Cəlilabad rayon Mədəniyyət və Turizm Şöbəsində nə baş verir? » Memur.az

Cəlilabad rayon Mədəniyyət və Turizm Şöbəsində nə baş verir?

Cəlilabad rayon Mədəniyyət və Turizm Şöbəsində nə baş verir?

Keçmiş işçisi şöbə müdiri İsa Allahverdiyevi qanunları pozmaqda ittiham edir

"Dedi ki, aldığın maaşı mənimlə yarı böləcəksən"

Mədəniyyət və turizm şöbələrində yaşanan problemlər, o cümlədən işçilərin incidilməsi haqda zaman-zaman müxtəlif səpkili məlumatlar eşidirik. Təəssüf ki, əksər hallarda Mədəniyyət və Turizm Nazirliyinin səlahiyyətli şəxsləri mətbuatda bu barədə yazılanları araşdırmır və nəticədə yerli şöbələrdə qanun pozuntularının sayı günbəgün artır. Cəlilabad rayon sakini, Məhəmməd Hadi küçəsi ev 54 ünvanında yaşayan Cabbarov Əfqan Mirhüseyn oğlu redaksiyamızın elektron poçtuna şik\ayət məktubu göndərib.

O Cəlilabad rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İsa Allahverdiyevin qanunsuz əməllərinə etiraz edir. Vətəndaş yazır ki, bəzi məmurlar rayonda aparılan işlərə kölgə salırlar: "Belə şəxslərdən biri də İsa Allahverdiyevdir. İlk öncə onu qeyd etmək istəyirəm ki, mən 2010-cu ildən 2015-ci ilə kimi Ulu Öndərimizin adını daşıyan Heydər Əliyev Mərkəzində baş fond mühafizəçisi vəzifəsində çalışmışam. İşimi daim möhkəm tutaraq bütün ictimai tədbirlərdə yaxından iştirak etmişəm. Lakin İsa müəllim şöbə müdiri təyin olunduqdan sonra Cəlilabad rayon Mədəniyyət və Turizm Şöbəsində özbaşınalıq başladı. Bununla da faydalı iş sistemi tamamilə pozuldu. O köhnə müdirin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən azad etdiyi şəxsləri qanunsuz olaraq yenidən işə götürdü. Canını rayonun mədəniyyətinin inkişafında qoymuş və hətta ağır xəstəliklə üz-üzə qalmış bir sıra şəxsləri, eləcə də gəncləri işdən uzaqlaşdırdı. Açıq şəkildə bəyan etdi ki, kim mənə pul verəcək işdə qalacaq, verməyən isə könüllü olaraq ərizəsini yazsın. Bu minvalla davam edib Heydər Əliyev Mərkəzində çalışan işçilərdən də yığıma başlanıldı. Növbə mənə çatdı. Mən ona dedim ki, maaşım özümə ancaq yetir, ailəliyəm sizə verməyə imkanım yoxdur. Bundan sonra uzun müddət mənimlə şəxsi qərəz apardı. Həmişə mənə olar-olmaz iradlar tutur, işdən çıxarmaqla hədələyir, işə bir dəqiqə gecikəndə müdirdən təqdimat tələb edirdi və s. Halbuki pul adıqlarına "istəyəndə gəlin hərdən görünün, istəməyəndə gəlməyin" deyirdi. Bütün bu çətinliklərə dözməyərək onun təklifini qəbul etmək zorunda qaldım. Belə ki, hər ay maaşlar vurulduqdan sonra müdirin haqqını çatdırırdım. Bildirdi ki, 100 manat maaş alanlar 20 manat verir, sən isə 150 manat aldığına görə hər ay 50 manat verməlisən. Məcburən işimin xətrinə, idarəmizin adına xələl gəlməməsi naminə razılaşdım. Bir neçə il belə davam etdi. Daha sonra müdir "xərcləri çatdıra bilmirəm" deyərək yığımları