ÇİNGİZ QURBANOV: “GİZLİ SAVAŞ” » Memur.az

ÇİNGİZ QURBANOV: “GİZLİ SAVAŞ”

ÇİNGİZ QURBANOV: “GİZLİ SAVAŞ”































ÇİNGİZ QURBANOV: “GİZLİ SAVAŞ”
(roman)

Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş əsgər, zabit və xüsusi təyinatlıların əziz xatirəsinə həsr olunmuşdur.
(davamı - II hissə)


Mübariz mehmanxananın foyesində masanın üzərindəki jurnalları vərəqləyir, diqqətlə ətrafı müşahidə edirdi. O tanınmamaq üçün zahiri görnüşündə kosmetik dəyişiklik etmiş, gözünə qara eynək taxmış və hava limanından mehmanxanayadək Balayanı izləmişdi. İndi də onun meh¬manxanadan çıxmasını gözləyirdi. Nəhayət, Balayan foyedə göründü. O, şəhərin planını götürüb avtobus dayanacağına yollandı.
Balayan şəhərlə tanış olmaq üçün bilet alıb turistlər üçün nəzərdə tutulmuş qırmızı xəttlə hərəkət edən avtobusa mindi. Avtobusun ikinci mərtəbəsində özünə uyğun yer seçib əyləşdi. Bələdçinin verdiyi qulaqcığı lazımı dalğaya kökləyib dinləməyə başladı. Mübariz onun arxasında oturub izləməyə davam edirdi. Növbəti dayanacaqda turist xanım Balayana yaxınlaşıb, yanında boş qalmış oturacaqda əyləşmək üçün nəzakətlə izin istədi:
-Bu oturacaq boşdur? Oturmaq olar?
-Bəli, xanım. Boşdur, buyurun, əyləşin.
Xanım əyləşib qulaqcığı yerinə taxıdı. Dil seçimi etmək üçün barmaqlarını öndəki oturacağın arxasına bərkidilmiş panelin üzərindəki düymələrdə gəzdirməyə başladı. Bir şey alınmadığını görüb qulaqcığı çıxarıb kənara atdı. Gözucu Balayana baxıb gülümsündü.
-Alınmadı? İcazə verin sizə kömək edim. -Balayan əlini qulaqcığa uzatdı.
-Kömək ediləsi bir durum yoxdur. İşləmədi. -Xanım bir daha gülümsündü.
-Gözləyək, oturacaqlar boşalanda yerimizi dəyişərik. Mənim qulaqcığımdan istifadə edə bilərsiniz, -Balayan qulaqcığın bir tərəfini xanıma uzatdı.
-Xeyr, lazım deyil. Düz buyurursunuz, bir azdan yerimi dəyişərəm.
Hər ikisi sakit bir tərzdə ətrafa tamaşa edir, əllərindəki fotokamera ilə xoşa gələn mənzərələrin şəkilini çəkirdilər. Ön oturacaqda əyləşmiş orta yaşlı qadınla kişi yerlərindən qalxıb çıxışa yollandılar. Balayan fürsətdən istifadə edib cəld hərəkətlə digər turistləri qabaqlayıb boşalmış otura¬caqda əyləşdi. Arxaya çevrilib qadını yanına dəvət etdi.
-Xanım, buyurun əyləşin. Xahiş edirəm, qulaqciği götürməyi unutmayın.
-Çox sağ olun, minnətdaram. -Xanım Balayanın təklif etdiyi oturacaqda əyləşdi.
-Gəlin tanış olaq, mənim adım Aşotdur.
-Mənim adım isə Luizadır.
Hər ikisi bir-birinə əl uzadıb mehribancasına görüşdülər. Luiza ortaboylu, gülərüz və gözəl bir xanım idi. O, çox uyumlu, ağ rəngli, qısaqol köynək və şort geyinmişdi. Qarabuğdayı olduğu üçün ağ rəng ona çox yaraşırdı. Balayan tünd rəngli köynək və cins şalvar geyinmişdi. O, əvvəlcə Luizanın, sonra isə öz geyiminə baxıb dedi:
-Luiza, siz qarabuğdayı olduğunuz üçün ağ rəngli geyimlərə üstünlük verirsiniz, mən isə ağbəniz olduğum üçün tünd rəngli geyimləri sevirəm. Məni düzgün başa düşün. Bütün varlığımla rasizmə qarşıyam, sözgəlişi dedim. Hər ikimizdə çox gözəlik. Elə deyilmi?
-Tamamilə doğrudur, həqiqətən də siz yaraşıqlı bir bəysiniz. -Luiza zarafata zarafatla cavab verdi.
Hər ikisi bir birinə baxıb gülümsədilər. Onların arasında yaxşı bir ünsiyyət yaranmaqda idi. Mübariz qulaqlarına yerləşdirdiyi kiçik aparat vasitəsilə onların danışıqlarına qulaq asır, hərəkətlərini diqqətlə izləyirdı. Avtobus Dunay çayının sahili ilə hərəkət edirdi. Sürücü növbəti dayanacaqda beş dəqiqəlik fasilə elan edib bildirdi ki, turistlər əlavə bilet almadan, avtobus biletlərilə sahilə yan almış qayığa minə bilərlər. Bir sözlə avtobus üçün alınmış bilet qayıq gəzintisi üçün keçərlidir. Turistlərin bir qismi avtobusu tərk edib qayığa doğru yollandılar. Luiza yerindən qalxıb onlara qoşuldu. Balayan özündən asılı olmayaraq ətalətini saxlaya bilməyib Luizanın arxasınca addımladı. Hər ikisi qayığa minib yanaşı əyləşdilər. Mübariz münasib yer seçib onları izləməyə davam edirdi. Beş dəqiqədən sonra avtobus dayanacaqdan, qayıq isə sahildən aralandı. Qayıq getdikcə sürətini artırır, suyu yararaq irəli şığıyırdı. Luiza qayığın hərəkəti nəticəsində yaranmış köpüklü dalğalara tamaşa edirdi. Səmada qağayılar uçur, yem tədarükü etmək üçün arada suya baş vururdular. Çayın suyu şəffaf olduğu üçün balıqlar görsənirdi. Balayan qəflətən elektrik cərəyanı vurmuş kimi dik atıldı. Qayıqdakıların diqqəti onun üzərinə yönəldi. Hətta gülənlər belə tapıldı. Luiza təəccüblə ona baxıb soruşdu:
-Nə baş verdi, Aşot? Siz nə üçün qorxdunuz?
-Qorxmadım. Çantamı unutdum, avtobusda qaldı. Sənədlərim və portmanatım çantada idi.
Bu xəbər Luiza ilə yanaşı digər turistləridə narahat etdi. Onlar təəssüf hissi ilə başlarını yelləyib bir-biri ilə dərdləşir, bəziləri isə Balayanı məsuliyyətsizlikdə qınayırdı. Əlbəttə qərib bir ölkədə sənədləri itirməyin nə olduğunu hamı yaxşı başa düşürdü. Qayığa bir anlıq sükut çökdü. Luiza bu hadisənin baş verməsində özünü günahkar hiss etdirdi. İlk olaraq o dilləndi:
-Biz nə üçün sakit əyləşmişik? Çantanı tapmaq üçün nəsə bir tədbir görmək lazımdır.
-Mən elə o barədə fikirləşirəm, görüm sənədlərin tapılması üçün nə etmək olar? -Aşot başını qaldırmadan fikirli halda cavab verdi.
-Aşot, siz ilk olaraq bu barədə qayığın kapitanına məlumat verin, yəqin onlar sizə bir yol göstərərlər. Mənə elə gəlir ki, avtobusla qayıq bir mərkəzdən idarə olunur, ona görədə bir bilet hər ikisi üçün keçərlidir.
-Luiza, çox məntiqli yanaşmadır. Siz düz vurğuladınız, indi kapitana yaxınlaşıb bu barədə məlumat verərəm.
