Siyalə Rüstəmovanı kim(lər) qoruyur? » Memur.az

Siyalə Rüstəmovanı kim(lər) qoruyur?

Siyalə Rüstəmovanı kim(lər) qoruyur?

DBNX-yə ayrılan vəsaitlərin böyük hissəsi mənimsənilsə də, xidmət rəisi hələ də vəzifədədir

Heyvanlar arasında peyvəndləmə tədbirləri zəif həyata keçirildiyindən tələfat daha çox qeydə alınır

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) fəaliyyətindəki boşluqlar və xidmətin rəisi Siyalə Rüstəmovanın işinə peşəkar səviyyədə münasibət göstərməməsi barədə bu günə qədər çox eşitmişik. Sabiq nazir İsmət Abasov vəzifədən çıxarılanda çoxları Siyalə Rüstəmovanın da işini itirəcəyini düşünürdü. Çünki o bu vəzifəyə məhz İsmət Abasovun xeyir-duası ilə təyin olunmuşdu və onun kadrı hesab edilirdi. Amma hansısa səbəblərə görə, kənd təsərrüfatı naziri Heydər Əsədov Siyalə xanımı işdə saxladı. Qeyd edək ki, DBNX-də kadr islahatlarının istənilən səviyyədə həyata keçirilməməsi bir sıra problemlərin meydana çıxmasına səbəb olub.

