IDEA tələbələr üçün seminar keçirib » Memur.az

IDEA tələbələr üçün seminar keçirib

IDEA tələbələr üçün seminar keçirib

IDEA İctimai Birliyinin Resurs Mərkəzində bioloji müxtəlifliyin mühafizəsi üzrə tanınmış mütəxəssis Elman Yusifovun iştirakı ilə Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq, Biologiya və Geologiya fakültələrinin tələbələri üçün "Ekoloji Menecment" mövzusunda elmi seminar təşkil edilib.

İctimai Birlikdən Trend-ə verilən məlumata görə, seminar zamanı iştirakçılara ətraf mühitin müxtəlif sahələri barədə maraqlı məlumatlar çatdırılıb.

Seminar çərçivəsində E.Yusifovun həmmüəllifi olduğu "Ekoloji menecment" adlı iki cildlik dəsr vəsaitinin təqdimatı da keçirilib.

Kitab Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əlievanın baş redaktorluğu ilə nəşr edilib. Kitabda ətraf mühitin bütün sahələri, o cümlədən eko-sistemlər, biomüxtəliflik, hüquqi tənzimlənmə, müasir dünyada müşahidə olunan qlobal ekoloji problemlər və onların həlli yolları, beynəlxalq təcrübə və s. barədə elmi araşdırmalar əks olunub.

Bu kitab ətraf mühit, ekologiya və davamlı inkişaf sahələrində təhsil alan tələbələr üçün faydalı dərs vəsaiti olmaqla yanaşı, qeyd olunan sahələrdə çalışanlar üçün stolüstü kitab kimi də xüsusi əhəmiyyət daşıyır.

İnteraktiv şəraitdə keçirilən seminarda gənclər ətraf mühitin mühafizəsi ilə bağlı onları maraqlandıran mövzularda peşəkarla bilavasitə müzakirə aparmaq imkanı əldə ediblər.

Tədbirin sonunda IDEA İctimai Birliyi tərəfindən iştirakçılara ikicildlik "Ekoloji menecment" kitabları hədiyyə edilib.

Qeyd edək ki, IDEA İctimai Birliyi digər ali təhsil müəssisələrinin tələbələri üçün də oxşar seminarlar təşkil etməyi planlaşdırır.