Balayan yerindən qalxıb asta addımlarla kapitan oturduğu kabinəyə yollandı. O, izin istəyib içəri daxil oldu. Baş vermiş hadisəni anladıb, ona kömək etmələrini xahiş etdi. Kapitan Balayanı dinlədikdən sonra kabinədə quraşdırılmış ratsiya vasitəsilə baş vermiş hadisə barədə mərkəzi ofisə məlumat verdi. Sonra Balayana narahat olmaması üçün bir sıra tövsiyələr verib keçib yerində oturmasını xahiş etdi. Balayan yerində əyləşib gözləməyə başladı. Qayıqda sakitlik hökm sürürdü. Hamının gözü kapitana dikilmişdi. Bir müddət keçdikdən sonra kapitana çantanın tapılması barədə məlumat daxil oldu. O, Balayana yaxınlaşıb dedi:
-Sizi təbrik edirəm, çantanız və sənədləriniz tapıldı. Sahildə avtobus dayanacağındakı bələdçidən götürə bilərsiniz. Siz çox şanslı insansınız. Bir daha təbrik edirəm.
-Minnətdaram, çox sağ olun. –O, kapitanın əlini sıxdı.
Xoş xəbər qayıqda əyləşmiş turistlərin gurultulu alqışlarına səbəb oldu. Turistlərin əhvalı yüksəlmiş və qayıqda bir canlanma yaranmışdı. Çantanın tapılmasına Balayandan çox Luiza sevinir, sanki çiynindən ağır yük götürülmüşdü. Qayıq sahilə yan alıb dayandı. Balayan və Luiza qayıqdan düşüb sahildəki bələdçini tapıb çantanı ondan götürdülər.
-Təbrik edə bilərsiniz, bu gün mənim ikinci doğum günümdür. –Balayan əlindəki çantanı başı üzərinə qaldırıb yelləyərək zarafat etdi.
-Təbrik edirik. -Luiza və bələdçi xorla dilləndilər.
Balayan çantanı açıb yoxladı, sənədlər və portmanat yerindəydi. Onlar söhbət edərək çayın sahilindən aralanıb avtomobil kirayələmə məntəqəsinə yollandılar.
-Luiza, siz neçə gün istirahət etməyi planlaşdırırsınız?
-Aşot, sizin ikinci doğum gününüzü nəzərə alsaq on beş gün. Nə etmək istəyirsiniz? Əgər avtomobil kirayələmək istəyirsinizsə mən sizə maddi və mənəvi dəstək verməyə hazıram.
-Çox sağ olun, mənəvi dəstəyiniz yetər.
Balayanın etirazlarına baxmayaraq, Luiza avtomobilin kirayə haqqının yarısını ödədi. Luizanın sürücülük vəsiqəsi olmadığına görə avtomobil Balayanın adına sənədləşdirildi. Onlar avtomobilə əyləşib Luiza yaşayan mehmanxanaya yollandılar. Balayan avtomobili mehmanxananın qarşısında saxlayıb Luizanın düşməsinə kömək etdi. Hər ikisi avtomobilin yanında dayanıb bir-birinə tamaşa edir, sanki ayrılmaq istəmirdilər. Balayan araya çökmüş sükutu pozub dedi:
-Luiza can, sizi restorana şam yeməyinə dəvət edirəm. Etiraz etmirsinizsə, sənədlərin tapılmasını restoranda birlikdə qeyd edərik.
-Aşot can, dəvətinizi məmnuniyyətlə qəbul edirəm. Restoran seçimi isə sizə həvalə olunur.
-Baş üstə! -Balayan əlini başına doğru apardı. -Axşam saat yeddi radələrində arxanızca gələcəm xahiş edirəm, hazır olun. Mən gözləməyi xoşlamıram. –Balayan saçlarını tumarlayaraq gülümsündü.
Onlar xudahafizləşmədən ayrıldılar. Mübariz taksidə əyləşib onları izləyir, sakit bir şəkildə danışıqlarına qulaq asırdı. O, Balayanı mehmanxanaya ötürdükdən sonra avtomobil kirayəsi məntəqəsinə yollandı.
Mübariz Luiza yaşayan mehmanxananın foyesində oturub qəhvə sifariş etmişdi. O, masanın üzərindəki jurnalları vərəqləyir, Balayanın gəlişini gözləyirdi. İlk olaraq Luiza foyedə göründü. Bir neçə dəqiqə keçməmiş Balayan da gəlib çıxdı. Balayanla Luiza avtomobilə əyləşib yola düşdülər. Mübariz onları yenidən izləyirdi.
Balayan avtomobili olduqca sürətlə idarə edirdi. Luiza narahat olsada büruzə verməməyə çalışırdı. Mübariz onlardan geri qalmır, lakin ehtiyatı əldən vermək istəmirdi. Narın yağışdan sonra şinlərin sürüşmə ehtimalı çox yüksək idi. Balayan idarə edən avtomobilin kəskin döngələrdə sürüşdüyü arxadan aydın şəkildə görsənirdi. Onlar xeyli yol qət edib şəhərdən kənarda, meşənin ortasında yerləşən restorana gəldilər. Luiza Balayanla iki nəfərlik masa arxasında əyləşib, ofisiantın yaxınlaşmasını gözləyirdilər. Mübariz «qonaqlarından» iki masa kənarda əyləşmişdi. O, üç gün öncə bu restoranda olmuş və onun iyirmi dörd saat işlədiyini bilirdi. Axşam saatlarında bir kişi və bir qadın müğənni ilə yanaşı aparıcı və orkestr fəaliyyət göstərirdi. Restoranda Avropa mətbəxinin bütün təamlarından dadmaq olardı. Mübariz və «qonaqları» sifariş verdikdən sonra gözləməyə başladılar. Balayan ilə Luiza arasında çantanın tapılma hadisəsi yenidən müzakirə obyektinə çevrilmişdi.
Luiza gülümsəyərək dedi:
-Aşot, səni bilmirəm, mən çox narahat olmuşdum.
-Luiza can, çox sağ ol. Əlbəttə mən sənin narahatlığını dəyərləndirirəm, amma məndən çox narahat ola bilməzdin, çünki mənim çantam itmişdi. Üstəlik bütün sənədlərim çantada idi.
-Aşot, nə üçün sənədləri özünlə götürürsən, mehmanxanada saxlamırsan?
-Luiza can, illər uzunu xarakterim belə formalaşıb başqa cür hərəkət edə bilmirəm. Bütün sənədlərim indi də çantamdadır. Çalışacam eyni səhv ikinci dəfə təkrarlanmasın.
-Qorxmursan yenidən itirərsən?
-Luiza, səni kimi dostu olan insan qorxar? –Balayan zarafat edərək söhbəti dəyişmək istəyirdi. O, Luizanın əlinə yüngül toxunub güldü.
Mübariz onların arasında baş verən söhbətə qulaq asdığı üçün deyilənlərin hamısını eşitmişdi.
-Deməli, sənədlərinin hamısı yanındadır. -Mübariz öz-özünə mızıldandı.
Nəhayət, sifariş olunmuş yeməklər gətirildi. Mübariz alkoqollu içki sifariş etməmişdi. Lakin Balayanla Luizanın masasına yarım litrlik vodka qoyulmuşdu. Balayan ilk olaraq yüz qram vodka içib yeməyə başladı. O dayanmadan söhbət edir, içki qəbul edərək yeyir, Luizanı əyləndirməyə çalışırdı. Üç saatdan artıq zaman keçmiş, restoranda olan qonaqların əhvalı dəyişmişdi. Balayan vodkanı tam içib qurtardığı üçün əlavə sifariş vermişdi. Luiza ona mane olmağa çalışırdı.
-Aşot, kifayətdir. Durmaq lazımdır, sən yavaş-yavaş danışığını itirirsən.
Bir qədər keçdikdən sonra Luiza ofisiantı çağırıb hesabı ödəmək istədiyini bildirdi. Ofisiantın təqdim etdiyi çekə baxıb hesabı ödədi. Luiza Balayanı güclə restorandan çölə çıxartdı. O, avtomobil idarə edə bilmirdi. Balayan adekvat olmadığına görə kirayə olunmuş avtomobilə minməyib, taksiyə əyləşdilər. Taksi sürətlə şəhərə doğru şütüyürdü. İlk olaraq Luizanı mehmanxanada buraxıb, yollarına davam etdilər. Səhər tezdən başlamış narın yağış hələ də davam edirdi. Sərt döngələrdən keçərkən taksinin arxa şinləri gah sağa, gahda sola doğru sürüşürdü. Mübariz ehtiyatı əldən verməməyə çalışır, izlədiyi taksidən iki, üç yüz metr arxada gedirdi. Qəflətən əylənc səsi ilə müşayiət olunan gurultulu, cingiltili, qarışıq bir səs eşidildi. Mübariz yol-nəqliyyat hadisəsi baş verdiyini anlayıb, sürəti artırıb hadisə yerinə çatdı. Taksi idarəetməni itirib sürüşərək böyük küknar ağacına çırpılıb çevrilmişdi. Balayan və sürücü çevrilmiş avtomobildən bir neçə metr kənara düşmüşdülər. Yolda kimsə görsənmirdi. Mübariz avtomobildən düşüb qəza keçirmiş şəxslərin nəbzlərini yoxladı. Aşot Balayan və sürücü yerində keçinmişdi. O, Balayanın çantasını götürüb hadisə yerindən uzaqlaşdı.
