Məşhur Gəncə Çini qablar zavodu niyə fəaliyyət göstərmir? » Memur.az

Məşhur Gəncə Çini qablar zavodu niyə fəaliyyət göstərmir?

Məşhur Gəncə Çini qablar zavodu niyə fəaliyyət göstərmir?Növbəti materialımız bəzilərində nostalji hisslər yarada bilər. Xüsusən də ölkənin qərb bölgəsinin sakinlərində. Çünki, indi vaxtilə 2500-ə yaxın işçinin çalışdığı, çoxlarına doğma məşhur Çini qablar zavodundan bəhs edəcəyik. Bu zavodun istehsalı olan məhsullar hələ də bəzi evlərdə istifadə edilməkdədir. Ölkədə qeyri-neft sektorunun inkişafının prioritet olduğu, müxtəlif müəssisələrin açıldığı, yeni iş yerlərinin yaradıldığı bir dövrdə zavodun qapıları uzun illərdir bağlı qalıb. Memur.Az bildirir ki, Kəpəz TV-nin (Region TV) əməkdaşı Vəfa Şairova istehsal müəssisəsinin özəlləşdirilməsinə baxmayaraq, fəaliyyət göstərməməsinin səbəblərini araşdırmağa çalışıb. Hansı qənaətə gəlinib, bunu, qarşıdakı materialdan biləcəksiniz.
Çini haqqında ilk məlumatı elə onun adı verir. Bu materialdan qablar birinci dəfə Çində istehsal edilib. Asiyalılar eramızın 620-ci ilində kəşf etdikləri bu materialın sirrini uzun müddət qoruyub saxlaya biliblər. Düz 11 əsr. Avropanın çini ilə tanışlığının tarixi 1708-ci ildən başlayır. Köhnə qitədə ilk istehsala almanlar başlayıblar. Həmin il saksoniyalı eksperimentatorlar Çirnhaus və Bötger Avropa çinisini əldə etməyə nail olublar. Bundan iki il sonra - 1710-cu ildə isə köhnə qitədə ilk dəfə Meysen manufakturası qurulub. Meysen çinisi günü bu gün də öz şöhrətini qoruyur və bir çox kolleksiyaları bəzəyir. Sonradan Avropanın demək olar ki, əksər ölkələrində çini manufakturaları yarandı. Fransa, İtaliya, İngiltərə, Avstriya, Çexiya, isveç, Danimarka, Belarus kimi ölkələrdə çini istehsalı bu gün də uğurla davam etdirilir. Dünyanın məşhur çini istehsalçıları kimi Meysen, Auqarten, Royal Kopenhagen, İmperator, Bohema, Dulyovski, Rörstrand kimi şirkətləri göstərmək olar.
Çini yalnız məişətdə istifadə olunmur, o, həm də bir çox mədəni nümunələrin hazırlandığı materialdır. Yəni, dünya ölkələri çinidən həm də mədəniyyətinin təbliği vasitəsi kimi istifadə edirlər. Azərbaycan isə təəssüf ki, hazırda bu imkandan məhrumdur.
Baxmayaraq ki, ölkəmizdə də çini istehsalı ənənəsi olub. 1970-ci illərin əvvəllərində açılan məşhur Gəncə Çini qablar zavodu 25 ildən çox müddətdə faəliyyət göstərib. Zavod istehsal etdiyi Şərq dəstləri, çay, şərbət, gülab dəsti, çaydan, kasa, piyalə və s. məhsullarla adından söz etdirməyi bacarıb.
Lakin ölkəmiz müstəqillik əldə etdikdən sonra iqtisadiyyatın keçid dövründə müəssisə rəqabətə davam gətirə bilmir və 1996-cı ildə fəaliyyətini tamamilə dayandırmaq məcburiyyətində qalır.