Ümumiyyətlə, Siyalə Rüstəmova xidmətə rəis keçəndən sonra ölkə üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsində müxtəlif nöqsanlar müşahidə edilməkdədir. Məlumat üçün bildirək ki, Dövlət Baytarlıq Nəzarəti Xidməti Azərbaycan Respublikası ərazisində bütün növ heyvanların (mal-qaranın, quşların, xəz-dərili heyvanların, balıqların, arıların, vəhşi heyvanların) müxtəlif xəstəliklərdən qorunmasını və onların müalicəsini, əhalinin insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən qorumasını, ölkə ərazisinin xarici dövlətlərdən keçə biləcək yoluxucu xəstəliklərdən mühafizəsini təmin edən, heyvan mənşəli məhsulların və xammalın zəruri baytarlıq (baytarlıq-sanitariya) keyfiyyətinə nəzarəti həyata keçirən qurumdur. Uzun sözün qısası, ölkənin epizootik vəziyyətinin sabitliyini təmin etmək Dövlət Baytarlıq Nəzarəti Xidmətinə tapşırılıb. Xidmətin əməkdaşları isə "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununda təsbit edilmiş vəzifələri həyata keçirmək, heyvandarlığın inkişafına, sağlam məhsul bolluğunun yaradılmasına və insanların təmiz qida ilə təchiz edilməsinə nail olmaq əvəzinə, bazarlarda özbaşına sistem quraraq xırda və iri sahibkarlara qənim kəsilirlər. Hazırda həm Bakıda, həm də bölgələrdə fəaliyyət göstərən ət kəsimi məntəqələrində acınacaqlı vəziyyət hökm sürür. Belə ki, baytar həkimlər sallaqxanaların sahiblərindən gündəlik aldıqları nəysənin müqabilində burda mövcud olan anti-sanitar şəraitə göz yumurlar. Sirr deyil ki, bu gün paytaxtda fəaliyyət göstərən sallaqxanaların bir çoxunda heyvanların kəsimi düzgün qaydada həyata keçirilmir, eyni zamanda sanitar normalara riayət olunmur. Buna baxmayaraq, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları hər gün bu cür sallaqxanalara heyvan kəsimi üçün rəsmi icazə verirlər. Deyilənə görə, xidmət rəisi Siyalə Rüstəmovanın bütün baş verənlərdən xəbəri olsa da, özünü bilməzliyə vurur. Diqqətinizə çatdırmaq istəyirik ki, Siyalə Rüstəmova xidmət rəhbəri vəzifəsinə təyin olunmamışdan öncə Respublika Baytarlıq laboratoriyasının direktoru işləyib. O xidmətə rəis keçdikdən sonra isə müxtəlif qanunsuz işlər törədib. Nəhayətdə maliyyə vəziyyətini ən yüksək səviyyəyə çatdırmağa nail olub. Xatırladaq ki, bir müddət əvvəl DBNX rəisinin adı külli miqdarda yeyintidə hallanıb. Mətbuatda yazılanlara görə, xidmətə ayrılan 9,3 milyon manat vəsaitin xərclənməsində qaranlıq məqamlar var: "Dövlət Baytarlıq Nəzarəti Xidməti bu vəsaitləri daha çox Gəncə, Qax, Zaqatala, Göyçay, İmişli, Beyləqan, Ağcabədi, Yevlax, Ucar və başqa rayonlarda xidmətin nəzarətində olan baytarlıq laboratoriyalarının inzibati binasının təmiri, yaxud tikintisinə xərcləyib. Belə ki, ümumi təmir-tikinti işlərinə 2,1 milyon manat vəsait xərclənib. Bu işləri həyata keçirən "SS İnşaat" MMC isə xidmət rəisinə yaxınlığı ilə seçilir. Bundan başqa, xidmət ayrılan vəsaitin epizotiya əleyhinə tədbirlərin aparılmasına, biopreparatların, diaqnostik alətlərin, dezinfeksiyaedici maddələrin, laboratoriyalar üçün cihaz və avadanlıqların, o cümlədən müxtəlif geyimlərin alınmasına ümumilikdə 3 milyon manat xərcləyib. Quruma ayrılan vəsaitin yarısı Respublika Baytarlıq Laboratoriyasının payına düşüb. Bundan başqa xidmət 150 min manatdan çox vəsaiti dəftərxana ləvazimatlarının alınması üçün xərcləyib. Bu vəsaitlərin xərclənməsinə məhz Siyalə Rüstəmova nəzarət edib. Dəftərxana ləvazimatlarından tutmuş, dərman preparatlarının alınmasında yol verilmiş ciddi şişirdilmələr barədə nazir Heydər Əsədova geniş məlumat verilib. Buna rəğmən, xidmət rəisi hələ də vəzifədədir. Görünür, Siyalə Rüstəmovanı himayə edən şəxslər çox güclüdür". Onu da vurğulamaq lazımdır ki, bir neçə il öncə ölkəmizdə "donuz qripi" ilə mübarizəyə qarşı dövlət büdcəsindən külli miqdarda vəsait ayrılmış, lakin həmin məbləğin xərclənməsində ciddi nöqsanlara yol verilmişdi. Ayrılan vəsaitlərin xərclənməsinə ciddi nəzarət olmadığı üçün DBNX-nin rəhbər işçiləri büdcə vəsaitlərinin bir hissəsini mənimsəmişdilər. Təəssüf ki, aidiyyəti dövlət qurumları bu məsələnin də üstündən ötüb keçdilər. Elə bunun nəticəsidir ki, dövlət büdcəsindən xidmətə ayrılan irihəcmli vəsaitlərin yetərli hissəsi təyinatı üzrə sərf edilmir. Nəticədə bölgələrdə mal-qara arasında ölümcül xəstəliklər yayılır və fermerlərin təsərrüfatına ciddi ölçüdə ziyan dəyir. Etibarlı mənbələrdən əldə etdiyimiz digər məlumatlara görə, bu ilin yanvar ayının 14-də virus mənşəli "nodulyar dermatit" xəstəliyi əleyhinə Türkiyə istehsalı olan vaksinin ilk partiyası ölkəmizə gətirilib: "Keçən il ölkəmizin əksər rayonlarında virus mənşəli "nodulyar dermatit" xəstəliyi müşahidə olunub və 6040 baş heyvan bu xəstəliyə yoluxub. Onlardan 5781 başı tam sağalıb, 259 başı isə yanaşı gedən xəstəliklərin təsirindən tələf olub. Vaksinlərin alınması zamanı böyük maxinasiyalara yol verilib. Qardaş ölkədən ucuz qiymətə alınan vaksinlər dəfələrlə baha qiymətə sənədləşdirilib. Xidmət rəhbərliyi deyir ki, 12 milyon doza miqdarında olan vaksinlər daxili imkanlar hesabına alınıb. Daxili imkan dedikdə Siyalə Rüstəmovanın nəyi nəzərdə tutduğunu bilmirəm. Xidmətin büdcəsində olan pulların hamısı dövlətin vəsaitləridir. Ən maraqlısı odur ki, büdcə pulları hesabına alınan vaksinlər yerlərdə fermerlərə nəyinsə qarşılığında verilir. Heyvanlar arasında peyvəndləmə tədbirləri zəif həyata keçirildiyindən tələfat daha çox qeydə alınır". Fikrimizcə, nazir Heydər Əsədov, həmçinin Maliyyə Nazirliyi, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Hesablama Palatasının rəhbərliyi hər il milyonlarla manat vəsaitin ayrıldığı Dövlət Baytarlıq Nəzarəti Xidmətində mövcud olan neqativ məqamları operativ şəkildə araşdırıb Siyalə Rüstəmovanın barəsində ciddi ölçü götürməlidir.

Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Kənan Eyvazoğlu