qaldırmağa başladı. Rayonda abadlıq-quruculuq işlərini bəhanə gətirib üstünə 30 manat da qoyub 80 manat verməyimi tələb etdi. Dedi ki, aldığın maaşı mənimlə yarı böləcəksən. Yenə də etirazımı bildirəndə həmin hədələri ilə məni qorxutmağa çalışsa da, bu dəfə razılaşmadım. Belə olan halda günlərin birində özünün yanında olan bəzi adamlarla sözləşib məni şərləmək qərarına gəldilər. Belə ki, mərkəzin qabağında durduğumu görüb istehzayla yaxınlaşaraq "nə fikirləşdin, dediyim məbləğlə razılaşmaq niyyətin yoxdu?" deyə sual verdi. Mən də belə şeylərin küçədə danışılmasının yaxşı olmadığını bildirdim. Şöbə müdiri isə "mənə ağıl öyrətmə, mənə heç kim heç nə edə bilməz" deyib kobud şəkildə cavab verdi. Elə bu andaca sözləşdiyi adamlar yanına gəldi. Parkın qabağında əlbəyaxa davadan sonra məni işdən çıxardığını bildirdi. Saxta akt tərtib edərək həmin gün işdən azad etdi. İşə qayıtmağım üçün sizə müraciət etmirəm. Məqsədim mənim kimi onlarla işçinin hüquqlarının kobud şəkildə pozulmasını, pullarının mənimsənilməsini ictimailəşdirməyi xahiş etməkdir". Şikayətçi daha sonra yazır ki, yüksək gəlirli biznesi olan İsa Allahverdiyev şöbə müdiri olmağını sanki unudub: "Şöbədə xadimə ştatlarının 90 faizində yaşlı kişi və oğlanlar çalışır. Bunun da səbəbi yenə pul yığımı faktoru ilə bağlıdır. Çünki xadimə ştatına çox pul verilmədiyindən texniki işçi adı ilə vətəndaşları aldadıb nəyinsə müqabilində kişiləri həmin xadimə ştatına işə götürür. Şəhər klubları, kənd mədəniyyət evləri və kitabxanalar nəzarətsiz, bəzi normal işlək vəziyyətdə olanları isə bağlı vəziyyətdə qalır. Səbəbi isə şöbə müdirinin yersiz tələbləridir. Cəlilabad rayon Mədəniyyət və Turizm Şöbəsinə operativ şəkildə yoxlama göndərilsə, dərindən araşdırma aparılsa, o zaman mənim yazdıqlarım təsdiqini tapacaq. Hazırda 10 nəfərə yaxın gənc işçini müxtəlif bəhanələrlə işdən azad edib və onlar bu gün işsiz vəziyyətdə çətinlik çəkirlər. Əvəzində şöbədə yaşı 70-i ötmüş onlarla işçi var. Həmin işçilər şöbə müdirinə "hörmət" edərək hər il vaxtlarını uzadırlar. Bu müraciətin cavabsız qalmayacağına, İsa Allahverdiyev haqda ciddi tədbirlərin görüləcəyinə inanıram. Əvvəlcədən öz təşəkkürümü bildirirəm". Səsləndirilən fikirlərə aydınlıq gətirmək üçün Cəlilabad rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İsa Allahverdiyevlə əlaqə saxladıq. O barəsində səsləndirilən ittihamların yalan olduğunu bildirdi: "Həmin adam ruhi xəstədir, nə deyirsə böhtandır. Dəfələrlə işə gecikib, buna görə də işdən azad etmişəm. İndi də başlayıb mənim haqqımda müxtəlif mətbuat vasitələrinə yazılar göndərməyə". Vətəndaş bir, şöbə müdiri isə başqa bir şey deyir. Ən yaxşısı budur ki, aidiyyəti dövlət qurumları şöbədə müvafiq yoxlama aparıb, problemin olub-olmamasına aydınlıq gətirsinlər.