Məsim Abadov- ekspert: "Çini qablar zavodu 30-40 il bundan qabaq o vaxtkı texnologiyalarla qurulan zavoddur. Baxmayaraq, ondan da qabaq işə salınıb. O vaxtlar çini qablara tələbat o qədər böyüdü ki, Gəncə Çini qablar zavodu sosialist ölkələrinə də çini qablar satırdı... Sovetlər Birliyi dağılandan, sərhədlər açılandan sonra xaricdən ondan da bəzəkli qablar gələndə baxdılar ki, bu qabların dəyəri o qədər ucuzdur ki, Çini qablar zavodu avtomatik olaraq istehsalı dayandırmağa məcbur oldu. Çünki qablarını sata bilmədi. O planlı iqtisadiyyat idi, Sovetlər Birliyi idi, bazarı özləri planla nizamlayırdılar, məcburiyyət idi, bu istehsal edirdi, o da satırdı. Amma azad rəqabətdə Çini qablar zavodu rəqabətə dözə bilmədi".
1998-ci ildə Gəncə çini qablar zavodu özəlləşdirilir. Hazırkı hüquqi varisi isə "Gəncə çini qablar" ASC-dir. Aydın məsələdir ki, hər hansı bir müəssisəni özəlləşdirən sahibkar onun fəaliyyətini davam etdirmək, yeni istehsal və inkişaf mərhələsinə başlamaq niyyətində olur.
Bəs Gəncə Çini qablar zavodu niyə özəlləşdirildikdən sonra fəaliyyətini bərpa etmədi? Hansı əngəllər yarandı? Sahibkarlar qarşısında hansı problemlər yarandı? Biz, əlbəttə ki, bu sualları elə həmin müəssisəni özəlləşdirən sahibkarlara ünvanlamaq istədik. Amma onlar bizə cavab vermək istəmədilər. "Gəncə Çini qablar" ASC-nin Müşahidə Şurasının sədri Qabil Əliyev telefonla şifahi söhbətimizdə bəzi problemləri dilə gətirsə də, kameramıza müsahibə vermədi.
Ekspert Məsim Abadov deyir ki, yenidən fəaliyyətə başlaması üçün zavod ilk növbədə müasir standartlara cavab verən avadanlıqlarla təmin edilməlidir ki, bazara çıxardığı məhsulun maya dəyəri aşağı olsun, rəqabətə dözə bilsin.
Məsim Abadov- ekspert: "Sözsüz ki, ona dövlət tərəfindən dəstək olmalıdır, xüsusən aşağı faizli kreditlər verilməlidir. İmkan olsa, hətta faizsiz maliyyə ayrılmalıdır. Yeni xətt alınmalı, avadanlıq qurulmalıdır. Azərbaycanda bunun analoqu var. Azərbaycanda elə zavodlar qurulub ki, müasir səviyyədə dünya standartlarına cavab verən məhsul istehsal edirlər. Həmin məhsul artıq kənardan gəlmir, özümüz özümüzü təmin edirik".
Bu gün Azərbaycanda çini qablar bazarında əsas yeri Çin, Türkiyə, Almaniya, Çexiya istehsallı məhsullar tutur. Bu, həm də müəyyən məbləğdə valyutanın xaricə axması deməkdir. Zavodun yenidən istehsala başlanması ilə yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin edilməsi, qeyri-neft sektorunun inkişafında irəliləyişə nail olunması ilə yanaşı, daxili valyuta ehtiyatımızı da qoruya bilərik.
Məsim Abadov- ekspert: "İstənilən halda xaricdən gələn məhsulun, keyfiyyətindən, dəyərindən asılı olmayaraq, o, müəyyən valyuta ilə alınıb gəlir. Bu da sonda Azərbaycanın valyuta ehtiyatlarının azalmasına gətirib çıxarır. Bu mənada daxili bazarın sabitləşməsi üçün, iş qüvvəsinin yerləşdirilməsi, iş yerlərinin açılması üçün daxili istehsalın qurulmasına böyük zərurət var. Bu sahədə də ölkə rəhbərliyi, hökuməti müəyyən güzəştləri, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə güzəştli kreditlər verilməsinə, müəyyən vergilərin azaldılmasına şərait yaradır. Bu gün o zavodun qalan yeganə kapitalı onun mütəxəssisləridir, rəssamıdır, dizayneridir. Ora-bura dağılsalar da, onların müəyyən qədərini toplayıb yığmaq olar. Çini qablar zavodunda çalışan rəssamlar, dizaynerlərin işləri bu gün də müəyyən sərgilərin, antikvar əşyaların bəzəyidir".