***
Mübariz idarə etdiyi avtomobili restoranın həyətində park etdi. O, şəxsi əşya və paltarlarını götürüb Balayanın kirayə etdiyi avtomobilə əyləşib onun yaşadığı mehmanxanaya yollandı. Mübariz izi itirmək üçün iki gün əvvəl öz yaşadığı mehmanxanadan çıxmış, diqqəti cəlb etməmək üçün hava limanında gecələyirdi. Nəhayət, Balayan yaşadığı mehmanxanaya çatdı. İçəri daxil olub qarşisina çıxan xidmətçilə salamlaşdı. Heç nə olmamış kimi qapını açıb «öz otağı»na daxil oldu. Mübariz gətir¬diyi əşya və paltarları yerləşdirib, çarpayının üstünə uzandı. O, bu gün yaşananlardan kədərlənsədə bəxti gətirmiş, mərkəzin onun qarşısında qoyduğu ilk hədəfə çatmışdı. Sanki çiyinindən ağır yük götürülmüşdü. O, olub-keçənlər barədə fikirləşərək xəyala daldı.
Xəyallar onu çox uzaqlara, uşaqlıq illərinə aparmışdı. Mübariz məktəbdə yaxşı oxuyan və çalışqan şagirdlərdən hesab olunurdu. Təkcə oxumaqla kifayətlənmir, məktəbin ictimai həyatında fəal iştirak etməyə çalışırdı. Divar qəzetinin buraxılması, idman yarışları, viktorina və dərnəklərin təşkilində yaxından iştirak edirdi. Bütün bunlarla yanaşı, şahmat oynamağı çox sevirdi. Hətta çənəsindəki ət xalı nəzərdə tutaraq ona «Xallı Qrossmeyster» ləqəbi vermişdilər.
Rayon səviyyəsində müxtəlif idman yarışları təşkil edilirdi. Məktəblilər yarışlara qatılıb bacarıqlarını nümayiş etdirir, mükafat və kubokları qazanmağa çalışırdılar. Mübariz öz məktəblərini şahmat yarışlarında təmsil edirdi. Şahmat üzrə rayon birinciliyinə start verilmişdi. Heç kimin gözləmədiyi halda yarışların beşinci gününü Mübariz finala yüksələ bilmiş və Aşot Balayan adlı bir şəxs onun rəqibi olmuşdu. Final oyununda ən diqqət çəkən məqam Mübarizlə Aşot Balayanın zahirən bir birilərinə çox oxşaması idi. Onları fərqləndirən əsas cəhət Mübarizin çənəsində ət xalın olması və Aşot Balayanın Mübarizdən bir yaş böyük olmasına baxmayaraq boyca bir qədər kiçik və cılız görsənməsi idi. Reqlamentə görə final üç oyundan ibarət keçirilməli, üstünlük qazanan oyunçu çempion elan olunmalı idi. Final çox dramatik keçmiş, Mübariz birinci oyunu heç-heçə başa vursada, qalan iki oyunda qələbə qazanaraq çempion olmuşdu. Onun qələbəsini Aşot Balayanın adına yazmaq istəsələr də, rayon rəhbərliyində və təşkilat komitəsində təmsil olunan azərbaycanlılar buna imkan verməmişdilər. Bu işdə rayon maarif şöbəsinin müdiri Tapdıq Əmiraslanov və şair Əli Vəkil xüsusi fəallıq göstərmişdilər.
Şahmat yarışının gedişatı tanınmış jurnalist Qədir Aslan tərəfindən «Bolluq Uğurunda» və «Sovet Ermənistanı» qəzetlərində «Xallı Qrossmeyster» başlığı altında geniş işıqlandırılmış, Mübariz Babayev və Aşot Balayanın fotoları dərc edilmişdi. Həmin qəzetlərin nüsxələri Mübarizin şəxsi arxivində olsada, sonralar itib batmışdı. Təqribən iyirmi ildən sonra Mübariz həmin qəzetləri polkovnik-leytenant Əzimovun masasının üzərində görmüş, bir daha təkrar oxuyaraq çox təsirlənmişdi. Bu hadisədən sonra o, Azərbaycan xüsusi xidmət orqanlarının fəaliyyətini yüksək qiymətləndirmiş, həmin qəzetlərin polkovnik-leytenant Əzimova necə çatması onun üçün sirr olaraq qalmış və bu barədə soruşmağı artıq hesab etmişdi. Mübariz xatirələr içərisində şirin yuxuya qərq olmuşdu. Mübariz telefonun zəng səsinə gözlərini açıb saata baxdı. Tezdən gələn telefon zəngi onu narahat etmişdi. Mübariz dərindən nəfəs alıb gərnəşdi. Əllərilə sinəsini döyəcləyib telefonun dəstəyini qaldırdı. Telefonun dəstəyindən həyəcanlı qadın səsi gəlirdi.
-Alo, Aşot sənsən? -Danışan Luiza idi.
-Bəli mənəm. –Luizanın səsi onun həyəcanını bir qədər də artırdı. -Luiza can, nə üçün belə həyəcanlısınız?
-Aşot, tezdən xəbər verdilər ki, gecəyarısı avtomobil qəzası baş vermiş, taksi sürücüsü və sərnişin faciəli şəkildə həlak olmuşlar. Sizə görə çox narahat oldum.
-Narahat olma, Luiza can. Görürsən ki, mən sağam.
-Aşot elə bil səsin dəyişib. Soyuqlamısan?
-Luiza can, düz buyurursan. Soyuqlamışam yəqin ona görə səsim bir az dəyişib.
-Aşot, biz bu gün görüşməyəcəyik?
-Luiza can, özümü pis hiss edirəm, həmçinin bir qədər işlərim var. Sabahdan kurslar başlayır, bu gün saçımı kəsdirmək və görünüşümdə bir qədər dəyişiklik etmək istəyirəm. Allah qoysa yaxın günlərdə görüşərik.
Onlar xudahafizləşdikdən sonra Mübariz dəstəyi asıb fikirləşdi. -Qadınlar necə də həssas olurlar. Bir gün tanımasına baxmayaraq, hətta telefonda səsin dəyişməsini hiss etdi.
Mübariz yataqdan durub yüngül idman etdikdən sonra duş qəbul edib, səhər yeməyi üçün bir mərtəbə aşağıda yerləşən restorana yollandı. O, səhər yeməyindən sonra iştirak ərizəsini təşkilat komitəsinə təqdim edib saçlarını kəsdirmək üçün bərbərə getdi.
Növbəti gün kurs başlamış, hər biri iyirmi nəfərdən ibarət iki qrup formalaşmışdı. Mübariz birinci qrupda yer almışdı. Reqlamentə görə günün birinci yarısı nəzəriyyə tədris olunur, ikinci yarısında isə müvafiq vərdişlər əldə etmək üçün praktiki məşğələlər həyata keçirilirdi. Məşğələlər yerli saatla dörddə başa çatırdı. O, boş qalan vaxtlarını səmərəli keçirməyə çalışır, Luiza ilə muzeylərə gedirdi. Luiza ilə şərtləşdiklərinə görə həftə sonu yenidən şəhər kənarında yerləşən restoranda şam yeməyi planlaşdırmışdılar.
Həmişə olduğu kimi restoranda çoxlu qonaq var idi. Onlar özlərinə münasib yer seçib, sifariş vermək üçün ofisiantın yaxınlaşmasını gözləyirdilər. Nəhayət, ofisiant onlara yaxınlaşıb sifariş qəbul etdi.
-Aşot, nə əcəb spirtli içki sifariş etmədin? -Luiza təəccübünü gizlədə bilməyib soruşdu.
-Luiza can, keçən dəfə etdiklərimə görə üzr istəyirəm. Çox peşman olmuşam, ona görədə spirtli içki istəmirəm.
-Aşot, şampan şərabı da içmək istəmirsən? –Luiza təkidlə soruşdu.
-Luiza can, bir haldakı sən təkid edirsən, gəl şampan şərabı şifariş edək.
