Zakir Həsənov: "Biz düşməni məhv edərək onu torpaqlarımızdan qovacağıq" » Memur.az

Zakir Həsənov: "Biz düşməni məhv edərək onu torpaqlarımızdan qovacağıq"

Zakir Həsənov: "Biz düşməni məhv edərək onu torpaqlarımızdan qovacağıq"

Daha bir hərbi hissədə yeni yaşayış binalarının açılış mərasimi keçirilib.

Memur.Az Müdafiə Nazirliyinin (MN) saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi qulluqçuların mənzil və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar müvafiq göstərişinə əsasən növbəti hərbi şəhərciyin ərazisində yeni tikilən 2 yaşayış binasının açılış mərasimi olub.

Yeni tikilən beşmərtəbəli hər biri 3 otaqlı ümumilikdə 100 mənzilli binalar kommunikasiya xətləri ilə təchiz olunaraq mərkəzləşdirilmiş istilik sisteminə qoşulub. Müasir standartlara cavab verən tam təmirli mənzillər mebel və lazımi avadanlıqla təchiz olunub. Ərazidə yarımstansiya, 200 kubmetr tutumlu su anbarı tikilib, binaların ətrafı asfaltlanıb və kanalizasiya sistemi quraşdırılıb. Hasara alınmış yaşayış kompleksinin həyətində yaşıllaşdırma və abadlıq işləri görülüb, sakinlərin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.

Xidməti mənzillərin açarlarının təqdimetmə mərasimində hərbi qulluqçular və onların ailə üzvləri ilə görüşən Müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin rəhbərliyi adından tədbir iştirakçılarını təbrik edərək deyib ki, qısa müddət ərzində döyüş tapşırığını yerinə yetirən hərbi qulluqçular xalqımız naminə, Vətən uğrunda döyüşərək düşmənə sübut etdilər ki, Azərbaycan əsgəri və silahı qarşı tərəfdən qat-qat güclüdür, üstündür:

“Düşmənlərimiz artıq vahimə içindədir, qorxurlar. Biz bu işi davam etdirəcəyik. Biz düşməni məhv edərək onu mütləq torpaqlarımızdan qovacaq və yaxın müddətdə ərazilərimizi işğaldan azad edəcəyik”.

Nazir məlumat verib ki, ilin sonunadək sizin hərbi hissənin istifadəsinə yeni iki bina da veriləcək:

“Gələn ilin əvvəlində isə daha iki bina hazır olacaqdır. Çalışacağıq ki, qısa bir müddətdə sizin bütün sosial problemləriniz həll olunsun. Bu, möhtərəm cənab Prezidentin tapşırığıdır və biz bunu icra edəcəyik. Bundan əlavə, yeni hərbi şəhərcik də hazır olmaq üzrədir və onun da açılışını ilin sonunadək həyata keçirməyi planlaşdırırıq”.

Mənzillərin açarları şəxsi heyətə təqdim edildikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi, komandanlıq heyəti və hərbi qulluqçuların ailə üzvləri ərazidə ağac və gül kolları əkiblər.