Rasim İsmayıloğlu da ekspertin bəhs etdiyi o kapitaldan biridir. Uzun illər Gəncə Çini qablar zavodunun rəssamı olub. Hazırda isə fəaliyyətini balaca bir emalatxanada davam etdirir. Özünün dili ilə desək, əgər oraya emalatxana demək mümkündürsə. Rəssamın zavodun bağlanması məsələsinə öz yanaşması var.
Rasim İsmayıloğlu- Gəncə Çini qablar zavodunun rəssamı: "Mən təsəvvür edə bilmirdim ki, bu zavod gələcəkdə belə bir vəziyyətə düşə bilər. Düzdür, bazar iqtisadiyyatı gəlirdi, inkişaf artıq başqa istiqamətə getmişdi. Biz də bunların hamısını nəzərə alıb zavodu saxlamaq üçün özümüzün yeni-yeni işlərimizi tərtib edirdik. 1993-cü ildə kütləvi işdənçıxarmalar zamanı zavoddan birinci rəssamları çıxartdılar. Aydın məsələdir ki, rəssamsız zavod heç cür işləyə bilməzdi. Mən hələ indiyədək dərk edə bilmirəm ki, zavoddan nə üçün rəssamları çıxartdılar. Naxışçılar qaldı. Amma rəssamı çıxartmaq olmazdı. Çünki rəssam getdi, zavod məhv olmalıydı. Elə də oldu".
Rasim İsmayıloğlu hazırda sifarişlər əsasında əl işləri hazırlayır. Onun əsərləri ölkədə və xaricdə keçirilən müxtəlif sərgilərdə nümayiş etdirilir. Rəssam milli ornamentlərə üstünlük verməklə Nizami əsərlərinin, Azərbaycan muğamının, milli oyunlarımızın təbliğinə çalışır.
Rasim İsmayıloğlu- Gəncə Çini qablar zavodunun rəssamı: "Miniatür sənətinin təbliği respublikada baxmayaraq ki, azdır, mən hesab edirəm ki, onu geniş təbliğ eləmək lazımdır. İnsanları məlumatlandırmaq lazımdır ki, bu, bizim keçmiş sənətimizdir. Bunun min ildən çox tarixi var. Və bu sənət məhz bizə aiddir. Çini qablar zavodunun bağlanması ilə biz çox şey itirdik. Mədəniyyətimiz itdi, insanlarımız, sənətkarlarımız yox oldular. Çox şey itirdik, çox şeydə uduzduq biz. Nəinki iş barəsində, bu, bizim mədəniyyətimizin bir növü idi. Amma mən inanıram, gələcəkdə Allahın köməyi ilə o zavod yenidən fəaliyyət göstərəcək".
Sənətkar həm də əmindir ki, Çini qablar zavodu yenidən fəaliyyətə başlayarsa, özünün əvvəlki şöhrətini qaytara bilər. Müəssisənin açılması Gəncənin dövlət büdcəsindən asılılığını da azaldar və mərkəzdən dotasiya almadan inkişaf etməsinə kömək edər.
Məsim Abadov- ekspert: "Həm iş yerlərinin yaradılması, həm məşğulluğun artması, həm Gəncənin bir sənaye şəhəri kimi yenidən dirçəlməsi, inkişaf etməsi. Bu gün bilirsiniz ki, şəhərlərin, rayon mərkəzlərinin dotasiya ilə yaşaması ən aktual problemlərdir. İndiki iqtisadi çətinlik dövründə dotasiya ilə yaşamaq özü dövlət büdcəsinə əlavə yükdür. Bu mənada belə müəssisələrin işə salınması həmin şəhərin, məsələn, Gəncənin büdcədən asılılığından, inkişafında daha yüksək köməklik edə bilər. Və daha yüksək nəticələr əldə etmək olar".
Əsas tərəfin, yəni "Gəncə Çini qablar" ASC-nin mövqeyini öyrənə bilmədiyimizə görə, zavodun yenidən fəaliyyətə başlaya bilmə ehtimalı barədə bir söz deməkdə çətinlik çəkirik. Amma ümid edirik ki, müəssisə rəhbərliyi problemləri dəf edib, müəssisənin yenidən açılmasına, istehsala başlanmasına nail olacaq.