Avtobus çatışmazlığından əziyyət çəkənlərə məsləhət » Memur.az

Avtobus çatışmazlığından əziyyət çəkənlərə məsləhət

Avtobus çatışmazlığından əziyyət çəkənlərə məsləhət


Çox sayda oxucu Memur.Az-a yazaraq, Bakının bəzi ərazilərinə avtobus marşrutlarının, ümumiyyətlə, olmamasından, eləcə də mövcud marşrutların bağlanmasından və ya istiqamətinin dəyişdirilməsindən sonra çox əziyyət çəkdiklərini bildirirlər.

Məsələ ilə bağlı Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı Memuri.Az-ın sorğusunu cavablandırıb.

NİİM rəsmisinin sözlərinə görə, ümumiyyətlə, avtobusların işləmədiyi ərazilərdə yaşayan sakinlər bununla bağlı Nəqliyyat Nazirliyinə, həmçinin NİİM-ə məktubla rəsmi müraciət etməlidirlər: "Qoy sakinlər məktubla müraciət etsinlər. Mütəxəssislər deyilən istiqamət üzrə sərnişinlərin sıxlığını yoxlayacaqlar. Əgər, həqiqətən də, o istiqamətdə sərnişin sıxlığı olsa, həmin ərazilərə yeni xətlərin açılması tamamilə mümkündür".

Bağlanan və istiqaməti dəyişdirilən marşrutlara gəlincə, Ş.Mehmanqızı digər marşrutların xidmətindən istifadəni məsləhət görüb: "Əgər həmin istiqamətlərdə hansısa xətt bağlanıbsa, orada mütləq alternativ marşrutlar işləyir. Ona görə də həmin marşrutların xidmətindən istifadə etməlidirlər. Yox, əgər xətt bağlanandan sonra həmin ərazidən, ümumiyyətlə, avtobus keçmirsə, yenə rəsmi məktubla müraciət etsinlər. Məsələ araşdırılıb, ölçü götürüləcək".

Ş.Mehmanqızı onu da əlavə edib ki, bir müddət sonra bu problem tam həll olunacaq, həm şəhər içində, həm də şəhər ətrafında avtobus çatışmazlığı ilə bağlı sərnişinlərin narahatlığı və narazılığına son qoyulacaq. Hələlik isə vətəndaşların bir müddət bu çətinlikləri anlayışla qarşılamaları xahiş edilir.