-Aşot, hesabı verməyə görə narahat olma, mən sənə kömək edərəm. -Luiza güldü.
-Luiza can, hesaba görə sən narahat olma, çalışacam onu bizim əvəzimizə ödəsinlər.
-Aşot, başa düşmədim o, necə olur?
-Narahat olma, sonda görərsən.
Onlar bir qədər yeyib-içərək əyləndilər. Zaman keçdikcə istirahət edənlərin o cümlədən, Mübarizlə Luizanın əhvalı dəyişirdi. Rəqs edən, mahnı oxuyan və digər istedadlarını nümayiş etdirənlərin sayı yavaş-yavaş artırdı. Mübariz orkestrə yaxınlaşıb portmanatdan yüz dollar çıxardıb pianinoçunun döş cibinə qoydu. Qulağına pıçıldayıb geriyə, öz yerinə qayıtdı. Bir qədər sonra aparıcının gur səsi zala yayıldı.
-İndi isə pianinoda ifa etmək üçün Aşot adlı qonağımız səhnəyə dəvət olunur.
Mübariz səhnəyə yaxınlaşan zaman nə baş verdiyini anlamayan dəm olmuş qonaqlar onu ayaq üstə alqışlamağa başladılar. Luiza digər qonaqlar kimi ayağa qalxıb, lakin nə edəcəyini bilmədiyi üçün gözlərini Mübarizə zilləyib susurdu. Mübariz pianinonun arxasına keçib professional musiqiçi ədası ilə əllərini cütləyib barmaqlarını oynatmağa başladı. Barmaqlarının isindiyini hiss edib, musiqiçilərə doğru çevrilib dedi:
-Dostlar, xahiş edirəm çətinlik çəkdiyim zaman mənə dəstək verəsiniz.
Orkestrin üzvləri onu alqışlayaraq dəstəklərini nümayiş etdirirdilər. Mübariz gözlərini yumub pianinonun dillərinə toxundu. Şopenin oynaq və axıcı melodiyaları ətrafa yayıldı. Mübariz professional ifa nümayiş etdirirdi. Musiqidən məst olmuş qonaqlar tütün çəkir, qaş-gözlə ifanı bəyəndiklərinə işarə edirdilər. Mübariz növbəti ifaya keçməmişdən əvvəl mikrofonu götürüb qonaqlara müraciət etdi:
-Əziz qonaqlar, dostum Luiza xanımın özəl bir günüdür. Ona söz vermişəm ki, restoranın hesabını qonaqların musiqi sifarişlərindən qazanaraq ödəyəcəm. Ona görə də dünya klassiklərinin əsərlərindən parçalar və populyar musiqilər ifa etmək üçün sifarişlər qəbul edirəm. –O, gülərək mikrofonu aparıcıya qaytardı.
Bu çıxışdan sonra qonaqlar sifariş vermək üçün sanki növbəyə dayanmışdılar. Mübariz Alman, İtalyan, Macar və digər bəstəkarların əsərlərindən parçalar ifa edirdi. Hər dəfə yeni musiqi parçası ifa edildikdən sonra qonaqlar alqışlayır, onun davam etməsini istəyirdilər. Pianinonun üstündə xeyli pul toplanmışdı. O, yeməyinin dəyərini qazandığını düşünüb Üzeyir Hacıbəyovun «Koroğlu» üverturasını ifa edib ayağa qalxdı. Mübariz qonaqların alqışları qarşısında təzim edir, əli ilə musiqiçiləri göstərirdi. Orkestr Mübarizə ehtiram əlaməti olaraq ayağa qalxmışdı. Sürəkli alqışlar davam edirdi. Nəhayət, keçib yerində əyləşdi. Luiza başda olmaqla qonaqlar və orkestr onu ayaq üstə alqışlamaqda davam edirdilər.
Bir qədər keçdikdən sonra aparıcı səhnədə göründü. O, mikrofona yaxınlaşıb dedi:
-Hörmətli qonaqlar, rəhbərliyin qərarı ilə Aşot və Luiza xanım «Fəxri Qonaq» elan olunur. Bizim qaydalara görə bu gündən etibarən qonaq olduqları müddətdə hesabları restoran tərəfindən ödəniləcəkdir.
Aparıcının elanı qonaqlar tərəfindən alqışla qarşılandı. Mübariz Luizaya tərəf çevrilib dedi:
-Mən bu günün hesabından danışırdım, belə çıxır istirahət edəcəyimiz bütün günlərin hesabını ödəmiş olduq.
Mübariz qəh-qəhə çəkib gülməyə başladı. Luiza özünü saxlaya bilməyib ona qoşuldu.
Gecəyarıdan keçmişdi. Onlar bir qədər əyləndikdən sonra mehmanxanaya getmək qərarına gəldilər. Mübariz özünü yaxşı hiss etdiyi üçün Luiza onun avtomobili idarə etməsinə etiraz etmədi. Mehmanxanaya çatıb dayandılar. Luizanın sual dolu baxışları Mübarizin üzünə dikilmişdi. Bu məhəbbət və heyranlıq dolu baxışlardan çox şeylər oxunurdu. Mübariz sentimental hisslərə qapılmayıb dilləndi:
-Luiza can, mehmanxanada yaşamayan insanların gecəyarısından sonra ora daxil olması qadağandır. Çox təəsüf ki, mən bu gün sənin qonağın ola bilməyəcəyəm.
-Çox təəsüf. -Luiza pərişan halda dilləndi.
Onlar xudahafizləşib ayrıldılar. Mübariz avtomobilə minib öz yaşadığı mehmanxanaya üz tutdu. Yağış çisələdiyi üçün asfalt yaş idi. O, avtomobili ehtiyatla idarə edərək mehmanxanaya çatıb öz otağına daxil oldu. Sabah görəcəyi işləri planlaşdırıb yatağa uzandı.
Mübariz kursdan qayıdarkən, foyedəki inzibatçı ona bir konvert təqdim etdi. O öz nömrəsində konverti açıb şifrələnmiş məktubla tanış oldu. Məktubda bildirilirdi ki, bir həftədən sonra İrəvandan gələn yüksək çinli hərbiçi ilə tanış olub əlaqə qurmaq lazımdır. Mübarizi bir qədər maraq bürüsədə özünü təmkinli aparmağa çalışırdı. Qonaqların gələcəyi gün Luizanı öz vətəninə yola salmalı idi.
Mübariz hava limanında Luiza ilə söhbət edir, onun uçacağı reysin elan olunmasını gözləyirdilər. Luiza ayrılmaq istəmədiyi üçün bir qədər pərişan olmuşdu. Sükutu ilk olaraq Mübariz pozdu.
-Luiza can, sənə yaxşı yol, vətənə sağ salamat yetişib doğma və əziz insanlarla görüşməyi arzu edirəm.
-Çox sağ ol, Aşot can. -Luiza gülümsündü.
-Luiza can, bəlkə mənə demədiyin, amma demək istədiyin bir söz var?
-Bəli, Aşot can.
-Buyur eşidirəm.
-Aşot, mən polis zabitiyəm, rütbəm kapitandır. Mənə aid nə qulluğun olsa, canla başla hazıram.
-Luiza can, çantamın tapılmasında göstərdiyin köməklik və verdiyin tövsiyələrdən səriştəli bir insan olduğunu anlamışdım. Lakin heç zaman təsəvvürümə gətirə bilməzdim ki, siz polis zabitisiniz. Bir polis zabiti kimi mənim haqqımda nə deyə bilərsiz? -Mübariz heyrətini gizlətmədən soruşdu:
-Aşot, sən işini, peşəsini və həyatı sevən istedadlı bir insansan. Hər şeydən zövq almağı bacarırsan.
-Çox sağ ol, Luiza can. Təşəkkür edirəm.
Yenidən araya sükut çökdü. Nəhayət, Luizanın uçacağı reys elan olundu. O, sanki vətənə deyil, qadağan olunmuş zonaya yollanırdı. Birlikdə olduqları müddətdə Mübarizin xarakteri onu ovsunlamışdı. Nəhayət, uzun illərin dostları kimi qucaqlaşıb xudahafizləşərək ayrıldılar.
***
Mübarizin səbirsizliklə gözlədiyi «qonaqlar» onun yaşadığı mehmanxanada yerləşmişdilər. O, tanışlıq üçün məqam axtarırdı. Mübariz mərkəzin tövsiyələrindən başa düşürdü ki, onlarla tanış olub əlaqə qurmaq gələcək işlər üçün faydalı ola bilər. Ancaq şübhə doğurmamaq üçün birinci təşəbbüs göstərmək istəmir, münbit şəraitin yetişməsini gözləyirdi.
