Ölkə əhəmiyyətili memarlıq abidəsi tarixdən silinə bilər » Memur.az

Ölkə əhəmiyyətili memarlıq abidəsi tarixdən silinə bilər

Ölkə əhəmiyyətili memarlıq abidəsi tarixdən silinə bilər

Şərq memarlığı üslubunda inşa edilən Göyçaydakı yeraltı hamamın təmirə ehtiyacı var. Memur.az El TV-yə ( Region TV) istinadən xəbər verir ki, ölkə əhəmiyyətli memarlıq abidəsi hesab olunan bu hamam hazırda baxımsız vəziyyətdədir. Hamamın divarları, tavanı, elektrik xətləri yararsız haldadır. Eyni vaxtda 70 nəfərin istifadə edə biləcəyi hamamdakı avadanlıqlar sınıb. Bu tarixi abidə Mədəniyyət və Turizm Nazirliyinin balansındadır. Nazirliyin nümayəndələri bir neçə il öncə Göyçaya gələrək hamamın vəziyyəti ilə tanış olublar. Lakin hələlik burada hər hansı bir iş həyata keçirilməyib.

Deyilənə görə, XIX əsrdə Göyçaydan olan Həzrət bəy Ağazadə bu hamamı qızı üçün cehizlik tikdirib. Bu unikal hamam Göyçay şəhərinin 4 əsas hamamından biri kimi uzun illər insanların istifadəsində olub. Bu, həm də tarixi baxımdan Göyçay şəhərinin mərkəzində memarlıq cəhətdən diqqəti cəlb edən ən qədim tikili hesab edilir. Hamam ona görə “yeraltı” adını alıb ki, abidənin əsas hissəsi torpaq səthindən 2 metr dərinlikdə yerləşir. Kvadrat şəklində olan bu tikilinin 3 oval şəkilli böyük salonu var. Salonlardan ikisi qadınlar, biri kişilər üçün nəzərdə tutulub. Hamamda bir nəfərlik otaqlar da var.