir varlıqdır ki, o, təkcə 8 Martda yox, hər gün, hər saat, hər an diqqətə, hörmətə, sevgiyə layiqdir. “Ailəm” jurnalının redaktoru Aydın Ucal deyir ki, hörmət müəyyən vaxtlarda yox, həyatın bütün mərhələlərində olmalıdır: “Problemlərimizi təkbətək və qarşılıqlı hörmət çərçivəsində həll etməliyik. Azərbaycan ailəsinin təməlində fədakarlıq, ismət və iffət anlayışı aparıcı amillər olub.

Yəni ailə quran fərdlər bir-birilərinin hər əzabına, hər əziyyətinə qatlaşıblar. Ona görə də əsrlər boyu Azərbaycanda ailənin dağılması böyük bir fəlakət kimi qarşılanıb. İlk gündən sağlam təməllər üzərində qurulan isti bir yuva cəmiyyətdə sağlam fərdlərin yetişməsi deməkdir”.

İffət, abır-həya, qarşılıqlı hörmət ailənin əsas təməllərindəndir. Yəni ailədə hər kəs öz yerini bilməli, qarşı tərəfdən hörmətini əsirgəməmlidir. Sevgi bəzən ötəri də ola bilər. Ancaq tərəflərin bir-birinə hörmətlə yanaşması, hər birinin öz vəzifəsini qüsursuz yerinə yetirməyə çalışması ailəni təhlükələrdən qoruyar. Sevgi gözəllikdir, ancaq hər şeyi bu müstəvidə həll etmək mümkün deyil. Ona görə də min illərin sınağından çıxmış mənəvi dəyərlərimiz unudulmamalıdır”.

"Zaman Azərbaycan"