Mübariz səhər yeməyindən sonra foyedə yerləşən reklam lövhəsinin qarşısında dayanıb özünü məşğul göstərir, ətrafı müşahidə edirdi. O, qonaqların restorandan çıxmasını gözləyirdi. Nəhayət, qonaqlar foyedə göründülər. Onlar inzibatçıya yaxınlaşıb nəsə soruşdular, qane edici cavab almayıb ətrafa göz gəzdirir, sanki kömək istəyirdilər. Bu zaman Mübariz gülümsünərək onlara salam verdi. Xanım ürəklənərək Mübarizə yaxınlaşıb İngilis dilində danışmağa cəhd göstərdi. İngiliscə pis bildiyi üçün dili topuq vurur, fikrini izah etməkdə çətinlik çəkirdi. Xanımın iyirmi beş, iyirmi səkkiz yaşı olardı. Ucaboy, sarışın saçlı bir xanım idi. O, ermənidən çox rus millətinə oxşayırdı. Yəqin metis idi. Mübariz xanımı süzüb İngilis dilində dedi:
-İngilis dilindən başqa hansı dildə danışa bilirsiniz?
-Mən Rus dilində danışa bilirəm. Atam erməni, anam isə rusdur. -Qız gülümsünür, qaş-gözünü oynadaraq vəziyyətdən çıxmağa çalışırdı.
-Xanım, icazə verin mən sizinlə «doğma» dilimizdə danışım. -Mübariz söhbətə erməni dilində davam etdi.
-Siz də ermənisiniz? Qafqazlı görkəmi olsada erməniyə oxşamırsınız. -Həmsöhbətinin yerlisi olduğunu bildikdən sonra xanımın sevincinin həddi hüdudu yox idi.
-Erməniyə oxşamıramsa sizcə, hansı millətə oxşayıram?
-Üzr istəyirəm, fikrimi düzgün ifadə etmədim, sözgəlişi dedim. –Qız tez üzrxahlıq etdi.
Bir az kənarda dayanmış kişi mehriban söhbət getdiyini görüb onlara yaxınlaşdı. Ortaboylu kişi qarın buraxmış, yaşından çox görünsə də qırx, qırx iki yaşı ancaq olardı. O, salam verib tanış olmaq üçün əlini Mübarizə uzatdı.
-Gəlin tanış olaq, Minas Davidoviç Qriqoryan.
-Aşot Nersesoviç Balayan, -Mübariz onun əlini sıxıb özünü təqdim etdi.
-Mən isə Anna Sarkisovna Muradyanam. -Xanım özünü təqdim etdi.
-Aşot Nersesoviç, xahiş edirəm, yerli şərait və şəhərlə tanış olmaqda bizə kömək edəsiniz. -Qriqoryan dilləndi.
-Minas Davidoviç, işimlə əlaqədar olaraq saat dördə qədər məşğul oluram, məşğələlər sona çatdıqdan sonra sizin qulluğunuzda hazıram. -Mübariz gülümsünərək Annaya doğru çevrilib yüngül formada təzim etdi. -Mən sizi şəhərdən kənarda yerləşən elit bir restorana şam yeməyinə qonaq dəvət edirəm. Xahiş edirəm, axşam saat yeddi üçün hazır olun. İndi isə məni bağışlayın təlimlərə qatılmalıyam, vətənin savadlı kadrlara çox ehtiyacı var.
Hər üçü qəhqəhə çəkib güldülər. Mübariz onlarla xudahafizləşib dərs vəsaitlərini götürüb aralandı.
Mübariz bir gün əvvəl restoranın inzibatçısına zəng edib üç nəfərlik stolun saxlanmasını xahiş etmişdi. Onlar restoranın qarşısında avtomobildən düşərkən qonaqları qarşılayan əməkdaş yaxınlaşıb Anna xanımın avtomobildən enməsinə kömək etdi. Mübariz və Minas Davidoviç avtomobildən düşüb restorana daxil oldular.
Minas Davidoviç və Anna restoranda gördükləri dəbdəbəyə heyran olmuş, sanki nağıllar aləminə düşmüşdülər. Anna gah tavandan asılmış çil-çıraqlara, gah da masanın üstündə zövqlə düzülmüş bahalı qab-qacağa, çəngəl-bıçaq dəstlərinə tamaşa edirdi. İnzibatçının dəvətilə onlar üçün nəzərdə tutul¬muş masanın arxasında əyləşdilər. İlk olaraq Mübariz sözə başladı.
-Minas Davidoviç, yeməkləri biz özümüz seçək yoxsa personalın təklif etdiyi yeməklərə üstünlük verək? Onu da qeyd edim ki, kollektiv çox gözəl zövqlü insanlardan təşkil edilmişdir. Bunu diqqətinizə çatdırmağı özümə borc bildim.
-Aşot Nersesoviç, biz qonağıq. Xahiş edirəm, məsləhət bildiyiniz kimi hərəkət edin.
-Minas Davidoviç, etibarınıza görə çox sağ olun. Çalışaram, ümüdlərinizi doğruldum. -Mübariz onlara çəpəki nəzər salıb göz vuraraq gülümsündü.
Anna söhbətə qoşulmur, valeh olmuş baxışlarla ətrafı müşahidə etməkdə davam edirdi. Diqqətlə baxdıqca restoranın dizaynında yeni bir element kəşf edir, indiyə qədər şahidi olduğu yaraşıqlı məkanlarla müqayisə etməyə çalışırdı. Mübarizin qonaqları nisbi sükutu pozmaq istəmir, ofisiantın yaxınlaşmasını gözləyirdilər. İnzibatçı onlara yaxınlaşıb gülümsəyərək şirin bir ləhcə ilə dedi:
-Aşot can, yeməkləri siz sifariş edirsiniz, yoxsa biz özümüz təşkil edək?
-Sizin gözəl zövqünüz var, əlbəttə siz təşkil etsəniz yaxşı olar. Qeyd edim ki, sizin personal barədə dostlarıma qısa formada məlumat vermişəm.
İnzibatçı təşəkkür edib mətbəxə yollandı. Hörmət əlaməti olaraq onların masasına xidmət üçün iki ofisiant ayırılmışdı. Ofisiantlardan biri yeməkləri mətbəxdən gətirir, digəri isə onları səliqə ilə masanın üzərinə düzürdü. Masanın üstünə qırmızı və qara kürü, soyutma və qızardılmış balıq məhsulları, müxtəlif çeşidli kolbasalar, salatlar, limonad və şirələr, meyvə-tərəvəz, vodka, konyak və viski qoyulmuşdu. Qısa zaman ərzində masa çox zövqlə bəzədildi. İsti yemək və kabablar isə mərhələli şəkildə təqdim ediləcəkdi. Bu zaman Anna üzünü Mübarizə doğru çevirib soruşdu:
-Aşot Nersesoviç, yeməyə başlamamışdan əvvəl şəkil çəkdirmək olar? Gərək fotokameranı özümlə götürərdim, unutdum mehmanxanada qaldı.
-Anna xanım, siz narahat olmayın, mən indi bir şey fikirləşərəm. -Mübariz ofisiantı yanına çağırıb qulağına nəsə pıçıldadı.
Bir neçə dəqiqə keçməmiş sinəsindən professonal fotokamera asılmış cavan oğlan onlara yaxınlaşıb bir neçə kadr çəkdikdən sonra fotoların iki saata hazır olacağını bildirib getdi.
Onlar yeməklərinə davam edir, Minas Davidoviç içkiləri qarışdırdığı üçün tez dəm olmuş və lovğalıq edirdi. Üzünü Mübarizə çevirib özünün necə bir adam olmasını bilmək üçün Annadan soruşmağı israr edirdi.
Anna stulun arxasından asılmış çantanı açıb nəsə axtarmağa başladı. O, darağı çıxardarkən halqaya taxılmış açarlar sıçrayıb döşəməyə düşdü. Halqaya biri böyük, digəri nisbətən kiçik iki seyf açarı və üzərinə dörd rəqəm həkk olunmuş kiçik dəmir lövhə taxılmışdı. Lövhə üzərinə həkk olunmuş 1962 rəqəmi onun diqqətini cəlb etdi. Minas Davidoviç nisbətən ayılmış, yaranmış vəziyyətə görə Annanı sərt baxışlarla məzəmmət edirdi. Mübariz Minas Davidoviçin sərt baxışları ilə Annanın məzlum baxışları¬nın toqquşduğu anı yaxalamışdı. Minas Davidoviç spirtli içkilərin təsirindən tam ayılmış, çöhrəsinə zəhm dolu bir əsəbilik çökmüşdü. Anna açarları yerdən qaldırıb çantanın dibində gizlətdi. Onun əllərinin titrəməsi və ürkək hərəkətləri Mübarizin gözündən yayınmamışdı.
