5 rayonun icra başçısı işdən azad oluna bilər » Memur.az

5 rayonun icra başçısı işdən azad oluna bilər

5 rayonun icra başçısı işdən azad oluna bilər

Vaqif Abdullayev, Tahir Budaqov, Nizaməddin Quliyev, Lütvəli Babayev və Ənvər Seyidəliyevə yol göründü

Artıq bir müddətdir ki, bir neçə rayonun icra başçısının tutduğu postla vidalaşacağı barədə məlumatlar yayılır. Dünən məsələ ilə bağlı redaksiyamıza etibarlı mənbədən daha ilginc məlumat daxil olub. Bildirilir ki, təxminən bu ilin mart-aprel aylarının ortalarından etibarən bu istiqamətdə konkret addımlar atılacaq.

Bu barədə danışan məlumatlı şəxsin iddiasına görə, yuxarı dairələrdə bir neçə rayonunun icra başçısı ilə bağlı yekun qərar verilib: "Artıq qəti qərar var, sadəcə olaraq bu qərarın icrası mart-aprel aylarına saxlanılıb". Qeyd olunan vaxtda 5 rayonun icra başçısının vəzifəsindən kənarlaşdırılacağını deyən mənbənin sözlərinə görə, "vurulacaq" icra başçılarının həbs olunma təhlükəsi olduqca real görünür: "Həbs olunacaq icra başçılarından ikisi Bakının rayonlarına, üçü isə digər regionlara rəhbərlik edir. Regionlardan birində yerləşən rayonun icra başçısı haqda aidiyyəti orqanlarda və yuxarı dairələrdə kifayət qədər məlumat var. Artıq bu məsələ ilə bağlı hazırlıq işlərinə başlanılıb. Belə ki, rəhbərsiz qalacaq şəhər və rayonların yeni icra başçıları vəzifələrinə namizədlər artıq hazırdır".

Mövzu ilə bağlı əldə etdiyimiz digər məlumatda isə qeyd olunur ki, sözügedən həmin 5 rayonun icra hakimiyyətlərində dövlət qulluqçularının etik davranış qaydalarını pozduqları aşkarlanıb. Odur ki, artıq bir sıra icra hakimiyyəti əməkdaşları barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Məlumatlı şəxsin bildirdiyinə görə, hələ ötən ilin sonlarından etibarən 2015-ci il parlament seçkiləri ərəfəsində bir çox rayonların rəhbərlərinin dəyişdiriləcəyilə bağlı məsələ mətbuatın gündəmini zəbt etmişdi: "Budur, artıq yuxarı dairələr konkret olaraq 5 icra başçısını dəyişdirmək qərarına gəlib. Bu icra başçılarından bəziləri antikorrupsiya tərbirlərinin qurbanı olacaqlar. Belə ki, artıq aidiyyəti qurumlar tərəfindən onların və rəhbərlik etdikləri icra hakimiyyətlərinin fəaliyyətləri ciddi şəkildə araşdırılır". Mənbənin iddiasına görə, hazırda yuxarı dairələrə daha çox şikayət Vaqif Abdullayevin rəhbərlik etdiyi Beyləqan Rayon İcra Hakimiyyətindən, Tahir Budaqovun rəhbərlik etdiyi Nizami Rayon İcra Hakimiyyətindən, Nizaməddin Quliyevin başçılıq etdiyi Goranboy Rayon İcra Hakimiyyətindən, Lütvəli Babayevin başçılıq etdiyi Zərdab Rayon İcra Hakimiyyətindən və Ənvər Seyidəliyevin rəhbərlik etdiyi Ağsu Rayon İcra Hakimiyyətindən daxil olub. Adıçəkilən rayonlardakı kəskin qanun pozuntuları, neqativ halların baş verməsi icra başçılarını çıxılmaz vəziyyətə salıb.

Məlumatda həmçinin, bildirilir ki, sözügedən icra başçısı ilə bağlı veriləcək sərəncamlarda həm kadrların yerdəyişməsi, həm də vəzifədən birdəfəlik kənarlaşdırma prinsipindən istifadə olunacaq.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

P.S. Deyirlər Nizaməddin müəllimin qəzeti də var.

Sərxan Məlikbəyli