Qoca Səmədov yevlaxlıların qayğıları ilə yaşamır » Memur.az

Qoca Səmədov yevlaxlıların qayğıları ilə yaşamır

Qoca Səmədov yevlaxlıların qayğıları ilə yaşamır

İcra başçısı gəlirli biznes strukturlarının əksər hissəsini əlinə keçirib

"Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır. Deyə bilərəm ki, əksər hallarda biz müsbət mənzərə görürük. Ancaq mənfi mənzərə ilə üzləşəndə tədbir də görülür, məmurlar cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır".

Bu sözləri prezident İlham Əliyev yanvarın 27-də Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda yekun çıxışı zamanı demişdi. Ölkə başçısının məlum iradlarından sonra bəzi məmurlar, əsasən də yerli icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri əhalinin qayğıları ilə yaşamağa başlayıblar. Bəzi icra başçıları isə hələ də qanunsuz əməllərini davam etdirir. Əhali ilə normal münasibət yaratmağı bacarmayan məmurların sırasında Yevlax Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Qoca Səmədovun adı ön sıralarda göstərilir. Redaksiyamıza daxil olan məlumatlarda icra başçısının yerli sakinləri narahat edən problemlərə biganə yanaşdığı və rayonun abadlaşması məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitləri özünəxas formada xərclədiyi bildirilir. Məlumatı olmayanlar üçün qısaca bildirmək istəyirik ki, Səmədov Qoca Çərkəz oğlu 13 oktyabr 1959-cu ildə Yevlax şəhərində anadan olub. 1966-1976-ci illərdə M.Ə.Sabir adına 2 ¹-li şəhər orta məktəbində təhsil alıb. 1976-1977-ci illərdə Yevlax şəhər 7¹ -li Səyyar Mexanikləşmiş dəstədə və Azərittifaqın Yevlax tədarük bazasında fəhlə işləyib. 1977-ci ildə C.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Gəncə filialına daxil olub, 1982-ci ildə Azərbaycan Texnologiya İnstitutunu bitirərək mühəndis-texnoloq ixtisasına yiyələnib. Əmək fəaliyyəti dövründə bir sıra vəzifələrdə çalışıb. Prezidentin 18 fevral 2011-ci il tarixli sərəncamı ilə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Amma iddialara görə, o geridə qalan 4 il ərzində sakinlərin rəğbətini qazana bilməyib. Belə ki, 2011-ci ildən bu vaxta kimi ayrı-ayrı mətbuat orqanlarına müraciət edən yevlaxlılar icra başçısının zülmündən təngə gəldiklərini açıqlayıblar. "Yevlaxın Xaldan kəndində yol kənarında 40 ildən çox idi ki, Bakı və digər istiqamətlərə sərnişin yola salınması üçün kassa var idi. Bu xidmətin yerləşdirildiyi yerdə dayanacaq yeri vardı. Dəmirdən olan həmin dayanacaq söküldü. Rayonun icra başçısı gözünə xoş gələn əraziləri ən müxtəlif bəhanələrlə özününküləşdirir. Dayanacağı götürdülər və aydın oldu ki, insanların dayandığı və oturduğu dayanacaq yeri ticarət obyekti kimi icra hakimiyyəti tərəfindən satılıb. İndi insanlar harada dayanacaqlarını bilmir. Bu dayanacağın yerini satın alan şəxs - Fəxrəddin Nəriman oğlu bir dəfə də Yevlax rayon Quşçu kəndinin örüş torpaqlarını almışdı. Kənd sakinləri buna cavab olaraq Bakı-Balakən yolunu kəsdi. O vaxt televiziyalar çəkiliş apardı və insanların narazılığı nəzərə alındı. Dayanacaq yerini satıblar, amma gözləri doymur. Təsəvvür edin ki, icra başçısı Qoca Səmədovun adamları dayanacağı da aparıb "metallom"a satdılar", deyə narazı vətəndaşlar bildirib. Çoxsaylı şikayətlərə rəğmən, Yevlaxda məmurların, ələlxüsus da icra başçısı Qoca Səmədovun qeyri-qanuni əməlləri səngimək bilmir. İcra başçısı həmçinin sahibkarlara da aman vermir, onlara əlavə problemlər yaradır. Hamıya məlumdur ki, ölkə rəhbərliyi tərəfindən sahibkarlığın inkişafına böyük dəstək göstərilir və sahibkarlara güzəştli kreditlər verilir. Bizə çatan xəbərlərdə isə Qoca Səmədovun sahibkarların fəaliyyətinə yersiz müdaxilələr etdiyi qeyd olunur: "İcra başçısı sahibkarları əsassız olaraq incidir. Elmar Vəliyevin dövründə inşa edilən tikililərin, daha doğrusu sahibkarlıq obyektlərinin bir çoxu sökülüb. Yevlax İcra Hakimiyyətinin rəsmiləri sökülən obyektlərin sənədlərinin qaydasında olmadığını əsas gətiriblər. Bunun nəticəsində rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlara həm maddi, həm də mənəvi ziyan dəyib. Maraqlıdır ki, Qoca müəllim sökülən obyektlərin yerində yeni ticarət obyektlərinin tikilməsinə icazə verib. Elmar Vəliyevin rəhbərliyi dövründə rayonda hər şey qaydasında olub və əhalinin dolanışığı üçün iş yerləri açılıb, fermer təsərrüfatının yaradılmasına imkanlar tanınıb. Amma Qoca Səmədov icra başçısı təyin olunandan sonra iş adamlarının incidilməsindən tutmuş, gəlirli biznes strukturlarının ələ keçirilməsi prosesi başlanıb. Sakinlər bununla bağlı hara müraciət etsələr də, faydası olmayıb. İcra başçısı isə öz bildiyini edir". Məlumatlı mənbə deyir ki, rayon rəhbəri maksimum şəkildə varlanmaq yolunu tutub: "Abadlıq-quruculuq işlərinin görülməsi məqsədilə dövlət büdcəsindən, eləcə də Prezidentin Ehtiyat Fondundan Yevlax Şəhər İcra Hakimiyyətinə ayrılan vəsaitlər düzgün formada xərclənmir. Məsələn, Yevlaxda 45 mənzilli yaşayış binasının layihə-smeta sənədlərinin hazırlanması üçün 90 min manat ayrılsa da, bunun heç 10 min manatı işə sərf edilməyib. Eyni aqibətlə mənzil fonduna aid binaların əsaslı təmiri işləri üçün ayrılmış 88580,15 manat da üzləşib. Başçının ən böyük qazancı yolların əsaslı təmirinə ayrılmış 986971,23 manatdan olub. Çünki Yevlaxın daxili yollarının bərbad halda olmasını bilməyən və görməyən yoxdur. Dəftərxana və təsərrüfat xərcləri üzrə ayrılmış 18000 manat, cari təmir işlərinin satın alınmasına ayrılmış 21850 manat, əsaslı təmir işlərinin satın alınması üçün ayrılmış 42000 manatın da aqibətindən xəbər yoxdur. Deyilənə görə, Qoca müəllim bu vəsaitlərin hesabına Bakıda özünə dəbdəbəli imarətlər alıb və biznes yaradıb".

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

(Ardı var)


Kənan Eyvazoğlu