Fotoqraf çap etdiyi fotoları təqdim edib, xoş istirahətlər arzulayaraq getdi. Fotoların gətirilməsi yaranmış gərginliyi nisbətən yumşaltdı. Zaman keçdikcə məclis öz axarına qayıdır, hətta Minas Davidoviç arada şit zarafatlar edirdi.
Artiq şənbə günü arxada qalmış, Mübariz qonaqlarına söz verdiyi kimi onları alış-veriş mərkəzlərinə aparmalı və şəhərin mənzərəli yerlərini göstərməli idi. Bu işləri həyata keçirmək üçün onun yalnız bazar günləri vaxtı olurdu. Qonaqlar isə növbəti həftənin cümə günü yola düşürdülər.
Mübariz şərtləşdikləri kimi qonaqlarla birlikdə şəhərin böyük ticarət mərkəzlərindən birinə yollandı. Seçilmiş ticarət mərkəzində çeşidlərin bol olması ilə yanaşı, həm də digər ticarət mərkəzlərinə nisbətən qiymətlər ucuz idi. Əvvəlcə hamısı bir yerdə gəzsələr də, Anna tezliklə onlardan ayrılıb, qadınlara aid malların satıldığı mağazaları gəzməyə başladı. Mübariz növbəti mağazaya keçərkən Annanın vitrin qarşısında dayanıb heyranlıqla tamaşa etdiyini gördü. O yaxınlaşıb Annadan soruşdu:
-Anna xanım, sizi nə valeh edib belə heyranlıqla tamaşa edirsiniz?
-Aşot can, saatlara baxıram.
-Xoşunuza gələni varsa xahiş edək, versinlər qolunuza bağlayıb baxın.
-Aşot, xoşuma gələn saat çox bahalıdır. Mənim maddi imkanlarıma uyğun deyildir.
-Hər halda saatı qola bağlamağa görə pul istəmirlər. –Mübariz gülümsünərək əlavə etdi. -Hansı saatdır xoşunuza gələn? Şəxsən mənim xoşuma bu saat gəlir. -O, şəhadət barmağını saatlardan birinə uzatdı.
-Aşot, zövqlərimiz üst-üstə düşür, həmin saat mənim də xoşuma gəlir.
Mübariz satıcıdan saatı onlara göstərməsini xahiş etdi. Anna saatı biləyinə bağlayıb qolunu bu və ya digər tərəfə çevirib diqqətlə saata baxırdı. İsveçrə istehsalı olan saatın baha olması ilə yanaşı, həm də çox gözəl görkəmi vardı. Saat Annanın zərif biləyində iki qat gözəl görsənirdi. O, saatı biləyindən açıb qaytararaq dedi:
-Aşot, saat həqiqətən gözəldir, amma mənim kifayət qədər pulum yoxdur ona görə də istəmirəm.
-Mən sizə kömək edərəm, xoşunuza gəlirsə götürün.
-Çox sağ olun, Aşot. Biz bir neçə gündür tanışıq sizdən belə bahalı hədiyyə qəbul edə bilmərəm, heç Minas Davidoviç də buna razı olmaz.
Mübariz dillənmədən Minas Davidoviçin yanına qayıtdı. Onlar alış-verişi tamamladıqdan sonra mehmanxanaya qayıdırdılar. Minas Davidoviç iki köynək və bir qalstuk, Anna isə kosmetika və parfum almışdı.
Həftənin əvvəli məşğələlər başladığı üçün Mübariz iki gün idi qonaqlarını görmürdü. Onlar artıq adaptasiya olunmuşdular. Şəhəri özləri gəzir, Mübarizin köməyinə ehtiyac duymurdular. O, təlimlərdən sonra yorğunluq hiss edib mehmanxanada şam edərək uzanıb televizora baxırdı. Birdən qapi döyüldü. Mübariz saat on ikinin yarısı olduğunu görüb bir qədər narahat oldu. O, qapını açarkən astanada Anna ilə üz üzə gəldi. Qız çox həyacanlı görünürdü. Mübariz onu içəri dəvət edib soruşdu:
-Anna xanim, nə baş verib? Minas Davidoviç haradadır? Siz nə üçün bu qədər həyəcanlısınız?
Anna Minas Davidoviçin piyan vəziyyətdə dalaşdığını və yarım saat bundan əvvəl polis tərəfindən həbs olunduğunu birnəfəsə söylədi. O, belə halların bir neçə dəfə İrəvanda da baş verdiyini əlavə edib, sual dolu nəzərlərlə Mübarizə tamaşa edirdi. Anna Mübarizin susduğunu görüb dedi:
-Aşot can, indi mən nə etməliyəm? -Anna özünü ələ almağa çalışsa da bacarmır, çox həyəcanlı görünürdü.
-Gecəyarısı nə etmək olar, Anna xanım? O, suala sualla cavab verib əlavə etdi. -Sizdən xahiş edirəm nömrənizdə istirahət edib, bir qədər sakitləşəsiniz. Sabah bir şey fikirləşərik.
-Yad ölkədə nə fikirləşmək olar, Aşot can? Biz burada kimsəni tanımırıq, üç gündən sonra evə qayıtmalıyıq, cibimizdə bir qəpik pul da qalmayıb.
-Anna xanım, mən sizdən xahiş edirəm özünüzü ələ alasınız. Biz həmyerliyik, mən sizi darda qoymaram. Pul məsələsinə görə isə narahat olmayın, nə lazım olsa mənə deyin.
Mübariz Annanı sakitləşdirib öz nömrəsinə yola saldıqdan sonra, sabah nə edəcəyi barədə fikirləşməyə başladı. Haçan yuxuya getməsindən xəbəri olmamışdı.
Səhər yuxudan oyanıb idman etdikdən sonra üzünü təraş edib səhər yeməyinə yollandı. Yolüstü Anna yatan otağın qapısını barmaqları ilə yüngül vurub onuda özü ilə yeməyə aparmaq istədi. İçəridən səs gəlmədiyini görüb yoluna davam etdi. Restorana daxil olarkən Annanın qəmli vəziyyətdə küncdə oturduğunu gördü. O özünə yemək tədarük edib Annanın yanında əyləşdi.
-Salam, Anna xanım.
Anna başının hərəkəti ilə onun salamını aldı. Annanın bədbin əhvalı ona pis təsir edirdi. Mübariz yeməkdən imtina edib ayağa qalxdı.
-Anna xanım, durun gedək.
Qız yazıq görkəm alıb büzüşərək könülsüz halda onun yanı ilə addımlayırdı. Minas Davidoviçin asanlıqla azad olacağına inanmırdı. Mübariz avtomobili birbaşa restorana sürüb, Annanın avtomobildə gözləməsini xahiş etdi. Təqribən yarım saatdan sonra Mübariz bir nəfərlə geri qayıdaraq avtomobilə əyləşib şəhərə doğru istiqamət aldılar. Şəhərin mərkəzində qapısına Vəkil kontoru yazılmış ofisin qarşısında dayandılar. Onlar avtomobildən düşüb kontora daxil oldular. Vəkillə tanışlıqdan sonra yanlarındakı şəxs geri qayıtdı. Problemi vəkilə izah edib, məsələnin həll olunmasında onlara kömək etməsini xahiş etdilər.
Vəkil polis işləyən dostuna zəng edib, Minas Davidoviçin saxlandığı məkanı aydınlaşdırdıqdan sonra polis məntəqəsinə yollandılar. Vəkil mövcud durumu öyrənmək üçün idarəyə daxil oldu. Anna Mübarizlə birlikdə avtomobildə gözləyirdilər. Vəkil problemi araşdırdıqdan sonra geri qayıdıb onlara məlumat verdi.
-Əziz qonaqlar, Minas Davidoviç Qriqoryan polisə müqavimət göstərdiyinə görə qırx səkkiz saat müddətinə həbs edilmişdir. Polis məmurunun dediyinə görə üç min dollar cərimə ödənilməsi müqabilində, ən tez həftənin dördüncü günü, axşam saat altıda azad edilə bilər.
Anna Mübarizin üzünə baxır, onun nə qərar verəcəyini səbrsizliklə gözləyirdi. Mübariz çantasını açıb bir dəstə pul çıxartdı. O, pulları sayıb üç min beş yüz dollar ayırıb vəkilə uzadaraq dedi:
-Mən sizə çox təşəkkür edirəm, beş yüz dollar özünüz üçün xidmət haqqı götürün, üç min dollar isə cəriməni ödəyin. Sizdən yeganə xahişim ondan ibarətdir ki, bu barədə heç kimə və heç yerə məlumat verilməsin.
-Oldu. Çalışacam sizin xahişiniz nəzərə alınsın. -Vəkil pulları götürüb işi çox olduğunu əsas gətirib, onu gözləməmələrini xahiş etdi. O, yarımçıq qalmış sənədləşməni tamamlamaq üçün təkrar polis məntəqəsinə yollandı.
Mübariz Anna ilə birlikdə mehmanxanaya qayıtdılar. Bir saatdan sonra Mübariz telefonun dəstəyini qaldırıb Annaya zəng etdi.
-Anna can, necəsiz? Yaxınlıqda xudmani bir kafe var. Etiraz etmirsinizsə sizi kofe içməyə dəvət edirəm.
-Aşot can, çox sağ olun. Böyük məmuniyyətlə kofe içərəm. Son günlər mən çox üzüldüm. Mənə elə gəlir ki, son hadisələrdən sonra bir qədər istirahət etmək olar. Mən necə geyinməliyəm? İdman stilində geyinmək olar? –Gözlənilməz təklif Annada çaşqınlıq yaratmışdı.
-Əlbəttə olar, Anna can. Havalar mülayim keçdiyi üçün özüm sizə yüngül geyinmək təklif etmək istəyirdim.
Mübariz idman kostyumunu geyinib, foyedə gözləyirdi. Bir qədər keçdikdən sonra Anna gəlib çıxdı. O, mavi köynək və tünd göy rəngdə idman şalvarı geyinmişdi. Dar şalvar onun qamətinə çox yaraşırdı. Mavi çalarlı idman ayaqqabıları əynindəki paltarlara çox yaraşırdı.
-Anna can, siz necədə gözəlsiniz. Lap olimpiya çempionlarına oxşayırsınız.
-Aşot can, komplementə görə təşəkkür edirəm. Düz buyrursunuz, axıra qədər idmanla məşğul olsaydım çempion ola bilərdim.
-Siz idmanla məşğul olmusunuz, Anna can?
-Bəli, Aşot can. Altı il bədii gimnastika ilə məşğul olmuşam. Aldığım zədədən dolayı məktəbi bitirdikdən sonra atam idmanla məşğul olmağa razılıq vermədi.
Onlar yaxınlıqdakı kafeyə yollandılar. Anna Mübarizdən icazə almadan onun qoluna girmişdi. Kafeyə çatıb yan-yana əyləşdilər. Sərin külək əsirdi. Buludlar günəşin qabağını bağladığına görə şimal küləyinin təsiri hiss edilirdi. Anna xəstələnməkdən qorxur, isinmək üçün Mübarizə sığınıb sol qolunu qucaqlamışdı. Bunu görən Mübariz dedi:
-Anna can, siz kofe için hər ikimiz üçün isti paltar gətirərəm.
-Aşot can, xahiş edirəm, stuldan asılmış isti idman gödəkçəmi gətirəsiniz. –O, otağın açarını Mübarizə uzatdı.
Mübariz açarı götürüb mehmanxanaya yollandı. Annanın çantasında gəzdirdiyi seyf açarlarının surətini çıxarmaq üçün əla fürsət yaranmışdı. O, açarların surətini çıxarmaq üçün əvvəlcədən hazırladığı vasitələri otağından götürüb Anna yaşayan nömrəyə daxil oldu. Qapını arxadan kilidləyib qulaq asdı. Dəhlizdən səs gəlmirdi. O, səliqə ilə açarların surətini çıxarıb təkrar öz otağına qayıtdı. Annanın idman gödəkçəsini götürməyi unutmamışdı. Açarların surətini paketləyib seyfdə gizlətdi. O, telefonun dəstəyini qaldırıb bir neçə rəqəm yığdıqdan sonra dəstəyi yerindən asdı.
Mübariz Annanın yanına qayıdıb əlindəki gödəkçəni ona uzadaraq soruşdu:
-Anna can, mənim üçün darıxmadınız?
-Nə üçün belə gec gəldiniz, Aşot can? Anna narahat halda suala sualla cavab verdi.
-Vəkil zəng etmişdi, onunla danışırdım. -O, soyumuş kofenin yenilənməsini xahiş etdi.
Mübariz həftənin dördüncü günü axşam saatlarında Anna ilə birlikdə Minas Davidoviç saxlanılan polis məntəqəsinə yollandı. Mübariz polis məntəqəsinə çatdıqda vəkilin onları gözlədiyini gördü. Vəkil onlarla hal-əhval tutduqdan sonra polis məntəqəsinə daxil oldu. Mübariz Anna ilə avtomobildə gözləyirdilər. Mübariz üzünü Annaya doğru çevirib yaranmış sükutu pozdu.
-Anna xanım, sizə bir sürpriz etmək istəyirəm.
-Nə sürpriz, Aşot can? Son günlərimiz başdan ayağa sürprizlərlə doludur.
-Anna xanım, mən ürək açan bir sürpriz etmək istəyirəm. -O, arxa oturacağın üstündəki bağlamanı götürüb Annaya uzatdı.
-Buyurun, Anna xanım.
-Aşot, bu nədir?
-Bilmirəm. Daha doğrusu bilirəm. Xahiş edirəm, bağlamanı açın, içərisinə birlikdə baxaq.
-Mən sizi başa düşmədim. -Annanı maraq bürüdü.
O, bağlamanin içərisində nə olmasından asılı olmayaraq Mübarizin ona qarşı olan diqqətini yüksək qiymətləndirirdi. Anna ehtiyatlı bir hərəkətlə bağlamanı açmağa başladı. Bir neçə gün əvvəl ticarət mərkəzində görüb bəyəndiyi saatı gördükdə iradəsindən asılı olmayaraq Mübarizi qucaqladı. O, Mübarizin başını iri sinəsinə sıxıb onu öpür, buraxmaq istəmirdi. Nəhayət, özünü ələ alıb dedi:
-Aşot can, mənim iyirmi yeddi yaşım var, lakin bu günə qədər mənə belə bahalı hədiyyə edən olmayıb. Çox sağ olun, təşşəkkür edirəm. Bilmirəm bu hədiyyənin əvəzini necə çıxacam. Hər halda siz vətənə qayıtdıqdan sonra Annanın nəyə qadir olduğunu görəcəksiniz.
Mübariz Annanın sarışın saçlarını tumarlayır, onu sakitləşdirməyə çalışırdı. Annanın gözlərindən axan yaş yanaqlarından süzülüb çənəsində dayanmışdı. Mübariz salfetlə onun göz yaşlarını silib dedi:
-Anna can, mən heç vaxt etdiyim hədiyyələrə görə kimsədən əvəz gözləməmişəm o cümlədən, sizdən gözləmirəm. Sadəcə olaraq saat çox xoşunuza gəlmişdi, istəmədim ürəyinizdə bir nisgil qalsın.
-Aşot, sizdən xahiş edirəm, bu hədiyyə barədə Minas Davidoviç bilməsin, qısqanclıq yaranmasını istəmirəm.
-Baş üstə, Anna xanım. Mən özüm sizə belə tövsiyə etmək istəyirdim. Yaxşı ki, məni qabaqladınız, siz məndən çox yaşayacaqsınız. -Mübariz gülümsündü.
Polis məntəqəsinin qapısı açıldı. İlk olaraq vəkil, ardınca isə Minas Davidoviç astanada göründülər. Minas Davidoviçin saqqalı uzanmış, gözə çarpacaq dərəcədə arıqlamışdı. Gözləri çuxura düşmüş və ətrafı qaralmışdı. O, buraxdığı səhvlərdən utandığı üçün başını yuxarı qaldırmırdı. Mübarizlə Anna avtomobildən düşüb Minas Davidoviçlə qucaqlaşdılar. Vəkil öhdəliyini yerinə yetirdiyi üçün vidalaşıb ayrıldı. Onlar Minas Davidoviçin azad edilməsini qeyd etmək üçün restorana yollandılar. Minas Davidoviç acgözlüklə yeyir, sanki həbsdə olduğu günlərin əvəzini çıxmağa çalışırdı. Yaşananları unutmaq üçün yenidən kifayyət qədər spirtli içki qəbul etmişdi. Gecə yarıdan keçsə də Minas Davidoviç yerindən durmaq istəmirdi. İçkili olmasına baxmayaraq qüssəli görsənir, başını qaldırıb yoldaşlarının üzünə baxa bilmirdi. Hava limanına yollanmağın vaxtı çatmışdı. Anna hər ehtimala qarşı paltar və əşyaları çamadanlara qablaşdırıb, Mübarizin avtomobilinə yerləşdirmişdi. Mübariz hesabı ödəyib çıxışa yollandı. Minas Davidoviç könülsüz olaraq onun arxasınca addımla¬yırdı.
Həmişə olduğu kimi hava limanında baqajların qəbulu üçün uzun növbə yaranmışdı. Mübariz sistem üzərindən birbaşa qeydiyyat apardığı üçün növbə gözləmədən baqajları təhvil verdilər. Ayrılmaq vaxtı çatmışdı. Mübariz ilk olaraq Minas Davidoviçlə qucaqlaşdı. Minas Davidoviç Annanın görüşməsinə şərait yaratmaq üçün ikinci mərtəbəyə qalxan eskalatora üz tutdu. O, eskalatora minib arxaya baxdı. Anna Mübarizin boynuna sarılmışdı.
***
Mübariz duş qəbul edib yatağa uzanmışdı. Son günlərdə cərəyan edən hadisələri gözünün qarşısına gətirir, olub yaşananları bir daha təhlil edirdi. Minas Davidoviç polis tərəfindən saxlanıldıqdan sonra Annadan bir çox məlumatlar öyrənmişdi. Annanın sözlərinə görə Minas Davidoviç güc nazirliklərindən birində xidmət rəisi vəzifəsində çalışırdı. Anna isə onun köməkçisi kimi fəaliyyət göstərirdi. Annanın hərbi rütbəsi baş leytenant, qırx iki yaşlı Minas Davidoviç Qriqoryan isə polkovnik rütbəsində idi. Mübariz Annanın zarafatından belə belə nəticə çıxarmışdı ki, yaxın zamanlarda Qriqoryanın general-mayor hərbi rütbə alması gözlənilir. Annanın içkili vəziyyətdə etdiyi zarafat belə nəticə çıxartmağa əsas verirdi. O, zarafatla demişdi ki, «Aşot siz onu polkovnik kimi yola salırsınız o, isə sizi İrəvanda general kimi qarşılaya bilər». Sözünə davam edərək bildirmişdi ki, kişilərin hərbi rütbələrinin yüksək olmasına baxmayaraq qadınlar, xüsusən köməkçilər nazirlikdə əsas söz sahiblərindəndirlər. Mübariz Annanın ahən¬gindən deyilən sözlərin zarafatdan çox həqiqətə oxşadığını hiss etmişdi.
Mübariz bu günlərdə özü üçün əsas tapıntı olaraq seyf açarlarının surətinin çıxarılmasını hesab edirdi. Ola bilsin həmin açarlar gələcəkdə onun gərəyi olmasın, lakin bunun əksidə mümkün olan bir variant idi.
Kursların tamamlanmasına bir həftədən az vaxt qalırdı. O, çox vaxt şəhərdə dolaşır, suvenirlər və kiçik hədiyyələr alırdı. Kurs yoldaşlarının kontaktlarını bir dəftərçəyə yazır, gələcəkdə qurula biləcək əlaqələrin təməlini indidən yaradırdı. Bu keçən dövr ərzində Luiza ilə dəfələrlə telefon əlaqəsi yaratmış, ona bəzi məsləhətlər vermişdi.
Nəhayət onun İrəvana yola düşmək vaxtı gəlib çatdı. Mübariz Annanın çoxsaylı xahişini nəzərə alıb uçacağı reys barədə ona məlumat vermişdi.
***
Budapeştdən qalxan təyyarə İrəvan hava limanında yerə endı. Avtobusun gəlməsini gözləməyən səbirsiz sərnişinlər ayaq üstə qapıların açılmasını gözləyirdilər. Nəhayət, sərnişinlərin çıxışına icazə verildi. Mübariz tələsmədən təyyarədən düşüb, avtobusa mindi. Bütün yaşananlardan dolayı içərisində böyük həyacan tüğyan edirdi. Mübariz özünü ələ alıb həyəcanı boğmağa çalışır, bir çox hallarda buna nail ola bilmirdi.
O, şagird olduğu vaxtlar müxtəlif fənn olimpiyadalarında iştirak etmək üçün dəfələrlə qədim Azərbaycan şəhəri olan İrəvanda olmuş, mərkəzdə azərbaycanlılar yaşayan məhlələrdə gecələmişdi. Erməni dili üzrə keçirilən müsabiqədə suallara düzgün cavab verməsinə baxmayaraq, təşkilatçıların yekdil qərarı ilə ikinci yerə layiq görülmüşdü. Əslinə qalsa o, uzun müddətdən sonra doğulub bö¬yüdüyü, on yeddi il yaşadığı dədə-baba torpaqlarına yeni keyfiyyətdə təkrarən qədəm basırdı. Digərləri kimi onun da bu torpaqda yaşamaq hüququ vardı. Azərbaycanlıların kompakt yaşadığı torpaqlarda, Türk millətinin nümayəndəsini tapmaq mümkün deyildi.
Mübariz pasport nəzarətindən keçmək üçün növbəyə dayandı. Növbəsi yetişdiyi üçün sənədləri şüşəli kabinədə oturmuş məmura təqdib edib gözləməyə başladı. Polis məmuru pasportu diqqətlə gözdən keçirib xüsusi skanerin köməyi ilə yoxlayıb bir daha Mübarizə nəzər saldı. O, gah Mübarizin üzünə, gah da pasportdakı şəkilə baxırdı. Polisin pasportdakı şəkilə diqqətlə baxması Mübarizi şübhələndirdi. Polis məmuru telefonun dəstəyini qaldırıb harasa zəng etdi. Polis yan tərəfə çevrildiyi üçün Mübariz onun danışığına qulaq asa bilmirdi. Polis Mübarizin pasportunu götürüb xidməti qapıdan çıxdı. Mübarizin ürəyi sinəsində qərar tutmur çırpınırdı. Polisin pasportu götürüb getməsi onu çox narahat edirdi.
-Görəsən polis məmuru nədən şübhələnib? Bəlkə pasportdakı şəkil heç mənə oxşamır? Pasportun həqiqiliyinə şübhə ola bilməz, yəqin şübhələndiyi başqa məqam var? -Mübariz özü özünə cavabı olmayan suallar verirdi.
Bir müddət ötdükdən sonra polis məmuri geri qayıtdı. Mübariz onun sifət cizgilərindən nə baş verdiyini anlamağa çalışırdı. O, özünə gəlməmiş polis arxasınca gəlməsi barədə ona göstəriş verdi. Mübariz artan həyəcanına qalib gəlməyə çalışır, bir söz demədən polis məmurunun arxasınca addımlayırdı. O toparlanmaq üçün vaxt qazanmaq istəyirdi. Bir qədər polisin arxasınca addımladıqdan sonra, Mübariz dayanıb dedi:
-Üzr istəyirəm, cənab kapitan. Yaxınlıqda harada tualet var? Əl üzümü yumaq istəyirəm, havalar çox istidir.
-Görmədiniz? Biz indi tualetin yanından keçdik. –Kapitan çevrilib arxada qalmış tualetin yerini ona göstərdi.
-Təşşəkkür edirəm, mümkünsə, məni beş dəqiqə gözləyin. –Mübariz tualetə getdi.
O yaxınlaşıb güzgüdə özünə tamaşa etdi. Həyacandan sifəti ağarmış, göz qapaqları səyriyirdi. Emosianal yorğunluq onu üzmüşdü. Həddindən artıq yorğun görsənirdi. Başının arxasından, onurğa sütunu boyunca tər axırdı. O, üzünü yuyub yaş əlləri ilə saçlarına daraq çəkdi. Əl-üzünü salfetlə qurulayıb çölə çıxdı. Soyuq su öz təsirini göstərmiş, ürək döyüntüləri nisbətən azalmışdı. Onu gözləyən polisə yaxınlaşdı.
-Gedə bilərik? –Polis kapitanı soruşdu.
-Bəli. –Artıq Mübariz özünü ələ almışdı.

Ardı var…